Abşeron Olimpiya İdman Kompleksində cüdoçular üçün növbəti rəsmi kəmər imtahanı keçirilib.
İdman.Biz xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə noyabrın 5-də baş tutan imtahanda 302 idmançı iştirak edib.
Cüdoçular yaşlarına uyğun olaraq ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər.
İmtahanın tələblərini uğurla yerinə yetirən iştirakçılara müvafiq kəmərlər və sertifikatlar təqdim olunub.
Qeyd edək ki, bu imtahanlar cüdoçuların texniki hazırlığının inkişafına və biliklərinin möhkəmləndirilməsinə xidmət edir. Müvafiq kəmər dərəcəsinə sahib olmaq həm də bir sıra nüfuzlu ölkədaxili yarışlarda iştirak üçün vacib şərtlərdən biridir.