"Qarabağ" Futbol Akademiyasının baş koordinatoru Aftandil Hacıyev bu gün Nigeriyaya yollanır.
İdman.Biz-ə açıqlama verən Aftandil Hacıyev səfərin məqsədinin Laqos şəhərində keçirilən "Obasa Cup" turnirində çıxış edən istedadlı futbolçuları izləmək olduğunu bildirib.
"Orada keçirəcəyim beş-altı gün ərzində turnirdə çıxış edən bir neçə perspektivli futbolçunu diqqətdə saxlayacağam. Məqsədimiz akademiyanın gələcəyi üçün çalışmaq və yaxşı futbolçular yetişdirməkdir. Kimi indi Azərbaycana gətirmək istəsək, FIFA qaydalarına görə həmin futbolçunun yaşı 18-dən yuxarı olmalıdır", - deyə o vurğulayıb.
A.Hacıyev mövsümün əvvəlində UEFA Gənclər Liqasının oyunları üçün transfer olunan nigeriyalı futbolçular Tohib Abidun və Muyidin Oludenin klubla gələn ilin yayınadək müqaviləsinin olduğunu və onların komandada qalacağını söyləyib. O, həmçinin Afrika futbolunda tez-tez müzakirə olunan "lipa problemi" - saxta təvəllüd məsələsinə də toxunub.
"Yeni futbolçulara gəldikdə isə onların şəxsiyyət vəsiqələrindəki məlumatlar tam həqiqətə uyğun olmalıdır. Bilirsiniz ki, ‘lipa problemi" Avropada da mövcuddur. Lakin istənilən halda əsas olan rəsmi sənədlərdəki doğum tarixi və digər məlumatlardır. Afrika qitəsində olsa da, burada da FIFA qanunları keçərlidir və onlara ciddi şəkildə əməl olunur", - deyə Aftandil Hacıyev qeyd edib.
Vüqar Vüqarlı