top
AFFA rəsmisi Emin Cəfərovdan müsahibə: Bölgələrdə keyfiyyətli stadionların olmaması inkişafa təsir edir Report.az
Bu gün, 15:21
- +

AFFA rəsmisi Emin Cəfərovdan müsahibə: Bölgələrdə keyfiyyətli stadionların olmaması inkişafa təsir edir

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov "Report"un suallarını cavablandırıb. O, start götürən yeni mövsüm, qarşıdakı planlar və hədəflər barədə danışıb.

- AFFA-nın təşkil etdiyi bəzi liqalarda 2025/2026 mövsümünə artıq start verilib, bəziləri başlamaq ərəfəsindədir. Yeni mövsümə tam hazırsınız və gözləntiləriniz nələrdir?

- Bəli, bəzi liqalara start verilib, digərləri isə start ərəfəsindədir. 2025/2026 mövsümü üçün müraciətlərə iyulun 1-dən start verilib. Komandalar qeydiyyat prosesini bitirdikdən sonra hər liqada iştirakçı sayına uyğun formatlar (oyunların keçirilmə sistemi), əsasnamələr hazırlanır. Bildiyiniz kimi, U-15, U-16, U-17 və Gənclər Liqasında bu proseslər başa çatıb. Artıq sentyabrın ikinci həftəsindən həmin liqalara start verilib. Sentyabrın sonları və oktyabrın əvvəllərində digər liqalarda mövsümün startı planlaşdırılıb. Bu da o deməkdir ki, biz tərəfdən yeni mövsümə hazırlıq tam yekunlaşıb. Cari mövsüm daha rəqabətli və keyfiyyətli oyunların keçirilməsini gözləyirik.

- Liqaların formatında hansı dəyişikliklər edilib və bunda əsas məqsəd nədir?

- Hələ 2024/2025 mövsümü başa çatmamışdan AFFA-da Premyer Liqa komandaları, I Liqa və müxtəlif yaş qruplarında təmsil olunan akademiyaların rəsmi və texniki şəxsləri ilə görüşlər təşkil olundu. Həmin görüşlərdə yarışlar barədə ümumi məlumatlar, çatışmazlıqlar, liqaların keçirilmə sistemi və digər məsələlərlə bağlı geniş diskussiyalar aparıldı. Bütün komandların fikir və təklifləri müzakirə edildi. Önə çıxan əsas məsələlər rəqabətli oyunların sayının azlığı, bəzi komandaların təqdim etdiyi stadionların keyfiyyətsiz olması və bunun nəticəsində zədələrin artması idi. Matçların sayının çox olması, liqalarda həftəiçi - oyunların tez-tez keçirilməsi və başqa məsələlər müzakirə olundu. Oyunlarda böyükhesablı, əzici hesabların olması futbolçularda, məşqçilərdə, valideynlərdə ruh düşkünlüyu yaradır. Belə nəticələr klubların imicinə mənfi təsir etdiyi kimi, rəqabətli oyunların da sayının azalmasına gətirib çıxarır. Belə halların qarşısını almaq əsas məqsədlərdən idi və liqaların keçirilmə sistemində dəyişikliklərin tətbiq olunması zərurəti aparılan müzakirələrdə ön plana çıxmışdı. Geniş müzakirələrdən sonra bu mövsüm U-15, U-16, U-17 və Gənclər Liqasında yeni formatlar tətbiq etdik. İlk növbədə liqalarda pley-off sistemləri ləğv edildi. İlkin mərhələdə komandalar qruplara bölünüblər (hər liqada fərqli format). Birinci mərhələ oyunları bitdikdən sonra turnir cədvəlində ilk sıralarda qərarlaşmış komandaların ikinci mərhələdə eyni qrupda mübarizə aparmaları kimi dəyişikliklər edildi. Həmçinin ötən mövsüm qənaətbəxş olmayan stadionlarda monitorinq aparıldı. Bu stadionlarda oyunların keçirilməsinə icazə verilmədi. Bütün bunların nəticəsi olaraq bu mövsüm rəqabətli matçların daha çox olacağını, komandaların öz səviyyələrində rəqiblərlə görüşəcəyini, həmçinin qarşılaşmaların daha yaxşı stadionlarda təşkilini gözləyirik. Rəqabətli matçların çox olması beynəlxalq turnirlərə yollanacaq komandalarımızın daha hazırlıqlı olmalarına kömək edəcək.

