"San-Antonio Spurs"un fransalı mərkəz oyunçusu Viktor Vembanyama NBA-nın müntəzəm çempionatında "Finiks Sans"la qarşılaşmada tarixi göstəriciyə imza atıb.
İdman.Biz xəbər verir ki, 22 yaşlı basketbolçu matç ərzində 40 xal toplayıb, 11 ribaund götürüb, 9 blokşot edib və 2 dəfə üçxallıq atışdan dəqiq yararlanıb.
"StatMuse" nəşrinin apardığı araşdırmaya görə, NBA tarixində indiyədək heç bir basketbolçu bir oyunda bu dörd göstəricinin hamısına eyni vaxtda nail olmayıb. Vembanyama isə bu statistikaya cəmi 25 dəqiqə ərzində çatıb.
Bununla yanaşı, fransalı basketbolçunun meydanda olduğu müddətdə komandası rəqibini 30 xal üstələyib ("+30").
Vembanyama NBA tarixində ən azı 10 oyunda eyni vaxtda 30 və daha çox xal, 10 ribaund, 5 blokşot və 2 dəqiq üçxallıq atış qeydə alan yeganə basketbolçudur.
Qeyd edək ki, Vembanyama cəmi bir neçə gün əvvəl də tarixi göstərici ilə yadda qalıb. O, noyabrın 5-də "Dallas Maveriks"lə oyunda 52 xal toplayıb, 24 ribaund götürüb və 8 blokşot edərək şəxsi rekordunu yeniləyib.