top
Rüfət Baku İsrafilbəyov: ABŞ rinqlərindən Vətənə - Boksçu diasporanın müsahibəsi Idman.biz
Bu gün, 17:13
- +

Rüfət "Baku" İsrafilbəyov: ABŞ rinqlərindən Vətənə - Boksçu diasporanın müsahibəsi

Azərbaycan idman tarixində çoxsaylı istedadlı idmançılar olub ki, tale onları xaricdə yaşamağa vadar edib, lakin onlar kimliklərini və tarixi vətənləri ilə əlaqəni itirməyiblər.

Belələrindən biri də keçmiş boksçu Rüfət "Baku" İsrafilbəyovdur. O, böyük ümidlər verən idmançı olub, Azərbaycan çempionu adını qazanıb, sonra ailəsi ilə birlikdə ABŞ-yə köçüb və orada peşəkar boks karyerasına başlayıb. Hətta WBC reytinqində ilk 30-luğa daxil olub. Onun böyük qardaşı Emil (təəssüf ki, artıq dünyasını dəyişib) isə IBF reytinqində 7-ci yerdə olub.

Hazırda Rüfət İsrafilbəyov ailəsi ilə birlikdə Bakıya gəlib və Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbovun xaricdə yaşayan azərbaycanlı idmançılarla görüşündə iştirak edib.

İdman.biz-ə müsahibəsində o, Azərbaycandakı və ABŞ-daəki boks karyerası, okeanın o tayındakı həyatı və dəyişən Bakıya dair təəssüratlarını bölüşüb.

- Əvvəlcə özünüz haqqında məlumat verin.

- Bakıda, Vidadi küçəsində, Qorki küçəsinin kəsişməsində yaşayırdıq. Atamın da adı Rüfətdir və o da boksla məşğul olub, Böyük Vətən Müharibəsi veteranı Aleksandr Krıçkovun yanında məşq edib. Qonşumuz məşhur məşqçi, vaxtilə Azərbaycan yığmasına rəhbərlik etmiş Rafiq Cəfərov idi, atam onunla uşaqlıqdan dost idi.
Boksda ilk addımlarımızı qardaşımla birgə atamızın rəhbərliyi ilə atmışıq. Mən yeddi, qardaşım isə on bir yaşında olanda Rauf Cəfərovun yanına məşqə getdik. Qısa müddətdə nəticələr əldə etdik, SSRİ-ni dolaşdıq, dəfələrlə Bakı və Azərbaycan çempionu olduq.
Emil "Dinamo" İdman Cəmiyyətinin Ümumittifaq çempionu olub, SSRİ yeniyetmələr yığmasının toplanışlarına çağırılıb, beynəlxalq turnirin qalibi olub və "İdman ustası" adına layiq görülüb. Mən isə "İdman ustalığına namizəd" idim. 1994-cü ildə Azərbaycandan köçməzdən əvvəl milli çempionatda qalib gəldim və İstanbulda keçirilən gənclər arasında dünya çempionatında iştirak etdim, bir mərhələ keçdim.

- ABŞ-yə necə getdiniz?

