Azərbaycanın 17 və 19 yaşadək futbolçulardan ibarət milli komandalarının üzvləri üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici təlim keçirilib.
İdman.Biz AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 6-da təşkil olunan sessiyalarda hər iki yığmanın futbolçuları və məşqçiləri iştirak ediblər.
AFFA-nın Komplayns və Danışılmış Oyunlara Qarşı Mübarizə Şöbəsinin aparıcı mütəxəssisi Murad Məmmədli iştirakçılara danışılmış oyunların mahiyyəti, mümkün risklər və bu cür halların futbolun nüfuzuna vurduğu zərər barədə məlumat verib.
Təlim zamanı oyun nəticələrinin manipulyasiyasının əsas səbəbləri, idman mərclərinin bu prosesdə rolu, futbolçulara və məşqçilərə təsir üsulları müzakirə olunub.
Xüsusilə sosial şəbəkələr vasitəsilə edilən şübhəli təkliflərə diqqət çəkilib. İştirakçılara belə hallarla qarşılaşdıqda hansı addımları atmalı olduqları və aidiyyəti qurumları vaxtında məlumatlandırmağın vacibliyi izah edilib.
Bundan başqa, AFFA-nın 2025-ci ildə qəbul etdiyi İntizam Məcəlləsinin müvafiq müddəaları təqdim olunub. Danışılmış oyunlarda iştirakın, buna cəhdin və ya belə hallar barədə məlumatın gizlədilməsinin ağır intizam pozuntusu olduğu vurğulanıb.
Sessiyada yerli və beynəlxalq təcrübədən nümunələr göstərilib, sonda iştirakçıların biliklərini yoxlamaq məqsədilə interaktiv sual-cavab keçirilib.
Qeyd edək ki, maarifləndirici tədbirin əsas məqsədi futbolda şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsidir.