"Şaxtyor"un baş məşqçisi Arda Turan Çempionlar Liqasının liqa mərhələsinin dördüncü turunda "Sportinq"ə qarşı keçirilən oyundan (0–1) sonra hakimliyi sərt tənqid edib. Sport24.az xəbər verir ki, türkiyəli mütəxəssis bu barədə mətbuat konfransında danışıb:
"Həyat mənə bir şeyi öyrədib. Yalnız təsir edə biləcəyin məsələlərə diqqət yetir. Bununla belə, səmimi desəm, "Sportinq" - "Qalatasaray" qarşılaşmasında VAR hakimləri portuqaliyalıların xeyrinə penalti vermək üçün bəhanə axtarırdılar. Onlar təmasın gücünü diqqətlə araşdırır, bunun penalti təyin etmək üçün kifayət olub-olmadığını müəyyənləşdirməyə çalışırdılar.
Bu gün isə, fikrimcə, eyni məqamı qiymətləndirərkən, onlar əksinə, penalti "verməmək" üçün səbəb axtarırdılar. Hər ikimiz bilirik ki, bu, penalti idi. Onlar da bunu bilirlər. Amma mənə elə gəlir ki, bu italiyalı hakimlər hər şeyi bildiklərini düşünürlər – və bu, yenə də mənim təsir edə bilmədiyim bir məsələdir. Belə ədalətsiz hallara verdiyim reaksiyalara görə dəfələrlə ağır bədəl ödəmişəm. Bunun mənim üçün ciddi fəsadları olub. Məhz buna görə də, bütün enerjimi həmişə meydanda baş verənlərə yönəltməyə çalışacağam – çünki biz orda ən yaxşısı olmalıyıq. Yəni, necə baxırsan bax, bu, çox ağrılıdır. Və düzünü desəm, onlar utanmalıdırlar".
Qeyd edək ki, "Şaxtyor" "Sportinq" matçının 73-cü dəqiqəsində qonaqların mərkəz müdafiəçisi Eduardo Kuaresma ilə "Şaxtyor"un sağ cinah müdafiəçisi Vinisius Tobias arasında mübarizə baş verib və nəticədə "Şaxtyor" oyunçusu rəqibin cərimə meydançasında yerdə qalıb. VAR hakimi italiyalı Marko Di Bello idi. Ona həmyerlisi Daniele Çiffi kömək edirdi.