- Babam Stalin repressiyalarının qurbanı olub. 1991-ci ildə atam ABŞ səfirliyinə sənəd verdi. Cavab yalnız 1994-cü ildə gəldi və 1995-ci ilin yanvarında okeanın o tayına köçdük. Bu qərarı vermək asan deyildi. Əvvəlcə sosial yardım hesabına yaşayırdıq, sonra müxtəlif işlərə girdik, çox çətin idi, amma ayağa qalxa bildik.
Boksa gəlincə, ilk vaxtlar orada boksla məşğul olmaq fikrimiz yox idi. İngilis dilini öyrənir, kollecə daxil olmuşduq. Amma boks bizim qanımızda idi - həyətdə məşq edir, kölgə ilə döyüşürdük. Bir gün bizi yerli bir amerikalı gördü və maraqlandı. Onun tanıdığı bir məşqçi var imiş, bizi ora dəvət etdi.
Orada əvvəlcə qırmızı kisələrdə zərbələrimizi yoxladı, sonra yerli boksçularla sparrinqlər etdik. Bəyəndi, məşqlərə başladıq və bizi menecerə tanıtdı. Peşəkar debütüm, səhv etmirəmsə, 1997-ci ildə oldu.
Demək olar ki, ABŞ-nin bütün ştatlarında döyüşlər apardıq, reytinqlərdə irəlilədik, televiziya kanalları bizə maraq göstərdi. Bir dövrdə Emil IBF reytinqində 7-ci, mən isə WBC reytinqində 30-cu yerdə idim. Biz qardaşımla "Baku" təxəllüsü ilə çıxış edirdik: mən Rüfət Baku, o isə Emil Baku. Şortlarımız və xalatlarımız Azərbaycan bayrağının rənglərində idi.
Sonralar zədələr bizi təqib etməyə başladı. Mən əlimi, Emil isə iki dəfə qolunu sındırdı. Əməliyyatlar keçirdik, amma uğurlu alınmadı. Menecer təzyiq edirdi ki, tez rinqə qayıdaq.
Nəticədə mən boksu buraxdım. ABŞ-də 17 döyüş keçirdim: 14 qələbə, 2 məğlubiyyət, 1 heç-heçə. Emilin isə 25 döyüşü var idi: 23 qələbə, 2 məğlubiyyət. Mən təqribən 4-4,5 il boksla məşğul oldum, Emil bir az daha çox.
Sonra kompüter kurslarına yazıldıq. Texnoloji yüksəliş dövrü idi. Daha sonra xəstəxanada işə düzəldik. Hazırda da orada informasiya meneceri kimi çalışıram. Əvvəllər əlcəkdə işləyirdimsə, indi klaviaturada işləyirəm.
Karyera bitəndən bir müddət sonra Emildə güclü baş ağrıları başladı. Müayinələr nəticəsində beyində bədxassəli şiş aşkar olundu. Bu, boksdanmı qaynaqlandı, başqa səbəbdənmi - bilinmir. Amma bir fakt: həmin vaxt bizim xəstəxanada onlarla belə pasiyent vardı və təkcə Emil boksçu idi. İki əməliyyatdan sonra, təəssüf ki, bir neçə ilə dünyasını dəyişdi…
Valideynlərim, çox şükür, hələ də sağdırlar. Atamın 85, anamın 77 yaşı var. Onlar Baltimorun yaxınlığında yaşayırlar, hər şənbə və bazar günləri Vaşinqton ətrafından onlara baş çəkməyə gedirəm.
Polşalı xanımla evliyəm. ABŞ-yə təhsil almağa gəlmişdi, qayıtmaq istəyirdi, amma planlarını dəyişdirdim (gülümsəyir). İki övladımız var: qızım Sabinanın sentyabrda 17 yaşı olacaq, oğlum Maksimilian isə 15 yaşındadır. Sabina üzgüçülüklə məşğuldur, məktəb komandasında çıxış edir. Maks isə bir çox idman növünü sınaqdan keçirdi və nəhayət, hokkeydə qərarlaşdı. Deyir ki, NHL-də oynamaq istəyir.

- Bu arada, Azərbaycanda yeni hokkey komandası yaradılıb. Yəni milli komanda üçün artıq potensial namizəd var...

- (gülümsəyir) Düz deyirsiniz. Nazir Fərid Qayıbov oğlumun hokkey oynadığını eşidəndə dedi ki, milli komandanın bir oyunçusu artıq var. Mən də dedim ki, məmnuniyyətlə Azərbaycanın şərəfini qoruyarıq.

- ABŞ-yə köçəndən sonra neçə dəfə Bakıya gəlmisiniz?

- 6 il sonar - 2001-ci ilin noyabrında Bakıya Dünya azərbaycanlılarının qurultayına dəvət olunduq. Ulu öndər Heydər Əliyevin çıxış etdiyi tədbirə qatıldıq. O vaxt Bakı hələ çox dəyişməmişdi, çünki Azərbaycan gənc dövlət idi.
Növbəti dəfə yalnız 2022-ci ildə gəldim. Bakı tanınmaz dərəcədə dəyişmişdi, üç həftəlik gözəl bir tətil keçirdik. İndi də 3 il sonra bir daha buradayam. Ailə üzvlərim - həyat yoldaşım və uşaqlarım - ilk dəfə Azərbaycana gəlirlər və şəhərə heyran qalıblar.

