"O vaxt futbola başqa cür baxırdıq. 1950-ci illərin sonlarında stadiona biletsiz daxil olmaq üçün hasarlardan tullanırdıq, işçilərin mazut çəkməsinə məhəl qoymurduq. Stadionda yer olmadığından pilləkənlərdə otururduq".
İdman.Biz xəbər verir ki, bu sözləri Azərbaycanın futbol mütəxəssisi Ağasəlim Mircavadov futbolinfo.az saytına müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– Bakının hansı məhəlləsində böyümüsünüz? Uşaq illəriniz harada keçib?
– 1947-ci ildə Bakının Aşağı Dağlı məhəlləsində, "Sovetski"nin aşağı tərəfində anadan olmuşam. 1957-ci ildə Nərimanov prospektinə köçdük. Həmin ərazidə çoxlu meydançalar var idi, lakin indi onların yerində binalar tikilib. Günümüz orada keçirdi. Stadionun meydançası kiçik olsa da, torpaq örtüklü 11/11 oyun keçirmək mümkün idi.
– Elə idmana marağınız da oradan başladı…
– O vaxt bütün Bakı uşaqları idmana bağlı idilər, əsasən futbolla məşğul olurdular. Voleybol və güləş də populyar idi. Bəzən kimsə köhnə "Spartak" stadionuna gedib yoldaşlarını da aparırdı.
– Siz də futbolu seçdiniz…

– 1959-cu ildə məktəblər arasında yarış keçirilirdi. Stadionun meydançası 1 nömrəli internat məktəbin nəzdində idi, mən isə 31 nömrəli məktəbdə oxuyurdum. Oyundan sonra bir kişi, bizi futbol oynamağa dəvət etdi - sonra məlum oldu ki, o, Yuri Kuznetsovun atası Konstantindir. Səhəri stadiona getdik, top verdilər və oyun oynamağa başladıq. Bizi izləyib qəbul etdi, qəbuldan sonra müəllimim rəhmətlik Ənvər Quliyev oldu.
– Bəs "Neftçi"yə necə düşdünüz?
– 1965-ci ildə 11-ci sinifdə oxuyarkən Ələkbər Məmmədov adına turnir keçirildi. "Spartak" stadionunda keçirilən yarışa Azərbaycanın bölgələrindən komandalar qatıldı, "Neftçi"nin baş məşqçisi Vasili Sokolov kənardan izləyirdi. Oyunlardan sonra məni, Əli Rəhmanovu, Arif Həmzəyevi və Gülağa Quliyevi götürmək istədiyini bildirdi. İki gün sonra ərizə verib "Neftçi"yə götürüldük, hərəmizə o vaxtın pulu ilə 60 rubl maaş təyin olundu. Həmin vaxt qəzetlərdə bu hadisəyə "Azərbaycanda futbol inqilabı" başlığı qoyulmuşdu.
– Bilirəm ki, "Neftçi"də çox qərarlaşa bilməməyinizə səbəb zədələr olub. Amma yenə də fikrinizi bilmək istərdim: "Neftçi" karyeranız necə keçdi?
– O vaxt futbola başqa cür baxırdıq, məqsədimiz "Neftyanik"də oynamaq idi və bu böyük şərəf sayılırdı. 1950-ci illərin sonlarında stadiona biletsiz daxil olmaq üçün hasarlardan tullanırdıq, işçilərin mazut çəkməsinə məhəl qoymurduq. Stadionda yer olmadığından pilləkənlərdə otururduq. Ümumi karyeram SSRİ şəhərlərində oynamaqla keçdi, rəqabət yüksək idi. 22 yaşımda ciddi diz zədəsi aldım, Bakıda müalicə alınmadığı üçün Moskvada əməliyyat olundum. 1968–1971-ci illərdə isə sadəcə komandada qaldım, yalnız lazım olan oyunçuları saxlayırdılar.
– Nə vaxt məşqçi olmaq ürəyinizdən keçdi?
– Futbol karyeramın sona çata biləcəyini hiss edirdim, ona görə məşqçiliyə yönəldim. "Neftçi"də oynayanda Politexnik İnstitutuna da daxil olmağı planlaşdırmışdım, amma futbol buna imkan vermirdi. 1967-ci ildən sonra köhnə "Neftçi" bazasına köçdük və Valentin Xlıstovla baş məşqçimiz Əhməd Ələsgərovdan çox şey öyrəndim. "Avtomobilçi" klubunda uşaqlarla işlədik, oradan Samir Ələkbərov və İqor Ponomaryov kimi oyunçular çıxdı. Sonra Əli Əbilzadə və Xlıstovla işlədim, Mingəçevirdə iki il fəaliyyət göstərdik və Moskvada Məşqçilər Akademiyasında təhsil aldım (1982). Təhsilimi başa vurandan sonra federasiya vasitəsilə "Neftçi"yə qayıtdım və 1985-ci ilin sonuna qədər komanda ilə çalışdım. 1986-cı ildə qısa müddət "Gənclik"də, ilin sonunda isə Aleksandr Sevidovun köməkçisi və sonra baş məşqçi kimi "Neftçi"də işlədim.
– Və "Neftçi"nin son 12 ili ərzində ən yaxşı yeri siz tutduz…
– 1989-cu ildə "Neftçi"dən ayrıldıqdan sonra uşaqların millisi ilə 6 ay çalışdım. 1990-cı illərin sonunda idman nazirliyində futbol şöbəsinin müdiri Rauf Adıgözəlov məni "Qarabağ"a dəvət etdi. O vaxt Ağdam klubu çempion idi və yeni çempionatda iştirak etməli idi. Stadion kiçik olduğundan təmir olunmasını təklif etdim. Çempionatda 5 Ukrayna, 4 Belarus, 3 Moldova və bir Nalçik "Spartak"ı oynayırdı, biz isə Ağdam, Gəncə və Qazax klubları ilə mübarizə aparırdıq. Gərginlik artdıqca bəzi komandalar gəlməkdən imtina etdi. Biz 4-5-ci yeri tutduq və "Neftçi" Səttar Əliyev, Elşad Əhmədov və Müşfiq Hüseynovu apardı. SSRİ dağıldıqdan sonra onlar yenidən Ağdama qayıtdı və Azərbaycan birinciliyinə qoşulduq.

