Azərbaycan cüdoçusu Zelim Tçkayevin (81 kq) növbəti hədəfi Bakıda keçiriləcək dünya çempionatında qızıl medal qazanmaqdır.
27 yaşlı idmançı bu barədə "Report"a açıqlama verib.
O, Çinin Sindao şəhərində keçirilmiş Qran-pridə qızıl medal qazanması ilə bağlı danışıb:
"Bu turnirdə hər şey əla idi. Mənim üçün çox yaxşı gün oldu. Yarışa yaxşı hazırlaşmışdım. Növbəti hədəfim Bakıdakı dünya çempionatında qızıl medal qazanmaqdır. Bunun üçün əlimdən gələni edəcəyəm".
Z.Tçkayev hazırda Yaponiyada təlim-məşq toplanışında olduğunu və növbəti yarışlara hazırlaşdığını vurğulayıb.
Xatırladaq ki, Azərbaycan millisi Qran-prini 1 qızıl və 3 bürünc medalla başa vurub. Zelim Tçkayev (81 kq) qızıl, Əhməd Yusifov (60 kq), Hidayət Heydərov (81 kq) və Murad Fətiyev (90 kq) bürünc mükafata sahib çıxıblar.