- Sizə hansı Bakı daha doğmadır - indiki, yoxsa gənclik illərinizin şəhəri? Bir çox köhnə bakılılar deyir ki, artıq Bakının əvvəlki ab-havası qalmayıb…

- Bu çox yaxşı sualdır. Zamanla hər şey dəyişir - insanlar da, şəhərlər də. Mənim böyüdüyüm küçə çoxmillətli idi: bir kvadrat kilometr ərazidə həm məscid, həm rus və erməni kilsəsi, həm də sinaqoq yerləşirdi. Orada azərbaycanlılar, ermənilər, ruslar, yəhudilər, almanlar, yunanlar yaşayırdı. Həqiqətən də bu, bir növ "qarışıq sous" idi. İndi, təbii ki, bu müxtəliflik daha azdır.
"Xoşuma gəlir" və ya "xoşuma gəlmir" demək düzgün olmazdı. Həm o vaxtın, həm də indinin öz üstünlükləri və çatışmazlıqları var. Mən Bakını sevirəm, onun istiliyini hiss edirəm - bunu köhnə küçələrdə gəzərkən, insanlarla ünsiyyətdə olarkən duyuram.
Başa düşün, mən cavan olanda atam tez-tez deyirdi ki, Bakı üçün çox darıxır, mən isə cavab verirdim: "Nəyə darıxırsan ki? Ailən buradadır, daha nə istəyirsən?" İndi onu çox yaxşı anlayıram. ABŞ-də yaşaya-yaşaya Azərbaycan musiqisinə qulaq asmağa başlamışam. Halbuki mən İtaliya estrada musiqisi ilə böyümüşəm - Çelentano, Toto Kutunyo… Amma indi azərbaycanlı ifaçılar mənə daha doğmadır. Musiqi dinləyəndə bədənimə titrəmə gəlir, bəzən göz yaşlarımı saxlaya bilmirəm.
Bəzən qulaqlıqlarda otururam, həyat yoldaşım yaxınlaşır və soruşur: "Hər şey qaydasındadır? Niyə burnunu çəkirsən?" (gülür). İnsan yaşlandıqca daha həssas olur. Azərbaycan həmişə mənim qəlbimdə olub - indi də, ABŞ-də rinqə çıxanda da.

- Gənclər və idman naziri Fərid Qayıbovla görüşünüzdən danışın.

- Keçən şənbə hamının yaxşı tanıdığı Yaşar Məmmədovun yubileyi qeyd olunurdu. O da Vidadi küçəsində böyüyüb, bizim qonşumuz idi. Atam həmişə onunla əlaqə saxlayırdı. ABŞ-yə köçəndən sonra da əlaqəmiz kəsilməmişdi. Hətta oğlu İlqar Məmmədov 1996-cı ildə Atlantada ikinci dəfə Olimpiya çempionu olanda biz Olimpiya kəndinə gedərək Yaşar müəllim və onun oğlu ilə görüşmüşdük.
Yubiley tədbiri zamanı Yaşar müəllimin oğullarından biri məni Fərid Qayıbovla tanış etdi. O, yaxın masada əyləşmişdi. Əlaqə nömrəmi götürdülər və artıq ertəsi gün görüşə dəvət olundum.
Düşünürəm ki, nazir çox böyük işlər görür - bu, azərbaycanlı idmançıların beynəlxalq arenada qazandığı uğurlarda da görünür. Bakıda çoxsaylı iri turnirlər keçirilir, o cümlədən Formula-1 üzrə Azərbaycan Qran-Prisi. Son uğurlardan biri isə paytaxtda keçirilmiş UFC turniri oldu.
Nazir dedi ki, gələn il daha bir UFC turniri planlaşdırılır və məni həmin tədbirə dəvət etdi.

- ABŞ-də yaşadığınız müddətdə Azərbaycan idmanını izləyə bilirdinizmi?

- Bəli, mütəmadi Azərbaycan idman portallarını oxuyuram, idmançılarımızın uğurlarını izləyirəm. Bildiyimə görə, hazırda Azərbaycan prezidenti İlham Əliyev ABŞ-də rəsmi səfərdədir. Yeri gəlmişkən, həm ulu öndər Heydər Əliyevlə, həm də oğlu, hazırkı prezident İlham Əliyevlə ABŞ-də olduqları zaman, 2000-ci illərin əvvəllərində tanış olmuşam. Ola bilər ki, cənab Prezident məni hələ də xatırlayır (gülümsəyir).

