"Oyunun ilk hissəsində istədiyimiz basketbolu oynadıq. Həm hücumda, həm də müdafiədə bu, belə oldu. Məşqdə çalışdıqlarımızı yerinə yetirdik".
İdman.Biz xəbər verir ki, bu sözləri "Gəncə" basketbol klubunun baş məşqçisi Murad Dikmen komandasının "Universitatya Krayova"ya məğlubiyyətindən (96:105) sonra matçı şərh edərkən deyib.
Mütəxəssis görüşün gedişatını dəyərləndirib, sıx oyun qrafiki və zədələr səbəbindən yaşanan rotasiya çətinliklərinə diqqət çəkib:
"Fasilədən sonraya müəyyən qədər yaxşı başlamasaq da, tezliklə toparlandıq. Yenidən nəzarəti ələ aldıq. Təəssüf ki, son periodda rotasiyadan az istifadə edə bildik. Çox yorulduq. 7 günə 3 matç keçirmişik. Yorulduğumuz üçün sadə top itkiləri etdik. Müdafiədə səhv edib, hücumda nəticə ala bilmədik. Nəzarəti itirdik və uduzduq. Səhvləri aradan qaldırmaq üçün çalışacağıq. Təslim olmayacağıq. Mən bəhanələrə sığınmağı sevmirəm. Amma bəzi şeyləri demək lazımdı. Kapitanımız, oyun quranımız Carvis Qarret zədəlidir. Nik Ellinqton da zədəyə görə oynaya bilmir. Yerli basketbolçularımıza təşəkkür edirəm, komandaya dəstək verirlər. Rollarını yaxşı başa düşürlər. Zədəlilər sıraya döndükdən sonra tam komanda ilə məşq keçmək istəyirik. Məqsədimiz həm Avropa Kubokunda, həm də liqada ev oyunlarını qələbə ilə başa vurmaqdır".