Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd Ben Sulayem təşkilatın rəhbər vəzifələrinə namizədlər üçün yaş məhdudiyyətinin ləğvini təklif edib.
İdman.Biz BBC-yə istinadən xəbər verir ki, müvafiq təklif gələn ay Şanxayda keçiriləcək Baş Assambleyanın təsdiqinə təqdim olunacaq. Bu barədə səsvermə üçün hazırlanmış sənəddə məlumat verilib.
Hazırkı qaydalara əsasən, FIA prezidentinin komandasında təmsil olunmaq istəyən namizədlərin yaşı 75-dən çox olmamalıdır. 2023-cü ildə, Ben Sulayemin ilk prezidentlik dövründə bu hədd 70 yaş müəyyənləşdirilib, 2024-cü ildə isə 75-ə qaldırılıb.
FIA təşəbbüsünü təşkilatlara namizədləri yaşından asılı olmayaraq seçmək imkanı vermək istəyi ilə əsaslandırıb. Federasiyanın nümayəndəsi bildirib ki, yaş məhdudiyyəti namizədlərin təcrübəsi, ixtisası və bacarıqları nəzərə alınmadan yalnız doğum tarixinə görə seçimdən kənarlaşdırılmasına səbəb olur.
Qeyd edək ki, təklif yalnız FIA Baş Assambleyası tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.