Bakının mərkəzindəki bu köhnə meydançada adətən futbolçular məşq edirlər. Amma bu gün burada qeyri-adi bir mənzərə yaranıb: təxminən iyirmi nəfər kişi, yerli idmançılara tanış olmayan avadanlıqla meydanın mərkəzinə toplaşır və bir-biri ilə ətrafdakı insanların anlamadığı dildə qızğın şəkildə müzakirələr aparırlar.
Məşqi başa vuran futbolçular baş verənlərdən gözlərini çəkə bilmirlər - hamıya maraqlıdır ki, indi nə olacaq. Əcnəbilər tez bir zamanda komandalara bölünür. Bir anlıq sükut çökür, kapitanlar oyunçuları seçir, sikkə havaya atılır… Daha şanslı kapitan indi oyunun taleyini müəyyənləşdirir: topu kim atacaq və kim qarşılayacaq, yaxud peşəkarların dediyi kimi, "boulinq" və "bættinq" arasında seçim edir.
İndi kriket oyunu başlayacaq. Bu kişilər isə illərdir Azərbaycanda təhsil alan və ya işləyən, son üç ildə isə ölkədə kriketin aktiv şəkildə inkişafına çalışan Pakistan və Hindistandan olan şəxslərdirlər.
@angrysheri Cricket time in Azerbaijan #fyp #cricket #babarazam #azerbaycan #cricketlover original sound - Zoom With Sheri
Kriket nədir? Bu, top və çubuqla oynanan oyundur. Bir komanda topu atır, digər komanda isə onu vurub xal qazanmağa çalışır. Matç böyük meydanda keçirilir, lakin əsas oyun meydanın mərkəzindəki dar zolaqda baş verir. Digər oyunçular - fildinqlər – topu tutmağa və zərbə endirəni meydandan çıxarmağa çalışırlar. Oyun İngiltərədə yaranıb: kənd yerlərində uşaqlar çubuq və top ilə oynayarkən kriketi icad ediblər.
İşin maraqlı tərəfi ondadır ki, bütün bunları Azərbaycanda izah etmək lazım gəlir. Halbuki ölkəmiz Qafqazda ilk, postsovet məkanında isə bu idmanın ortaya çıxdığı ilk ölkələrdən biri olub - 1990-cı illərin əvvəlində artıq kriket-klub fəaliyyət göstərirdi.
Kriket Azərbaycanda necə yarandı
Azərbaycanda kriketin yaranması britaniyalı hüquqşünas, yazıçı və tarixçi Alum Batinin adı ilə bağlıdır. O, 1993-cü ildə "Ernst & Young" beynəlxalq şirkətinin Bakıda ofisini açmaq və rəhbərlik etmək üçün ölkəyə gəlib, daha sonra öz hüquq firmasını yaradıb.
Alum Bati İdman.Biz-ə açıqlamasında bildirib ki, məktəb illərində və London Universitetində təhsil aldığı dövrdə kriket oynayıb, iyirmi yaşlarında klub səviyyəsində çıxış edib:
"Azərbaycana gələnə qədər uzun müddət kriket oynamamışdım, lakin burada davam etmək qərarına gəldim. Bakıda müstəqil Azərbaycanda fəaliyyət göstərən ilk kriket-klubu məhz mən yaratdım".

Azərbaycanın ilk kriket klubunun oyunçuları. Şəkil: Alum Batinin şəxsi arxivindəndir
Klubun həmtəsisçilərindən və Alum Batinin dostlarından biri olan ingilis Devid Marşall o illərdə "Hyatt" qrupunda çalışırdı.
O, İdman.Biz-lə söhbətində hadisələri belə xatırlayır:
"Alum Bati "Hyatt"ın hüquq məsləhətçisi idi və iş görüşləri ilə yanaşı, bəzən qəhvə içmək üçün də görüşürdük. Bir gün dedi ki, kriket-klub yaratmağı – daha doğrusu, XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakıda mövcud olmuş kriket klubunu bərpa etməyi planlaşdırır. O zaman Bakı neft sənayesinin mərkəzlərindən biri idi. Şəhərdə möhtəşəm viktorian üslublu binalar tikilirdi.
Alum Batinin istəyindən biri də idmanı öz həyatına daxil etmək idi. Üstəlik, otuz il əvvəl Bakıda əcnəbilərin sayı çox az idi. Bizim kimi gəlmələr üçün əyləncə imkanları çox məhdud idi".
Devid Marşall da ingilislərin əksəriyyəti kimi məktəbdə kriket oynayıb və bu səbəbdən Alum Batinin ideyasını dəstəkləyib. Tezliklə onlar kriket-klubun təməlini qoyublar. Bəzi aviaşirkətlərin dəstəyi ilə Pakistandan Bakıya kriket avadanlığı və süni örtük pulsuz göndərilib.
"Klubun yaradılmasında mənə "Save the Children" təşkilatına rəhbərlik edən Lutful Kabir (sonradan BMT-də işləyib) və "Hyatt Regency"nin maliyyə direktoru (sonradan "Park Hyatt Baku"nun baş direktoru) Arif Haşmi kömək edirdi. Aktiv oyunçularımızdan biri də Niderlanddan olan "Hyatt"ın meneceri idi", – deyə Alum Bati bildirib.