– Qısa zamanda "Qarabağ"la Azərbaycan çempionu olacağınızı düşünürdüz?
– Məni daha çox sevindirən güclü komandanın 5-6 oyunçusunun Ağdam uşağı olması idi. Azərbaycan çempionatında Bakıdan 2-3 uşağı dəvət etdik. Dövrlər çox ağır idi, stadiona mərmilər düşürdü, Bakının "İnşaatçı" klubu ilə oyunda şar partladı, rəqib komanda qorxmuşdu. Sonralar Mingəçevirə köçdük, oyundan-oyuna Ağdama gedirdik. Bir gün "Qrad" mərmisi düşdü, yerində çala yarandı. Uşaqların köməyi ilə boşluğu doldurduq, torpaq ot verdi və oyun keçirildi.
– Milli komandadan təklif necə gəldi? Həmin anı xatırlayırsınız?
– O vaxt "Qarabağ"da işləyirdim. Böyüklər Kazbek Tuayevi yığmanı çalışdırmasını istəsə də, o və Ruslan Abdullayev imtina etdilər. Fuad Musayev təklifi mənə verdi, qəbul etdim, amma pul almırdım. İsrail millisi ilə eyni qrupa düşdük, müharibə səbəbindən UEFA neytral oyun yeri təyin etdi və Trabzonu seçdik. Şərait yaradıldı, amma azarkeş toplaya bilmədik.
– Həmin tsikldə Fransaya 0:10 hesablı məğlubiyyəti karyeranızın ən pis matçı saymaq olar?
– Deməzdim. Həmin oyunun icmalını izləsəniz görərsiniz ki, komandamız dörd real qol vəziyyəti yaratdı. Sadəcə, onlar haradan gəldi qol vururdular. Qapıçını da dəyişdim, yenə xeyri olmadı. Alınmadı, nə deyim, qismət…

– "Şəmkir"i necə əzəmətli komandaya çevirdiniz?
– U-21-də işləyərkən "Şəmkir"in sahibi Şahbaz Süleymanov mənimlə razılaşdı ki, işimə qarışmasın. Bölgədə şərait ideal deyildi: otel soba ilə isidilirdi, yemək kiçik kafedə verilirdi, stadion bərbad vəziyyətdə idi. Buna baxmayaraq, Şəmkir camaatı futbolu sevirdi və bizi dəstəkləyirdi.

