AFFA aşağı yaş qrupları üzrə yığmalara məşqçilər tapıb

Sayta qoyulub: 10:35 10.01.2019 (120 dəfə oxunub)

AFFA aşağı yaş qrupları üzrə yığmalara məşqçilər tapıb

 

AFFA milli komandaya baş məşqçi tapa bilmir. Ötən ilin sonuna kimi bu məsələ yekunlaşmalı olsa da, hələlik real addım yoxdu. Hətta yavarın ilk günləri də boşa verilib.
 
İndi bəlli olur ki, Qurban Qurbanovun postundan tələsik uzaqlaşdırılması başqa planın tərkib hissəsi imiş. Onun yerinə heç də daha yaxşı namizəd tapılmayıbmış. Sadəcə, AFFA bu məşqçini qarayaxma ilə təcili postundan uzaqlaşdırıb, əcnəbi üçün yol açmaq istəyirmiş.
 
Amma indi yeni məşqçi tapılması da müşkülə çevrilib. 10-a yaxın əcnəbi mütəxəssislə danışıq aparılsa da, heç kim Avro-2020-nin final mərhələsinə vəsiqə vədi vermir, danışıqlar da bu üzdən müsbət yekunlaşmır. AFFA-nın qarşısına ölkə rəhbərliyi tərəfindən belə taşırıq qoyulub və hazırda məhz bunu boynuna götürəcək biri axtarılır. Qeyri-real hədəfə isə heç kim “hə” demir.
 
AFFA aşağı yaş qruplarıyla bağlı məsələləri isə yoluna qoyub. U-21 Milan Obradoviçə tapşırılacaq və o, yeganə namizəddi. Bir çox məşqçiylə danışıq aparılıb və serblə razılıq əldə olunub. Bütün məçqçilərlə anlaşma dəqiqləşəndən sonra İcraiyyə Komitəsi yığışıb, təyinatları təsdiqləyəcək.
 
19-un Samir Əliyevə tapşırılacağı da dəqiqdi. Lakin o, bu komandanı növbəti tsikl üçün qəbul edib, daha çox 18 yaşlıları bir araya gətirəcək, elit-raunda yüksələn U-19-u isə bu yarışa uğurun memarı Vüqar Məmməd aparacaq.
 
Vüqar missiyanı başa vurduqdan sonra başqa posta təyinat alacaq. O, yeni mövsümdən U-17-ni çalışdırmalıdı. AFFA bu komandaya əcnəbi gətirməkdən vaz keçib və Məmmədə daha bir şans verəcək.
 
Futbol qurumumuz U-16 millisini ləğv etmək planından da daşınıb. Qərara alınıb ki, bu komanda saxlanılsın və ona “Neftçi” akademiyasına rəhbərlik edən Mik Bennet təyin edilsin. Lakin bu məsələ tam dəqiqləşməyib.

XƏBƏR LENTİ