Azərbaycan elitası və kriket
Beləliklə, Alum Bati ətrafına Bakının əcnəbi elitasını, həmçinin əsasən Neft Akademiyasında təhsil alan pakistanlı və bəzi hindistanlı tələbələri toplamışdı. Devid Marşall deyir ki, əvvəlcə oyunçu sayı çox az idi, bəzən iki komandanın tam formalaşması belə çətin olurdu.
"Bizim normal kriket meydançamız yox idi, - deyə Devid xatırlayır.
"Şəhərin mərkəzindəki köhnə, yararsız futbol meydançasında oynayırdıq. Cizgi xəttlərini də əllə, tozla çəkirdik. İlk bazar günü oyunumuzu çox yaxşı xatırlayıram: soyuq və küləkli idi - Bakıda ola biləcəyi qədər - və oynamaq heç də rahat deyildi. Bir neçə azərbaycanlı dayanıb bizi izləyirdi. Yəqin ki, taxta parçası ilə topun arxasınca qaçdığımız üçün bizi dəli hesab edirdilər!".
Zamanla Alum Bati kriketə uğurlu azərbaycanlı biznesmenləri və xarici diplomatları da cəlb edib. Klubun fəxri prezidentləri Böyük Britaniya, Pakistan və Hindistan səfirləri olub. Pakistan səfirinin müavini Raca Masud və Britaniya səfiri Endryu Taker aktiv oyunçular arasında idilər.
Britaniyanın Azərbaycandakı keçmiş səfiri Endryu Taker kriket oynayır. Şəkil: Alum Batinin şəxsi arxivindəndir.
"Azərbaycandan oyunçular çox az idi. Onlardan ikisi indi Bakıda yüksək vəzifələr tutur. Bilmirəm, hələ də kriket oynayırlar, ya yox", - deyə Alum Bati bildirir.
Oyunçular arasında Samirə adlı azərbaycanlı qadın da olub. Amma kluba qoşulan ilk yerli oyunçu 13 yaşlı Emin idi. Onu Raca Məsud və Lütful Kəbir məşq etdirirdi. Alum Batinin sözlərinə görə, Emin o illərin ən xoş xatirələrindən biridir.
Bati İdman.Biz-lə 2000-ci ildə "kriketçinin bibliyası" sayılan "Wisden" üçün yazdığı məqalədən sitat da paylaşıb:
"O, təbii bətssmen(Topu dəyənəklə vuran oyunçu – red) idi. Emin kriketi çox sevirdi. Amma təxminən altı həftə sonra yeniyetmələrdən ibarət bir dəstə ona hücum etdi. O vaxtdan cəmi bir dəfə məşqə gəldi və o müddətdə incə, sakit uşaqdan enli çiyinli, uzunboylu bir gəncə çevrilmişdi. Ondan iki ay harada olduğunu soruşanda belə demişdi: "Karateni öyrənirdim".
Azərbaycan kriketi barədə xaricdə yazırdılar
Kriket Azərbaycanda tədricən inkişaf edirdi. Alum Bati və komandası daha münasib meydan tapmış, turnirlər keçirməyə başlamışdılar. Hətta bir dəfə turnir Qubada da baş tutmuşdu. BBC də daxil olmaqla xarici KİV-lər Azərbaycandakı kriketdən yazırdılar. Bütün bunlar Alum Batinin təşəbbüsləri sayəsində mümkün olmuşdu.
Azərbaycandakı kriket ICC-nin (Beynəlxalq Kriket Şurası) saytında da qeyd olunub: Avropa inkişaf proqramı Bakıda kluba yardım göstərirdi. Azərbaycanda vaxtilə fəaliyyət göstərmiş "Exo" qəzetinin arxivində 2002-ci ilə aid bir məqalə var. Orada Avropa Kriket Şurasının (2010-da fəaliyyətini dayandırıb) sözləri sitat gətirilir:
"Azərbaycanlılar qısa müddətdə çox şey öyrəndilər və onların bacarıqları və istəyinin onları beynəlxalq çempionata aparması mümkündür".
Bu uğurlardan ruhlanan Alum Bati Azərbaycanda kriketin rəsmi tanınmasına və professional komandanın yaradılmasına çalışıb:
"Yanılmıramsa, 2001-ci ildə o vaxtkı idman nazirinə müraciət edib federasiya kimi qeydiyyatdan keçməyi xahiş etdik. Bu, bizə Asiya Kriket Şurasından məşqçi dəstəyi almaq imkanı verəcəkdi. Təəssüf ki, imtina edildi, çünki cəmi bir kriket klubumuz vardı".

Azərbaycanda yeganə qadın kriketçi olan Samirə. Şəkil: Alum Batinin şəxsi arxivindəndir.
Alum Bati deyir ki, 2003-cü ildə aktiv fəaliyyətdən uzaqlaşdıqdan sonra kriketin inkişafı zəifləməyə başladı. O illərdə hələ də oyunu sevən bir neçə həvəskar qalmışdı, lakin zamanla maraq azaldı.
