Avropa Cüdo Birliyi (EJU) cüdo görüşlərində vaxt uzatmağa görə xəbərdarlıq və cəzaların tətbiqinə aydınlıq gətirib.
İdman.Biz xəbər verir ki, məsələ Belqradda keçirilən Olimpiya təlim-məşq toplanışı çərçivəsində təşkil olunan seminarda müzakirə edilib. EJU-nun hakimlik üzrə komissarı Nunu Karvalyu məşqçilərə qaydaların tətbiqini izah edib.
Onun izahına görə, hakimlər görüşün dayandırılması ilə yenidən başlanması arasında yaranan əsassız ləngimələrə müdaxilə etməlidirlər. Kimononu uzun müddət düzəltmək, saçla məşğul olmaq və başlanğıc mövqeyinə ləng qayıtmaqla vaxt uzadan idmançıya əvvəlcə xəbərdarlıq edilməlidir.
Belə hallar təkrarlandıqda isə cüdoçuya "şido" cəzası verilməlidir.
Seminarda tutuşlarla bağlı məqamlara da toxunulub. Qeyri-standart tutuşlara hücum və ya hücuma aydın hazırlıqla müşayiət olunduğu halda vaxt məhdudiyyəti qoyulmur. Lakin belə tutuşlardan müdafiə məqsədilə istifadə edərək görüşün axarını pozmaq dərhal cəzalandırılmalıdır.