Argentinanın mərkəzi bankı əfsanəvi futbolçu Dieqo Maradonanın DÇ-1986-da İngiltərəyə vurduğu məşhur qolu xatırladan simvolik sikkə təqdim edib.
"Report" xəbər verir ki, bu barədə bankın mətbuat xidməti məlumat yayıb.
Sikkənin arxa tərəfində Maradonanın DÇ-1986-nın 1/4 finalında İngiltərə (2:1) millisinin qapısına vurduğu qol ərəfəsindəki irəliləyiş trayektoriyası təsvir olunub. Hücumçu sözügedən görüşdə topu meydanın mərkəzindən apararaq qələbə qolunu vurmuşdu.
2026-cı ildə keçiriləcək dünya çempionatına həsr olunan sikkə 925 əyarlı gümüşdən hazırlanıb və 10 dollarlıq nominal dəyərə malikdir.
Qeyd edək ki, Argentina millisi DÇ-1986-nın qalibi olub. DÇ-2026 iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Meksika və Kanadada keçiriləcək. Turnirdə ilk dəfə 48 komanda iştirak edəcək.