UFC-nin yarımorta çəki dərəcəsində sabiq döyüşçüsü Kolbi Kovinqton təşkilatın hazırkı çempionu İslam Mahaçevə karyerasını başa vurmağı məsləhət görüb.
İdman.Biz xəbər verir ki, ABŞ-li döyüşçü bu barədə "Submission Radio" verilişində danışıb.
Kovinqton Mahaçevin yaxın vaxtlarda MMA karyerasını başa vurmaq ehtimalına münasibət bildirərək onun bir daha oktaqona qayıtmamasının daha məqsədəuyğun olduğunu söyləyib:
"O, ümumiyyətlə, bir daha döyüşə çıxmaya bilər. Belə danışanda, yəni bir ayağın burada, digəri başqa yerdə olanda, yəqin ki, elə indidən getmək daha yaxşıdır. Oktaqona qayıtmamalıdır".
ABŞ-li döyüşçü Mahaçevin açıqlamalarının UFC rəhbərliyindən daha sərfəli maliyyə şərtləri əldə etmək məqsədi daşıya biləcəyini də istisna etməyib:
"Açığı, düşünürəm ki, bu, danışıqlar taktikası ola bilər. Ola bilsin, o, UFC ilə açıq şəkildə bazarlıq edir. Demək istəyir ki, növbəti döyüşüm sonuncu olacaq, təqaüdə çıxacağam. Amma mənə kifayət qədər pul verməsəniz, daha tez gedəcəyəm".
Daha əvvəl Mahaçev MMA-da çox vaxtının qalmadığını və növbəti titul müdafiəsinin karyerasının son döyüşlərindən biri olacağını açıqlayıb.
35 yaşlı çempion 30 yanvar 2027-ci ildə keçiriləcək UFC 336 turnirində Karlos Prateslə Maykl Morales arasında müvəqqəti çempionluq uğrunda döyüşün qalibi ilə qarşılaşmaq istəyir.
Qeyd edək ki, Kovinqton 2026-cı ilin mayında UFC-də karyerasını başa vurduğunu rəsmən bildirsə də, sentyabrda böyük döyüş təklifləri alacağı təqdirdə oktaqona qayıtmaq ehtimalını istisna etməyib.