- Peşəkar boksdakı təcrübənizi nəzərə alaraq, sizinlə əməkdaşlıq məsələsi müzakirə olunubmu?

- Bəli, məşqçilərlə danışmışam. Onlardan biri hazırda Əli İsmayılovla işləyir. Onlar məndən azərbaycanlı boksçuların ABŞ-də peşəkar boksda tanıdılması yolları ilə maraqlandılar. Mən söz verdim ki, tanıdığım menecer və promouterlərlə əlaqə yaradacağam və bacardığım qədər kömək edəcəyəm.
Fikrimcə, bu çox yaxşı ideyadır. Ola bilər ki, gələcəkdə həm həvəskar, həm də peşəkar boks üzrə bir şou təşkil edək. Azərbaycanın böyük potensialı var və əminəm ki, bizim boksçular Amerika rinqində də özlərini layiqincə göstərə bilərlər.

Teymur Tuşiyev
İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:58

"Səbail" "Araz-Naxçıvan"dan Tuqay Əlizadəni transfer etdi

Futbol
Bu gün, 19:48

UEFA Yamal və Levandovskini antidopinq qaydalarını pozduqları üçün cərimələyib

Futbol
Bu gün, 19:36

"Nyukasl" Kolo Muanini transfer etmək istəyir

Futbol
Bu gün, 19:29

"İmişli" "Sumqayıt 2" ilə heç-heçə etdi

Futbol
Bu gün, 19:27

Tuqay Əlizadə "Araz-Naxçıvan"dan "Səbail"ə transfer olundu

Futbol
Bu gün, 19:26

"Vulverhempton" Devid Meller Volfu transfer etdi

Futbol
Bu gün, 19:14

Eduardo Kunde: "Komandaya adaptasiya olmağa çalışıram"

Futbol
Bu gün, 19:08

Eduardo Kunde: "Qəbələ"yə adaptasiya olmağa çalışıram

Futbol
Bu gün, 19:02

Eduardo Kunde: "Tezliklə çempionatda oynamağa hazır olacam"

Futbol
Bu gün, 18:59

Duşan Tadiç "Əl-Vahda" ilə müqavilə imzaladı - RƏSMİ

Futbol
Bu gün, 18:51

Komanın "Əl-Nəsr"ə keçidi gündəmdə

Futbol
Bu gün, 18:33

"Liverpul" Jotanın formasından gələn gəliri LFC Fonduna bağışlayacaq

Futbol
Bu gün, 18:29

"Zirə" - "Şamaxı" yoxlama oyununun vaxtı və məkanı dəyişdi

Futbol
Bu gün, 18:27

Şahin Diniyev: "Omoniya" "Araz-Naxçıvan"ı hər cəhətdən üstələdi, geridönüş çətindir

Futbol
Bu gün, 18:08

Bəxtiyar Həsənalızadə: "Omoniya" "Aris"dən iki dəfə güclüdür, yorğunluq oldu - MÜSAHİBƏ

Futbol
Bu gün, 18:07

Şahin Diniyev: "Araz-Naxçıvan" - "Omoniya" cavab oyunu imic baxımından vacibdir

Futbol
Bu gün, 18:00

FİF əməkdaşları Qazax və Ağstafada klubların dayanıqlılığını müzakirə edib

Futbol
Bu gün, 17:50

Julio Romao: "Əvvəlcə "Ludoqorets"i məğlub etməliyik, sonra "Qarabağ" haqqında düşünərik"

Futbol
Bu gün, 17:40

İlya Zabarnı PSJ-yə transfer olunur: 67 milyon avroya razılaşma əldə olundu

Futbol
Bu gün, 17:34

Futbolun İnkişaf Fondunun əməkdaşlarının Ağstafa və Qazax rayonlarına səfəri: klublara dəstək və sosial layihələr

Futbol
Bu gün, 17:32

"Beşiktaş" Yakub Arda Kılıçı "Novi Pazar"a icarəyə verib

Futbol
Bu gün, 17:20

Robert Levandovski zədə səbəbindən "Komu" ilə oyunu buraxacaq

Futbol
Bu gün, 17:16

Futbolun İnkişaf Fondunun əməkdaşları Ağstafa və Qazax rayonlarında klubların dayanıqlılığını müzakirə edib, idman ləvazimatları bağışlayıb

Oxşar xəbərlər