Bu gün Misli Premyer Liqası təmsilçilərindən "Kəpəz" və "Karvan-Yevlax" arasında yoxlama oyunu keçirilib. Yevlax şəhər stadionunda baş tutan qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb (0:0). Sport24.az xəbər verir ki, matçdan sonra "Kəpəz"in baş məşqçisi Azər Bağırov oyunla bağlı fikirlərini bölüşüb.
Mütəxəssis görüşün yaxşı keçdiyini, gənclərin və yeni transferlərin performansından razı qaldığını bildirib. O, bununla da təlim-məşq toplanışının yekunlaşdığını vurğulayıb:
"Oyun yaxşı keçdi. Bu matçda da gənc futbolçulara və yeni transferlərimizə şans verdik. Yaxşı təsir bağışladılar. Bununla da təlim-məşq toplanışını başa vurduq. Bir günlük istirahətdən sonra "Qarabağ"la oyunun hazırlıqlarına başlayacağıq. Mövsümün qalan hissəsində daha yaxşı çıxış edib, xallar qazanmağa çalışacağıq".