"Qrupumuzda 3 xal götürə biləcəyimiz milliyə qarşı oynayırıq. Qələbə qazanmaq ehtimalımız yüksəkdir". Bu sözləri Sport24.az saytına açıqlamasında Aslan Kərimov deyib.
Kərimov oyunun başlamasına saatlar qalmış şansları dəyərləndirib: "Estoniyanı zəif hesab etmirəm, amma yuxarı-aşağı eyni səviyyədə yığmalardı. Oyun üslubuna nəzər yetirsək, daha çox müdafiəyə diqqət edən komandadı. Çox güman meydana 4-4-2 düzülüşü ilə çıxacaqlar. Fikrimcə, Estoniyaya qarşı daha çox hücumameyilli oyun numayiş etdirəcəyik. Fernando Santuş harda işləyibsə, nəticəyə önəm verib. Yəni, gözəl oyun onun üçün önəmli deyil. Bu baxımdan bir hücumçu ilə çıxış edəcəyik. Forvardlarımız Estoniyanın kompakt müdafiəsini yarmaq iqtidarındadı. Onların əks və cinah hücumlarına diqqət etməliyik. Standart vəziyyətlər də bizim üçün çox təhlükəli olacaq. Qol şanslarımız olacaq. Müdafiədə necə oynayacağıq? Bu mənim üçün sual doğurur. Öncəki matçlara baxsaq, top itkisindən sonra qapımızda qol görürük. Ancaq millimizdən qələbə gözləyirəm. Əks təqdirdə qrupda 4-cü olacağıq ki, bu da uğursuzluq sayılacaq".
Qeyd edək ki, bu gün keçiriləcək Estoniya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.