"2019-cu ildə Azərbaycandan ayrıldım. Kriket sahəsində daha çox şey geridə qoya bilmədiyim üçün təəssüf edirəm. Çox istəyirdim ki, bir gün Azərbaycan komandası beynəlxalq səviyyədə çıxış etsin, amma bəlkə də hələ vaxtı deyildi", - deyə Alum Bati bildirir.
Hazırda Azərbaycanda kriketin vəziyyəti barədə onun məlumatı yoxdur…
Bugünkü vəziyyət
Devid Marşall 1995-ci ilin sonunda Azərbaycandan ayrılıb və illərlə kriket klubun taleyindən xəbərsiz olub. Lakin bir müddət əvvəl klubun "Facebook" səhifəsinə rast gəlib və o vaxtdan yenilikləri izləyir. Bu səhifə məhz yazının əvvəlində qeyd etdiyimiz şəxslərə məxsusdur.
Müasir kriketi əvvəlki problemlər hələ də müşayiət edir: dəstək azdır, normal meydança yoxdur, yerli oyunçular azdır. Klubun yenidən canlanması üç il əvvəl Pakistan və Hindistandan olan Xürrəm Şəhriyar və dostu Mühib Məhəmməd Qasım Yusəfzay sayəsində baş verib. Onlar "Facebook"dakı köhnə qrup səhifəsini tapıblar. Xurramın sözlərinə görə, səhifənin administratoru Piter adlı şəxs onu onlara təhvil verib. Bundan sonra yeni oyunçular cəlb olunmağa başlayıb və indiyə qədər Bakıda iki turnir keçirilib.

Xürrəm Şəhriyar
Hazırda klubun 50-dən çox üzvü var - əsasən pakistanlılar, eləcə də bir neçə hindistanlı tələbə və ya işçi. Çoxu həvəskardır, amma peşəkarlar da var. Məsələn, hazırda IT konsaltinq sahəsində çalışan Xurram əvvəl İsveçdə kriket klubda oynayıb və avadanlıqları Bakıya da o gətirib.
Klubun üzvlərindən olan pakistanlı Məhəmməd Ehsan Siddiqi, həm də sərbəst şəkildə Azərbaycan dilində danışır. O İdman.Biz-ə açıqlamasında söyləyib ki, bu idman Pakistanda və Hindistanda son dərəcə populyardır və hər kəs tərəfindən sevilir. Bütün bunlar Britaniya müstəmləkə dövrünün mirasıdır.
"Biz Azərbaycanı çox sevirik və yerli ənənələrə hörmətlə yanaşırıq. Ölkəni beynəlxalq arenada təmsil etmək istəyərdik. Kriket olimpiya idman növüdür. Qonşu ölkələrdə çoxdan inkişaf edir. Məsələn, Türkiyə və İran Beynəlxalq Kriket Şurasının üzvüdür. Biz də Azərbaycanı bu idmanda məşhurlaşdırmağı arzulayırıq".

Məhəmməd Ehsan Siddiqi
Hindistanlı tələbə Harşa Vardan da eyni fikirdədir:
"Əvvəllər peşəkar kriket oynamışam. Təhsil üçün buraya gələndə klubla əlaqə saxlayıb qoşuldum. Demək olar ki, hər həftə oynayırıq. Əgər bir gün Azərbaycanı beynəlxalq arenada təmsil etmək imkanı yaransa, çox xoşbəxt olaram".
Lakin Məhəmməd Ehsan Siddiqinin sözlərinə görə, bu məqsədə çatmaq üçün klubun dövlət dəstəyinə ehtiyacı var:
"Beynəlxalq Kriket Şurasına müraciət etmişik, onlar dedilər ki, Azərbaycanda kriket federasiyası yaranarsa, dəstək göstərməyə hazırdırlar".
Xurram Şehriyar isə əlavə edir ki, oyunçular meydança üçün ödənişi özləri edir və yaxşı infrastruktur, sponsor dəstəyi çox vacibdir. Onlar həmçinin yerli oyunçuları cəlb etmək istəyirlər, amma hələlik bu, çətin alınır.
Klubun ilk üzvlərindən biri olan Devid Marşall hesab edir ki, Azərbaycanda kriketin gələcəyi var:
"Niyə də olmasın? Amma bunun üçün üzvlərin sayını artırmaq lazımdır. Bakıda yəqin ki, Böyük Britaniya, Avstraliya və ya Yeni Zelandiyadan olan əcnəbilər yaşayır, onlar da oynamaq istəyə bilər. Onlarla əlaqə qurmağa dəyər. Yerli insanların oynamaq istəyəcəyi barədə qəti fikir demək çətindir, amma cəhd etmək lazımdır".
İdman.Biz bu idman növü ilə tanış olmaq istəyən hər kəsi səslənir: Maraqlananlar klubla onların "Facebook" səhifəsi vasitəsilə əlaqə saxlaya bilərlər.
Foto: Xürrəm Şəhriyarın şəxsi arxivi
Leyla Eminova