Fransa millisinin və İspaniyanın "Real" klubunun hücumçusu Kilian Mbappe futbol üzrə dünya çempionatlarında vurduğu qolların sayına görə bir neçə rekorda imza atıb.
"Report" xəbər verir ki, Seneqal yığmasına qarşı DÇ-2026-nın oyununda dubla imza atan 27 yaşlı forvard komandasının 3:1 hesablı qələbəsində əsas pay sahibi olub.
Mbappe bu qollarla mundiallardakı qol sayını 14-ə çatdırıb. O, bununla braziliyalı Peleni (12 qol), argentinalı Lionel Messini (13 qol) və həmyerlisi Jüst Fonteni (13 qol) geridə qoyaraq almaniyalı Gerd Müllerin göstəricisini təkrarlayıb. Siyahıda yalnız braziliyalı Ronaldo (15 qol) və almaniyalı Miroslav Kloze (16 qol) ondan öndə qərarlaşıb.
Bununla yanaşı, hücumçu Fransa millisi tarixinin ən yaxşı bombardiri adına da sahib çıxıb. Mbappe milli komandada keçirdiyi 99-cu oyunda 58-ci qolunu vuraraq 57 qola malik Olivye Jirunun rekordunu yeniləyib.
Qeyd edək ki, 2024-cü ildən "Real"ın formasını geyinən Mbappe ötən mövsüm 44 oyunda 42 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, Fransa millisinin heyətində 2018-ci ildə dünya çempionu olub, 2022-ci il mundialında isə gümüş medal qazanıb.