- Mövsümöncəsi iştirakla bağlı təxminən neçə yeni komanda AFFA-ya müraciət ünvanlayıb?

- Adətən yeni müraciət edən komandalar U-8 – U-14 liqalarında olur. Çünki bu liqalarda kütləvilik daha çoxdur. Bu mövsüm üçün 11 500 futbolçu yarışlarda iştirak etmək məqsədilə qeydiyyatdan keçib ki, bunun 80%-i aşağı liqaların payına düşür. Cari mövsümdə bir çox yeni komandalar yarışlarda iştirak etmək üçün müraciət ediblər. Deyə bilərəm ki, onların sayı ümumilikdə ölkə üzrə 35-ə yaxındır.

- Komanda sayının artırılması uşaq futbolunun inkişafına necə təsir göstərəcək?

- Departament olaraq 13 mərkəzdə oyunlar təşkil edirik. Rayonlardan, kəndlərdən, şəhərlərdən gələn komandalar bu mərkəzlərdə həftəsonları oyunlar keçirirlər. Yarışların təşkil olunmasında əsas məqsədlər futbola marağın artması, uşaqların gənc yaşlardan bu idman növü ilə məşğul olmaları, sağlam həyat tərzi, eyni zamanda istedadlı oyunçuların aşkar edilməsidir. Mərkəzlərdə Premyer Liqanın əksər klublarının və akademiyaların nüməyəndələri olur və seleksiya apararaq, istedadlı oyunçuları öz akademiyalarına cəlb edirlər. Əlbəttə, komanda sayının artması, kütləviliyin çox olması müsbət haldır. Bu, oyun sayının artmasına və yeni istedadlı uşaqların üzə çıxmasına imkan yaradır.

- Məlum məsələdir ki, futbolun inkişafı bölgələrdən başlayır. Bölgələrdə maraq hansı səviyyədədir?

- 2025/2026 mövsümündə Premyer Liqada 12 komandanın iştirakı və yeni qoşulan klubların bölgələri təmsil etməsi müsbət haldır. Elitada bölgələri təmsil edən klubların aşağı yaş qruplarının əksər komandaları oyunlarını bölgələrdə keçirirlər. Komandalarının Premyer Liqada çıxışı yerli insanlar tərəfindən xüsusi marağa səbəb olub. Doğma şəhər və rayonlarını təmsil edən komandalarda futbol oynamaq uşaqların, həmçinin övladlarını orada görmək bir çox valideynin arzusudur. Təbii ki, bunun üçün klubların daha çox iş görməsi, infrastruktur və təhsilə önəm verməsi, keyfiyyətli, rəqabətədavamlı kollektiv formalaşdırması, ev oyunlarını doğma meydançalarında keçirməsi futbola marağın daha da artmasına kömək olacaq. Həmçinin kütləvi təşkil olunan yarışlarda iştirak edən komandalar, 14 yaşadək də daxil olmaqla, bölgələrdə iştirak edirlər. Artıq 14 yaşdan etibarən futbolçular böyük meydanda oynamağa başlayırlar və böyük futbola qoşulurlar. U-15 Liqasına qoşula bilməyən oyunçuların tərəfimizdən təşkil olunan Region Liqasında iştirakının da şahidi oluruq. Bu baxımdan Region Liqasının əhəmiyyətini vurğulamaq istərdim. Klublarda heyətə düşə bilməyənlər Region Liqasında öz bölgələrini təmsil edən komandalarda çıxış edirlər. Son illər idman prinsiplərinin qorunması Region Liqası komandalarının Peşəkar Futbol Liqası tərəfindən təşkil olunan daha yüksək liqalarda iştirakı bölgələrdə bu liqaya da xüsusi maraq yaradır. Bir çox bölgələr Region Liqasına böyük futbola doğru ilk addım kimi yanaşır. Bu mövsüm artıq 60-dan çox müraciət almışıq. Təbii ki, həmin müraciətlərin hər birinə baxılacaq və tələblərə cavab verən komandaların çempionatda iştirakı təmin ediləcək. Qeyd olunanları nəzərə alaraq bölgələrdə futbola marağın kifayət qədər böyük olduğunu qeyd edə bilərik. Bunu öz bölgəsində oynayan Premyer Liqa və Region Liqası komandalarının matçlarını izləyərkən də görürük.

