Sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı Maqomed Davudov Dağıstanın Mahaçqala şəhərində güllələnərək öldürülüb.
İdman.Biz xəbər verir ki, 31 yaşlı idmançı "Marrakeş" restoranında keçirilən tədbirdə iştirak edib. O, daha sonra müəssisənin girişinə çıxdığı zaman naməlum şəxslər hərəkətdə olan qara rəngli "Toyota Camry" avtomobilindən ona atəş açıblar.
Güllələrdən biri Davudovun başına dəyib. Ağır yaralanan idmançı xəstəxanaya aparılarkən yolda həyatını itirib.
Hadisədən sonra hüquq-mühafizə orqanları cinayətdə şübhəli bilinən şəxsi saxlayıblar. Dağıstanın güc strukturlarından TASS-a verilən məlumata görə, saxlanılan şəxs Mahaçqalanın 23 yaşlı sakinidir.
İlkin məlumatlara əsasən, silahlı insidentin tərəflər arasında yaranmış münaqişə nəticəsində baş verdiyi ehtimal olunur. Hadisənin dəqiq səbəbləri araşdırılır.
Qeyd edək ki, Vatsilov (Maqomed) Davudov Rusiyanın idman ustası, 2016-cı ildə cüdo üzrə Avropa Kubokunun qalibi və 2023-cü ildə sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı olub.