ABŞ prezidenti Donald Trampın UFC rəhbəri Dana Uayta Ağ Evin mətbuat katibi vəzifəsini təklif etməsi ilə bağlı yeni iddia ortaya çıxıb.
İdman.Biz xəbər verir ki, sosial şəbəkələrdə yayılan versiyaya əsasən, Tramp UFC rəhbərini eyni adı daşıyan keçmiş Pentaqon rəsmisi ilə səhv sala bilər.
Söhbət ABŞ Müdafiə Nazirliyinin keçmiş sözçüsü Dana V.Uaytdan gedir. O, Trampın birinci prezidentliyi dövründə müdafiə naziri Cim Mettisin əsas kommunikasiya müşaviri və Pentaqonun baş sözçüsü vəzifələrində çalışıb.
Sosial şəbəkə istifadəçiləri ehtimal edirlər ki, prezidentin köməkçiləri məhz bu qadının namizədliyini nəzərdə tutublar, lakin Tramp söhbətin UFC rəhbərindən getdiyini düşünüb.

Bu versiyaya əsasən, prezident həmin səbəbdən UFC döyüşçüləri İslam Mahaçev, Həbib Nurməhəmmədov, Castin Getji, Daniel Kormye, Amanda Nunes və Kayla Harrisonun da mətbuat katibinin köməkçiləri olmasını təklif edib.
Lakin Trampın iki şəxsi həqiqətən səhv saldığını təsdiqləyən sübut yoxdur. Keçmiş Pentaqon rəsmisinin Ağ Evdəki vakant vəzifəyə namizədlər siyahısında yer aldığı da rəsmən təsdiqlənməyib.
Xatırladaq ki, Tramp noyabrın 7-də UFC rəhbərinə mətbuat katibi vəzifəsini təklif etdiyini açıqlayıb. CNN-in məlumatına görə, Uayt bu təklifdən imtina edib. Ağ Ev rəsmilərindən biri isə prezidentin açıqlamasını zarafat kimi qiymətləndirib.