- Təyinatınızla bağlı ilk sualı fərqli qoyacam. Ayxan Abbasov AFFA prezidenti olsaydı, Ayxan Abbasovun U-21-ə təyinatını istəyərdi?
- Maraqlı sualdır. Bugünkü gün təhlil etsək, Ayxan Abbasovun U-21-ə təyinatını fikirləşərdim. ilk olaraq burda gənc futbolçularla çalışmaq və Premyer Liqa təcrübəsini götürsək, məncə, U21-də buna ehtiyac var. AFFA-nın prezidenti olsaydım, namizədlərimdən biri olardım.
- AFFA rəhbərliyi ilə görüşdə hansısa hədəflər haqda söhbət oldu?
- Geniş fikir mübadiləsi oldu. Tək U21-i yox, gənc futbolçuları müzakirə etmişik. Nələr edə bilərik, nələri qazana bilərik. Reallığı danışsaq, biz həm nəticə istəyirik, həm də əsas milliyə oyunçuların çoxalmasını. Əlbəttə, çox istəyərik ki, millimizə futbolçu verməkdə körpü rolunu oynayaq. Digər tərəfdən biz yığmaya iki tskillıq baxmaq istəyərik. Tək 2004-2005 yox, 2006-2007 təvəllüdlü futbolçulardan ibarət milli formalaşdırmağı da istəyirik. Əlbəttə, qələbə qazanmaq istəyirik, məğlub olmamaq istəyirik. Amma nəticəni fikirləşməzdən öncə strukturlu komanda qurmaq istəyirik. Düzgün yol taparaq, həm yuxarı, həm də aşağı yaş milli ilə əlaqələri çoxaltmaq istəyirik.
- "Şamaxı"nın U21-in bazası olacağına dair məlumatımız var. Struktur necə qurulucaq? Premyer Liqa klubları ilə razılığa gəlinib ki, "Şamaxı" kimi istəsə, icarə əsasında futbolçuları verəcəklər?
- Bu dəqiqə mənim "Şamaxı" ilə müqaviləm var. İlk olaraq klubla razılığa gəlməliyik. Bəli, "Şamaxı" bu məsələyə isti baxır. Rəhbərlik klubda gənc futbolçuların oynamasına yaxşı baxır. Müzakirə etmişik, bu dəqiqə qərar yoxdur. Ən azı yaya qədər iki yerdə işləməyə davam edəcəm. Bildiyiniz kimi, U-21 millimizin Antalyada toplanışı var. İki yoldaşlıq görüşümüz olacaq. Qısa vaxtda bunun üzərində çalışırıq. Əgər "Şamaxı"da qalaramsa, sırf gənc futbolçuların oynaması mövzusu yoxdur. "Şamaxı" müstəqil klubdur, amma fikrimizdə ola bilər ki, heyətdə gənclər çoxlu təşkil etaun. Əlbəttə, legionerlər də olacaq, yaşlı futbolçular da. AFFA tərəfindən klublara təzyiq ola bilməz, çünki müstəqildilər. müstəqildir. Bilirsiz ki, 2004, 2005, 2006, 2007-ci il futbolçular Premyer Liqada az şans qazanırlar. Say hesabı ilə desək, 6-7 oyunçudan çox olmur. Onlardan mütəmadi oynayan 3 uşaq ola ya olmaya. Bəlkə də klublar bu məsələyə isti baxar. Mən sevinərəm ki, klublar desin 21 yaşdan gənc futbolçular bizə lazımdır. Bu, iddialı komandalarda olarsa, məni daha çox sevindirər. Çünki avrokuboklara və çempionluğa oynayan klublarda inkişafları daha sürətli gedər. Amma həmin oyunçuları fikirləşməsələr, təbii ki, icarə əsasında "Şamaxı"ya gəlməklərinə isti baxarıq. "Şamaxı" rəhbərliyi U21-də işləməyimə etiraz etmədi. Əksinə, çox yaxşı qarşıladılar. Əlbəttə, yaya qədər müzakirələr açıqdır: həm komandanın maraqlarını, həm gənc futbolçuların maraqlarını. Ümumən Azərbacan futboluna töhfə vermək istəyirik. Mütəmadi oynamaq, bir yerdə olmağın məncə, xeyri olar. Əlbəttə, klublara müraciət edə bilərik. Klubları isti baxarsa, canla-başla gənc futbolçuları icarəyə götürərik. Yox, komandaların özlərinə lazım olarsa, heç kim heç nə deyə bilməz. Çalışacam ki, U21-də oynayan futbolçular olsun. Oyun praktikası vacibdir. Bu nə dərəcədə real olacaq, zaman göstərəcək.
- U-21 yığmamız ən uğurlu dövrlərin məhz "Şəfa" komandasının ətrafında formalaşanda keçirib. Siz də U-21-ə 100-ə yaxın oyun keçirdiyiniz həmin klubdan cəlb olunmuşdunuz. "Şəfa" ilə paralel aparsaq?..
