"Həyatdan zövq almağa çalışıram" - Frenki de Yonq

Sayta qoyulub: 08:14 11.01.2019 (158 dəfə oxunub)

"Yohan Krayfla müqayisə edilməkdən yalnız müşərrəf ola bilərəm. Ancaq məncə, biz ikimizi müqayisə etmək o qədər də düzgün olmaz. Yohan futbolçu keyfiyyətlərinə görə məndən çox yaxşı olub. Heç vaxt o səviyyəyə çata bilməyəcəm. Özümü Krayfla müqayisə etmək istəmirəm. Məncə, bunu edən insanların əsl məqsədi heç müqayisə də deyil. Onlar aramızda bəzi bənzərliklərin olduğunu düşünürlər. Onun videolarını izləyirəm. Topla davranışı, oyunu görmə tərzi, sadəcə, möhtəşəmdi.

Adətən, yarımmüdafiəçilər sadəcə pas verməklə kifayətlənirlər, mən isə driblinq bacarığımı nümayiş etdirməyi də sevirəm. İnsanlar çox risk etdiyimi düşünürlər, ancaq mən eyni fikirdə deyiləm. Çünki o qədər də çox top itirmirəm.

Erkən yaşlarımdan bu formada oynamışam. Hazırkı xüsusiyyətlərimdə dəyişikliyə getməyin yaxşı bir şey olduğuna inanmıram. Uşaqlıqda necə oynayırdımsa, eyni formada davam edərək əsas komandada oynamaq haqqı qazanmışam. İndi niyə dəyişməliyəm? Bəziləri deyirlər ki, "yetkin" futbol oynamaq gərəkdi. Ancaq nəzərə almaq lazımdı ki, Lionel Messi də "yetkin" futbolun nümunələrindən birini nümayiş etdririr. Sadəcə, o, digərləri ilə müqayisədə çox yaxşıdı. Driblinqlə önünə çıxanı keçir və rəqibləri gözə uşaq kimi görünürlər.

Meydanda olanda intuisiyama əsaslanıram. Eyni zamanda, oyunun gedişatı haqqında da çox fikirləşirəm. İntuisiya hesabına yalnız top qəbul edib, dərhal filan şeyi edəcəyimə dair qərarlar vermirəm. Bilirəm, bəzən kənardan belə görsənir.

Yaxşı oyunçuların əksəriyyəti intiusiyaları hesabına oynayırlar. Hamıda az-maz sezmə qabiliyyəti olur. Bunun sonradan öyrəniləcək bir şey olub-olmadığını isə bilmirəm. Bəzən planlaşdırıram. Həmişə pas axtarışında oluram. Həmişə komanda yoldaşımı görməyə çalışıram: "Boşdu, yoxsa yox?" Sonra, onsuz da, nə edəcəyini bilirsən. Ancaq bəzən situasiya dəyişə bilir. O zaman reaksiya vermək məcburiyyətində qalırsan və intiusiyanı işə salırsan. Topu qəbul edərkən beynimdə meydanın şəklini çəkməyə, oyunçuların harada qərarlaşdığını görməyə çalışıram. Yarımmüdafiəçilər üçün bu, ən əsas özəlliklərdən biridi.

Böyük futbolçuları, xüsusilə də texniki aspektlərinə görə yaxşı olanları və oyunu başa düşənləri izləməyi sevirəm. Necə hərəkət etdiklərini görməyə çalışıram. Başda yarımmüdafiəçilər olmaqla, belələri çoxdu. "Barselona" və "Mançester Siti"dən adlar çəkmək olar, sonra "Çelsi"də Jorjinyo var. Bir şeylər öyrənəcəyin çox adam var. Müdaxilələr etmək də işin parçasıdı. Təbii ki, oyunun müdafiə tərəfini də gözardı etməməlisən, ancaq mən oyunu anlayan, görmə qabiliyyəti yüksək oyunçuları izləməyi sevirəm. Jorjinyo onlardan biridi.

Quardiolanın, "Barselona"nın tərzini sevirəm. Topu dərhal ələ keçirirsən və müxtəlif kombinasiyalar hesabına özündə saxlamağa çalışırsan. Kənardan izləyəndə, meydana çıxıb dostlarınla futbol oynamaq və həzz almaq istəyirsən. "Siti" və "Barselona" bu mənada əla nümunələrdilər.

Gələcəkdə nələrin baş verəcəyini təxmin etmək çətindi. Sadəcə, bu mövsümü yaxşı formada "Ayaks"da bitirmək istəyirəm. Sonrasına baxarıq. Bəlkə daha bir mövsüm qalaram, bəlkə də, ayrılaram. Əmin deyiləm. Haqqımda çıxan transfer iddialarına fikir vermirəm. Təbii ki, qulağıma çatır, ancaq bütün diqqətimi mövsümü yaxşı tamamlamağa yönəltmişəm.

Mən elə mənəm. Hamıya qarşı mehriban olmağa çalışıram. Təbii ki, mövzu meydana çıxıb qalib gəlməkdisə, təzyiq hiss etdiyim olur, amma futbol oynayanda "Bu gün yaxşı deyiləm, media məni sərt formada tənqid edəcək" deyə düşünmürəm. Həyatdan zövq almağa çalışıram" - Frenki de Yonq (dekabr, 2018).

 

 

"Həyatdan zövq almağa çalışıram" - Frenki de Yonq

 

 

Rüfət Məcid

XƏBƏR LENTİ