- Rayonlarda kütləviliyin artırılması yönündə AFFA hansı işləri görür?

- Heç kimə sirr deyil ki, AFFA yarışların təşkili üçün uzun illərdir komandalara hər cür dəstək göstərir. Stadionlardan tutmuş, nəqliyyat xərclərinə qədər - hər biri assosiasiya tərəfindən qarşılanır. İştirakçı komandaların çalışdırıcılarına məşqçilik kursları tədris olunur. Bütün oyunlar hakimlərlə təmin olunur. Bir sözlə, 8-14 liqalarının bütün lazımi xərcləri AFFA tərəfindən təmin edilir. Həmçinin Region Liqasında iştirak edən komandalara da dəstək olur. Bunda əsas məqsəd kütləviliyin təmin edilməsi, futbola olan marağın daha da artırılmasıdır. Təbii ki, bu işlərdə regionları təmsil edən komadalar da bütün güclərindən istifadə etməlidirlər. Keyfiyyətli məşqlər keçməli, akademiyalara istedadlar yetişdirməli, komandalara sponsorlar cəlb etməli və təmsil etdiyi bölgədə futbola marağın artırılmasında AFFA-ya kömək olmalıdır.

- Aşağı yaş qrupları üzrə komandalarla bağlı əsas problemlər nələrdir?

- Öndə gələn əsas məsələlərdən biri uşaq futbolunda məşqçiliklə bağlıdır. Hər bir regionda istedadlı uşaqlar var. Sadəcə, məşqçilərin düzgün seleksiya işləri aparmalı, məşqçilik kurslarına qatılmalı, futbolun təliminin sirrlərinə yiyələnməli, mütəmadi araşdırmalar aparmalı olduqlarını düşünürəm. Bir sözlə, futbola marağı və həvəsi olan, mütəmadi öz üzərində çalışan, yenilikləri tətbiq edən məşqçilərə daha böyük tələbat var. Bununla bağlı nümunə də çəkə bilərəm. Regionların birindən uzun illər öncə bir nəfər komanda yaratmaq istəyi ilə bağlı müraciət etdi. Düzdür, həmin region yarışlarda təmsil olunurdu, ancaq heç bir rəqiblə rəqabət apara bilmirdi. Biz də maraqlı tərəflə söhbətlər etdik, məşqçilik kurslarına dəvət olundu, 1-2 il ərzində iki yaş qrupu üzrə komanda yaratdı və yarışlarda iştirakına şərait yaradıldı. Məndə olan məlumata görə, həmin məşqçinin komandasında çıxış edən 5-dən çox oyunçu hazırda klublarımızın birinin akademiyasında futbolu davam etdirir. Bu da onu göstərir ki, düzgün bünövrə qurmaqla istedadlı oyunçuları aşkar etmək mümkündür. Bu məsələdə məşqçilərin üzərinə böyük yük düşür. Biz tərəfdən bütün dəstəklərin qarşılığında məşqçilərdən belə işlər gözləyirik. Əlbəttə ki, infrastruktur amilini də vurğulamaq istərdim. Hər il yarışlardan öncə departament əməkdaşları bölgələrə monitorinqə gedir, ən yaxşı infrastruktura malik mərkəzlərlə müqavilələr bağlanılır. Lakin bir çox ərazilərdə keyfiyyətli stadionların olmaması inkişafa təsir edən amillərdəndir. Yeni təsdiq olunmuş strategiyaya əsasən növbəti illərdə bu məsələlərdə də kifayət qədər irəliləyişin olacağından əminik.

