"Araz-Naxçıvan" futbol komandası Misli Premyer Liqasında son dörd mövsümün antirekordunu təkrarlayıb.
İdman.Biz Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Muxtar Respublika təmsilçisi çempionatın ilk dövrəsini qələbəsiz başa vurub.
Naxçıvan klubu keçirdiyi 11 qarşılaşmada dörd heç-heçə edib və yeddi dəfə məğlub olub. Komanda cəmi dörd xal toplayıb.
Son dörd mövsümdə ilk dəfə Premyer Liqanın iştirakçılarından biri çempionatın startında ardıcıl 11 oyunda qələbə qazana bilməyib.
Sonuncu dəfə belə uğursuz seriya 2022/23 mövsümündə qeydə alınıb. Həmin vaxt "Sumqayıt" və "Şamaxı" ilk 11 turda qələbəyə həsrət qalıblar.
Maraqlıdır ki, dörd il əvvəl hər iki komanda "Araz-Naxçıvan" kimi 11 görüşdə cəmi dörd xal toplayıb.