– Ağasəlim müəllim, "Skonto"nu keçəcəyinizə inanırdınız?
– İmkanımız olsaydı, daha çox irəliləyərdik. Çünki bizə xeyli keyfiyyətli oyunçu lazım idi. Biz hazırlığı Bakıda keçdik. "Skonto" ilə oradakı oyunun sonlarına qədər hesab 1:1 idi, sadəcə axırda qapımıza penalti təyin olundu. Bakıda da qalib gəlib mərhələ adladıq. Heyətimiz geniş olsaydı, daha 2-3 mərhəni keçə bilərdik.
– "Neftçi" ilə "Xəzər Lənkəran"a qarşı "Qızıl oyun" karyeranızın ən ajiotajlı və sterssli matçı sayıla bilər?
– Karyeramın ən ajiotajlı oyunu "Neftçi"nin Moskvada Birlik Kubokunda "Pünik"ə qarşı oyunu olub. Özü də ağır gündə, yanvarın 19-da. Bu, əsl "ölüm-dirim" oyunu idi. Həmin oyunda hər şey ola bilərdi. Səhəri faciəvi günün ildönümü idi. Mən ailəmlə hər il yanvarın 20-də Şəhidlər Xiyabanına gedirəm. Həmin oyundan sonra evlə əlaqə saxladım, soruşdum "Bakıda vəziyyət necədir", dedilər ki, "çoxusu gülürdü, bütün ölkə dünənki oyunun təsiri altında idi". Həmin oyun axşamı, futbolçularım məsuliyyət hissinə görə səhərə qədər yatmamışdılar. Sağ olsunlar, qəhrəmancasına oynayıb qalib gəldilər.
– Bəs "Qızıl oyun"da əhval-ruhiyyə necə idi?
– O bir oyun idi. Sadəcə, əsas oyun idi. 10 aylıq əziyyətinin bəhrəsini görməli idin. Şükür Allaha, onu bacardıq. Amma bu görüşə hazırlıq adi qaydada oldu.

– Bəs niyə "Xəzər Lənkəran"dan sonra sizə heç bir klubun "sükan"ı təklif olunmadı?
– Mən onu deyə bilmərəm. Onu deyə bilərəm ki, hara getmişəmsə, kişi kimi anlaşıb işləmişik. Rəhbərliklə pul söhbəti etməmişəm. Kim mənim haqda başqa nəsə fikirləşirsə, yanılır.
– "Neftçi"nin 1966-cı ildəki heyəti güclü idi, yoxsa indiki "Qarabağ"?
– Əlbəttə,1966-cı ilin "Neftçi"si. Özü də həddindən artıq güclü idi. O dövrün uşaqları hamısı Azərbaycanda yetişən uşaqlar idi. "Qarabağ"da isə əsas işi legionerlər görür. Fərq həddindən artıq böyükdür.

– Sizcə, "Neftçi" artıq Azərbaycan futbolunun flaqmanı statusunu itirib?
– "Neftçi" həmişə flaqman olmalıdır. Hazırda ziyalı azarkeşlərini itirib, halbuki onlar böyük qüvvədir. 1960-cı illərdə oyunları izləməyə Niyazi və Bəşir Səfəroğlu gəlirdi; bilet almaqdan əlavə, azarkeşə hörmət göstərilirdi. Futbolçular meydana ürəklərini qoymalıdır, uduzmaq olar, amma ünsiyyət vacibdir. "Neftçi" imicini bərpa etmək üçün əvvəlcə öz oyununu düzəltməlidir.

– Hazırda AFFA-da çalışdığınız və "ağsaqqallıq etdiyiniz" Məşqçilər Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?
– Biz AFFA rəhbərliyinə çox layihələr və planlar təklif etmişik. Məsələn, son bir neçə ayda konkret 3 layihə təqdim etmişik. Hazırda federasiyada keçid dövrüdür, onlar da işləyirlər. Məsələn, komandaların sayı, əvəzedici çempionatın qalması, I və II Liqaların oxşar vəziyyətə gətirilməsi, Region Liqasında komanda sayının artırılması… Bunların hamısını yazıb vermişik. Yenə də hər şey gəlib şəraitə çıxır.
– Sizin yazdıqlarınıza baxırlar, sizlə hesablaşırlar?
– Veririk, ünsiyyət qururuq… Biz sadəcə tövsiyyə veririk. Nəticəsini də görürük. İstərdik ki, daha yaxşı olsun.
– Sizcə, limit niyə ləğv olundu?
– Legioner limitinin ləğvi labüd idi, amma buna qədər klubları hazırlamaq lazım idi. Məncə, 1 il də gözləmək daha yaxşı olardı. Klub buna hazırlaşmalı idi. Amma bir çox klublarımız buna hazır olmadı. İndi klublarımızın meydança problemi var.
– 2027-ci ildə Azərbaycanla Özbəkistan 20 yaşlı futbolçular arasında dünya çempionatına şərikli ev sahibliyi edəcək. Həmin mundialda millimizi kimin çalışdırmasını istəyərdiniz?
– Rəhbərlik bu yöndə işləyir. Hər halda, mən yerli məşqçinin tərəfdarıyam. Uşaqlar elə yaşdadırlar ki, onları tanımaq lazımdır. 2027-ci ilə nə qalıb ki? Xarici onları necə tanıyacaq? İlyarıma komanda düzəltmək asan deyil.
– Məşqçi demişkən, Ayxan Abbasovun millidə qalmasının tərəfdarısınız?
– Əlbəttə, qalmalıdır. Ona işləməyə imkan verməlidirlər. Amma Ayxan təkcə millidə işləməlidir, paralel olaraq "Şamaxı"da işləmək ağır olacaq.