- Sizi milli komandamızın oyunlarında da müntəzəm görürük, əsasən təşkilatçılığa baxırsınız. Millinin oyunları zamanı işiniz nədən ibarət olur?

- Yarışların Təşkili Departamenti bir neçə istiqamətdə fəaliyyət göstərir. Departamentimiz milli komandaların yerli və beynəlxalq rəsmi və yoldaşlıq görüşlərinin, liqaların təşkili, azarkeş və könüllülərlə bağlı işlər, həmçinin ölkə ərazisində baş tutan futbol turnilərin təşkilati məsələləri ilə məşğuldur. Millinin oyunlarının təşkili ilə bağlı bəzi həmkarlarınız sual ünvanlayarkən təşkilatçılığın belə geniş sahəni əhatə etdiyini bilmədiklərini deyirlər. Bu səbəbdən bu haqda bir az geniş danışmaq istərdim. Ümumiyyətlə, oyun təşkilatçılığı komanda işidir. Millinin oyunlarının təşkilində, demək olar ki, rəhbərlikdən tutmuş, bütün departamentlərdən olan əməkdaşlar çalışırlar. İlk olaraq matçlardan 4 ay əvvəl stadion monitorinqi aparılır və stadion təsdiq olunur. Bundan sonra qarşılaşmanın başlanma gününə doğru bir çox hazırlıq işləri barədə hesabatlar (oyuna 6, 3 və 1 həftə qalmış) UEFA-ya təqdim edilir. Bu hesabatlarda otun vəziyyətindən tutmuş, rəqib komanda ilə əlaqələr, həmçinin oyunun təşkilinə təsir edə biləcək ölkə daxilindəki istənilən tədbirlər, gözlənilən hava proqnozları, təhlükəsizlik və başqa məsələlər əksini tapır. Oyuna hazırlıq prosesi barədə AFFA-da təşkilati məsələlərə cəlb olunan departament rəhbərləri ilə azı 3-4 iclas keçirilir. Bütün dövlət qurumlarına oyun, təhlükəsizlik məsələləri ilə bağlı müraciətlər ünvanlanır. Matça 2 gün qalmış UEFA və ya FIFA nümayəndələri stadiona gəlir, təşkilati işlərə cəlb olunan əməkdaşlarla hazırlıq işlərinə stadionda start verilir. Rəsmi məşqlərin, mətbuat konfranslarının təşkili, TV və media ilə bağlı mütəmadi iclaslar, oyunun rəsmi iclası, başlamasına doğru gerisayım hazırlıqları, görüşün startı, final fiti və başqa bütün məsələlər həllini tapır. Çoxları oyunun 90 dəqiqədən ibarət olduğunu düşünə bilər. Ancaq təşkilati işlərdə çalışan əməkdaşlarımızla danışdıqda bir matçın ərsəyə gəlməsi üçün nə qədər əməyin sərf olunduğunu eşitdikdə təəccüblənirlər. Bəzi hallarda qarşılaşma bitdikdən 5-6 saat sonraya kimi işlər davam edir. Ümumiyyətlə, oyunların təşkilinə 30-35 nəfər əməkdaşımız cəlb olunur. Burada komanda və UEFA rəsmilərinin qarşılanıb yerləşdirilməsindən tutmuş, yola salınmalarına qədər olan işlər həllini tapır. Ümumiləşdirsək, bir oyunun təşkili başlanğıcdan sona kimi həll olunur və AFFA bu işlərdə çalışan çoxsaylı peşəkar əməkdaşlara malikdir. Fürsətdən istifadə edib, oyunların təşkilində dəstək göstərən dövlət qurumlarına, əməkdaşlıq etdiyimiz təşkilatlara, media nümayəndələrinə və bütün AFFA əməkdaşlarına təşəkkürümüzü bildiririk.

