"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 10-cu turunda qarşılaşacaqları "Hall Siti"nin çıxışını yüksək qiymətləndirib.
İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis rəqibinin çətin oyunlarda nümayiş etdirdiyi futbolun onun Premyer Liqada oynamağa layiq olduğunu göstərdiyini bildirib.
"Hall Siti"nin keçdiyi yol inanılmazdır. Onlar bir sıra çətin qarşılaşmalarda təsirli oyunları ilə Premyer Liqada çıxış etməyə layiq olduqlarını göstəriblər. Sabah rəqibdən nə gözləməli olduğumuzu futbolçularla müzakirə etmişik. Məqsədimiz qələbə qazanmağın yolunu tapmaqdır", - deyə Arteta söyləyib.
"Arsenal"ın çalışdırıcısı komandasının hücum futbolunu davam etdirmək niyyətində olduğunu da vurğulayıb:
"Sabah yenidən hücumameyilli oyun sərgiləmək istəyirik. Hazırda hansı tempdə olduğumuzu bilirik və bunu daha da artırmalıyıq. Xüsusilə milli komandaların oyunları ilə əlaqədar fasilədən əvvəl bu, çox vacibdir. Çünki noyabr və dekabr aylarından sonra bizi nələrin gözlədiyini anlayırıq".
Qeyd edək ki, "Arsenal" - "Hall Siti" qarşılaşması bu gün Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.