"Çempionatı tanımayan, mentaliteti bilməyən xarici məşqçi gətirməkdənsə, yerli Samir Abasov məsləhətlidir". Bu sözləri Sport24.az-a açıqlamasında tanınmış menecer Erkin İbrahimov deyib.
Menecer mütəxəssisin komanda ilə ünsiyyətdə daha diqqətli olmalı olduğunu vurğulayıb:
"Neftçi"də durum kritikdir. Komanda ilk dövrədə qələbə qazana bilməyib. Samir Abasov elə məşqçidir ki, istənilən komandaya qalib gələ bilər. Sadəcə, "ağ-qaralar"da bir dəfə olub, öz nöqsanlarına görə klubu tərk edib. Azarkeşlərlə problem yaşayırdı. Abasov UEFA kurslarında iştirak edib. Anlamalıdır ki, baş məşqçi oldunsa, taktiki bilik qədər ünsiyyət qaydaları çox önəmlidir. Məşqçinin imici və nəticəsi ondan asılıdır. Xaricdən məşqçi gəlsəydi, deyəcəkdi futbolçuları mən yığmamışam. "Neftçi"nin isə buna vaxtı yoxdur".
Qeyd edəki ki, Samir Abasov "Sumqayıt"a rəhbərlik edirdi. Klub rəsmi açıqlama yayaraq, mütəxəssisin "Neftçi" ilə anlaşdığını bildirib.