Emin Cəfərov AFFA rəsmisi Ölkə futbolundakı problemlər Yarışların Təşkili Departamenti
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:25

III MDB Oyunları: Belarus futbol üzrə bürünc medal qazandı, Özbəkistan isə 5-ci yeri tutdu

Futbol
Bu gün, 17:20

Jordan Tezenin "Mançester Siti"yə vurduğu qol karyerasının ən yaxşı qoludur

Digər
Bu gün, 17:18

Qarabağ atları Türkiyəyə çövkən idmanının inkişafı üçün göndərilir

Futbol
Bu gün, 17:13

AFFA liqalarında iştirak üçün 11 500 futbolçu qeydiyyatdan keçib, onların 80%-i aşağı liqalardadır

Boks
Bu gün, 17:05

III MDB Oyunları: Azərbaycan karateçilərindən finala vəsiqə qazananlar və bürünc medal qazananlar oldu

Gimnastika
Bu gün, 17:05

III MDB Oyunları: Azərbaycan batut gimnastikası yarışlarını 6 medalla başa vurdu

Futbol
Bu gün, 17:03

"Araz-Naxçıvan" - "İmişli": Misli Premyer Liqası VII turunun canlı yayımı və start heyətləri

Futbol
Bu gün, 17:01

"Araz-Naxçıvan" - "İmişli" matçı başladı: Heyətlər və hesab

Futbol
Bu gün, 17:00

Ronaldo (Nazario) futbol tarixinin ən yaxşı oyunçularından ibarət komandasını açıqlayıb: Kriştiano yoxdur, Messi var

Digər
Bu gün, 16:56

Qarabağ Atçılıq Kompleksindən Türkiyəyə Çövkən Üçün At Seçimi

Olimpiada
Bu gün, 16:51

Yaylagül Ramazanova Xankəndidəki turnirdə hakim kimi iştirak etdi, qızı da onunla idi

Futbol
Bu gün, 16:41

Emmanuel Addai: Çempionlar Liqasında günün qolunu vurmaq xüsusi hissdir

Futbol
Bu gün, 16:40

Nihat Kahveci: "Qarabağ"ın qələbəsinə "Qalatasaray" qədər sevinirəm

Boks
Bu gün, 16:39

III MDB Oyunları: Azərbaycan karateçiləri finala yüksəliblər, qızıl medal təmin olunub - YENİLƏNİB

Futbol
Bu gün, 16:35

Aqil Nəbiyev: Azərbaycan U-16 millisi Rusiya ilə final matçına hazırdır

Formula 1
Bu gün, 16:28

Lyuis Hemilton Şarl Leklərlə Bakı Qran-prisindəki insidenti müzakirə edib

Futbol
Bu gün, 16:20

"Kopenhagen"in hücumçusu "Qarabağ"a məğlubiyyəti şərh edib

Olimpiada
Bu gün, 16:16

Azərbaycan karateçiləri III MDB Oyunlarında daha bir qızıl medalı təmin etdi

Güləş
Bu gün, 16:16

Mirnuray Abasova qızıl medal üçün daha yaxşı hazırlaşacağını vəd edir

Futbol
Bu gün, 16:15

"Araz-Naxçıvan" - "İmişli": Start Heyətlər Açıqlanıb

Futbol
Bu gün, 16:10

"Araz-Naxçıvan" - "İmişli": Heyətlər və Oyun Öncesi

Futbol
Bu gün, 16:06

Azərbaycan U-17 millisinə danışılmış oyunlara qarşı maarifləndirici sessiya keçirilib

Olimpiada
Bu gün, 16:05

III MDB Oyunları: Rusiyalı Taisia Larkina qılıncoynatmada qızıl medal qazanıb

Olimpiada
Bu gün, 16:05

Azərbaycan nümayəndə heyəti AOK-un Seminarı və Olimpiya Həmrəyliyi forumunda iştirak edir

Oxşar xəbərlər