- "Şəfa" mövzusu əladır. Bunu müzakirədə qeyd etmişdim. Mən xatırlatma edim ki, "Şəfa"dan tək U21-ə yox, hətta, əsas yığmaya da çoxlu futbolçu gedib. Zaur Tağızadəni, Ruslan Musayevi,Emin İmaməliyevi, Aftandil Hacıyevi, Cahangor Həsənzadəni xatırlasaq, çox şeydən sanışmış olarıq. Adların saydığım futbolçular özlərindən iki yaş böyüklərlə oynayırdılar və hansı ki, 1979-cu il təvəllüdlü futbolçuların vaxtı gələndə Zaur Tağızadə əsas komandanın heyətinə cəlb olundu. Bu gün aşağıdan oyunçular gəlməlidir. Futbolçular oynamasa, artırmayacaqlar. Rüfət Abbasov və Edqar Adilxanov "Şamaxı"da oynamasaydı, artırmayacaqdılar. "Sabah"ın futbolçusu Xəyal Əliyev oynamasaydı, milli komandaya getməyəcəkdi. Bəli, yaxşı müqayisədir. Bu gün "Şəfa" kimi komandaların sayı çox olsa, Azərbaycan futboluna xeyir verəcək. Bütün klublar avrokuboklara oynaya bilməz. Bu gün "Şamaxı" və AFFA rəhbərliyi düz fikirdədilər. Reallaşdıra bilsək, xeyri olacaq. Əlbəttə, çətin işdir, dərk edirik. Yeni cavan oyunçular meydana çıxara bilərlər.
- Həm "Şamaxı"da, həm də milidə işləmək hansınsa cəbhənin büdrəməsinə təsir edəcək?
- Asan iş yoxdur. Yükün altına girəndə bilirik bizi nə gözləyir. Məşqçi olaraq aktiv məşqçi oluram. İki tərəf axsamasın deyə "Şamaxı"da qalaramsa, əlbəttə, bölgümüz olacaq. Yayda təlim məşq toplanışı olsa, klublar həmin zamanda istirahətdə olur. Sentyabr, oktyabr və noyabrda iki oyun var, bu da hardasa 10 gün edir. Mili komandanın seleksiya işlərində köməkçilər istəyəcəm. İşləri bölməklə ağır olsa da, inanıram öhdəsindən gələcəyik. Onsuz da uğursuzluq bir yerdə işləyəndə də olur. Premyer Liqada komandalar var ki, qarşılarına qoyulan məqsədə çata bilmirlər. Orda da məşqçi iki yerdə işləmir ki!? İşi düzgün qursaq, məncə, heç bir problem olmayacaq. Müsbət məqamlar olsa da, mənfilər də var. Mən seçdiyim heyətə inanıram. Fikirimdə olan məşqçilər var. "Şamaxı"da da məşqçi heyətini böyütmək istəyirəm. Bir ay ərzində müzakirə edib qərarlar verəcəyik.
- Qrupdakı rəqiblərimiz məlumdur. Təbii ki, favorit Portuqaliya yığmasıdır, amma qrupda Cəbəllütariq də var. Başqa hansısa komandanı qabaqlamaq şansımız var?
- Keçmişdə xallar qazanmamışıqsa, o demək deyil ki, biz də qazanmalı deyiilk. Çalışacam bəhanələrdən uzaq olum. Futbol ictimaiyyəti bilir ki, hansı səviyyədəyik. U-18-də, U-19-da uğurlu çıxış edəndə 1-2 il sonra 21 yaşlı milliyə gəlir. Futbolçular Avropa arenalarında uğurlu çıxış edəndə avtomatik 21 yaşda istənilən rəqibə qarşı mübarizə aparmaq problem olmur. Rəqiblərin adına görə qiymət veririk. Əlbəttə, Portuqaliya qrupda favoritdir. Bolqarıstan yığması keçən il indiki yaşa düşən futbolçularla oynayıb. Deməli, əla təcrübəylə gələcəklər. Biz də hardansa başlamalıyıq. Futbolçularımızda fikir yaratmamalıyıq ki, kiməsə qalib gələ bilmərik. İlk öncə milli ruhu artırmalıyıq. Oyunçular bilməlidir ki, A milli komandanın qapısının həndəvərindədilər, içəri girə bilərlər. Bunun üçün çox çalışmalıyıq. Qrupdakı rəqiblərin hansınasa qalib gələndə futbolçularda ruh yüksəkliyi ola bilər. Mən U21-də futbolçu kimi çıxış edəndə böyük komandalardan xallar alırdıq. Düzdür, o vaxtlar başqa arqumentlər var idi ki, bütün futbolçular Premyer Liqada oynayırdı. İsveçrə və Türkiyə yığmaları üzərində qələbələr qazanılıb. Bu gün gənc futbolçularımız nə qədər də desək, yaxşı komandalardadı, yaxşı şəraitləri var. Bir çox ölkədən pis deyilik. Futbolda udmaq da var, uduzmaq da. Çəkinib udmaqdansa, çəkinməyib uduzmasaq yaxşıdır. Azarkeşlərimizi sevindirməyə borcluyuq.
- Maraqlı detala toxundunuz. Uzun illərdir milli ruh məsələsinə media çox həssas yanaşır. Ayxan Abbasov tələb edəcəkmi ki, bütün futbolçular himni ifa etsin?
- İlk tələbim bu olacaq. Çalışacam ki, U-21-də olan futbolçuların milli ruhu yüksək olsun və əsas yığmaya gedəndə hər bir futbolçu dərk etməlidir ki, Azərbaycanın gerbi olan formanı geyinəndə nə deməkdir. Bunu başa düşməyən futbolçu bizə xeyir verə bilməyəcək. Bəzi fikirlərim var, futbolçulara da kömək etmək lazımdır. Planımızda var, həmişə onu fikirləşmişəm. Allah nəsib edər, fikirlərimizi həyata keçirərik. İlk növbədə vacib olan milli ruhun olmasıdır.
CEYHUN ƏLİYEV