Dünya Atletikası (World Athletics) və Beynəlxalq Ədalətli Oyun Komitəsi (CIFP) 2026-cı ilin Beynəlxalq Ədalətli Oyun mükafatının üç finalçısını açıqlayıb.
İdman.Biz xəbər verir ki, mükafat idman yarışlarında rəqibə hörmət, qarşılıqlı yardım və dostluq nümunəsi göstərən atletlərə təqdim olunur. Bu il finala fərdi idmançı və iki cütlükdən ibarət üç namizədlik seçilib.
Namizədlərdən biri keniyalı marafonçu İrin Çeptaydır. O, Sidney marafonunda avstraliyalı paralimpiyaçı Maykl Rögerə kömək etməsi ilə diqqət çəkib. Sağ qolunun dirsəkdən aşağı hissəsi olmadan dünyaya gələn Röger su məntəqələri trasın sağ tərəfində yerləşdiyi üçün dörd dəfə su götürə bilməyib. Təxminən 30-cu kilometrdə Çeptay öz suyunu ona verərək yarışa davam etməsinə kömək edib.
Röger marafonu 2 saat 18 dəqiqə 36 saniyəyə başa vurub və T46 kateqoriyasında özünə məxsus dünya rekordunu yeniləyib.
Digər namizədlər şüvüllə tullanmada dünya rekordçusu Armand Duplantis və yunanıstanlı Emmanuel Karalisdir. Onlar yüksək rəqabətə baxmayaraq, dostluq münasibətləri və bir-birlərinin uğurlarına göstərdikləri hörmətlə fərqləniblər.
İki atletin münasibəti Sürixdə keçirilən "Brilyant Liqa" yarışında da diqqət çəkib. Duplantis 6,25 metr nəticə göstərərək mövsümün açıq havada ən yaxşı göstəricisinə imza atıb. Karalis isə 6,20 metr hündürlüyü fəth edərək Yunanıstan rekordunu yeniləyib.
Üçüncü namizədlik Boston marafonunda baş verən hadisə ilə bağlıdır. Finişə yaxın yorğunluqdan yıxılan və ayağa qalxa bilməyən Acay Haridasseyə əvvəlcə Aaron Beqqs kömək edib. Daha sonra Robson de Oliveyra da onlara qoşulub.
İki qaçışçı şəxsi nəticələrini yaxşılaşdırmaq imkanından imtina edərək Haridasseni qollarından tutub finiş xəttinə çatdırıblar.
Qalibin müəyyənləşdirilməsində azarkeşlər də iştirak edəcəklər. Noyabrın 16-dək davam edəcək səsvermənin nəticələri münsiflər heyətinin səsləri ilə birlikdə nəzərə alınacaq.
Mükafatın sahibi noyabrın 29-da keçiriləcək Dünya Atletikasının illik mükafatlandırma mərasimindən əvvəl açıqlanacaq.