"Arsenal"da çalışan məşhur skaut Sven Mislintat

Sayta qoyulub: 14:46 17.12.2018 (195 dəfə oxunub)

 "Die Zeit" Dortmund "Borussiya"sından tanıdığımız, hazırda "Arsenal"da çalışan məşhur skaut Sven Mislintatla söhbətləşib. 

 

- Oyunlardan əvvəl - isinmə hərəkətləri zamanı futbolçuları izlədiyiniz doğrudu?

- Stadionda isinmə hərəkətlərini izləməyi sevirəm. Məsələn, bəzən oyunun gedişində hansısa hücumçunu hadisələrin mərkəzində görə bilmirsən, ancaq isinmə hərəkətləri zamanı onun keyfiyyətlərinə bələd olursan. Düzdü, elə futbolçular var ki, məşqdə parlasalar da, oyunda komandaya fayda vermirlər. Bəziləri isə ancaq oyun zamanı maksimumunu göstərir. Təfəkkür məsələsidi. Matç matçdı, isinmə isə adından da bəlli olduğu kimi, isinmə.

- Skautinqdə sizin üçün ən çox önəm ərz edən məsələ nədi?

- Datalarda öz əksini tapmayan kiçik detallar. Məsələn, “Münhen 1860”da oynadığı dönəmdə izlədiyim Yulian Vayqldan nümunə göstərə bilərəm. O, kiçik bir çiyin hərəkəti ilə bütün meydanı gözdən keçirə bilir - belə şeylər. Adətən, xüsusi özəlliklərin axtarışında oluram. Daha bir nümunə: sürət və bitiricilik baxımından dəqiqliyi özündə birləşdirən Obameyanq. Bu, onu digərlərindən fərqləndirir. Və ya İnyestanın futbol beyninə sahib biri.

- İnyestanın beyni?

- Rəqibi daim görmə bucağında saxlayıb, topa baxmadan onu qəbul etmək və futbolu təbii formada oynamaqdan danışıram. O, bunları edərkən düşünmür: proses avtomatik şəkildə baş verir. Sanki hər hərəkət beyninə həkk olunub. Bu tip situasiyalarda futbolçuların düşünməyə ehtiyacı olmamalıdı. U-18-lərin oyununda Usman Dembeleni görəndə...

- Sizin “Borussiya”ya məsləhət gördüyünüz və 100 milyon qarşılığında “Barselona”ya satılan futbolçu...

- Mən onu görəndə “Renn”in əsas heyətində bir matça belə çıxmamışdı. Mərcə girərəm ki, spesifik situasiyalarda hansı ayağından istifadə etdiyini sizə deyə bilməz. Çünki o, həmin anlarda bu barədə düşünmür. Hisslərim mənə onun xüsusi oyunçu olduğunu deyirdi. Sindzi Kaqava da elə idi. Onu yarım saat izlədikdən sonra qərarımda qəti idim. Meydanda toxunulmaz idi və matçın gedişatını bir hərəkəti ilə dəyişə bilirdi.

- Xarakter kimi, texniki olmayan bacarıqlar barədə nə deyə bilərsiniz? Oyunçunun zəka səviyyəsini necə müəyyənləşdirirsiniz?

- Bu, ən çətin olanıdı. Danışmaq, xüsusi sual metodlarından istifadə etmək lazımdı. Ancaq artıq menecerlər futbolçuları əvvəlcədən bu tip görüşlərə hazırlaşdırırlar. Güman ki, işin o tərəfini belə, meydanda anlayırsan – xüsusilə də matçın son 15-20 dəqiqəsi ərzində.

- Son 15-20 dəqiqə sizə nə verir ki?

- Komanda hesabda 0:3 geri olmasına baxmayaraq, futbolçu hələ də əlindən gələnin ən yaxşısını edirmi? Çətin vəziyyətlərdə necə reaksiya verir? Sərtlik, meydanda xarakter nümayiş etdirmək, aqressiya – bu tip şeylər oyunun son dəqiqələrində özünü büruzə verir.

- Deyirlər ki, Dembele özünü “Barselona”nın gözünə "soxub"...

- Belə şeylərə görə transfer reallaşmır. Rəhbərlik səviyyəsində atılan imzalardan söhbət gedir. Ağlayıb-sızlamaq əvəzinə, klub əvvəlcədən transfer edəcəyi futbolçunun pis və yaxşı tərəflərini analiz etməlidi. Düzdü, Usman məşqə əvvəllər də gecikirdi. Ancaq onun meydanda özündən icad etdiyi strategiyalar, meydanın hər qarışından istifadə etməsi... – bunlar bizim üçün hər şeydən öndə gəlirdi. Usman öz oyunu ilə matçların taleyini həll edirdi. 2017-ci ildəki kubok zəfərimizin əsas səbəbkarlarından biri o idi. Futbolun gedişatına təsir edən yüksək səviyyəli futbolçuların əksəriyyətinin uşaqlığı çətin keçib. Onların müvəffəqiyyətə, uğura bu qədər ac olmasının təməlində bu məsələ dayanır. Onların daxilində xüsusi motivasiya mənbəyi olur. Madeyradan bir uşaq var idi, indi adı hamıya məlumdu – Kriştianu Ronaldu. “Sportinq”in akademiyasında olduğu dönəmdə icazəsiz olmasına baxmayaraq, axşamlar bəzi komanda yoldaşları ilə birlikdə divarı aşıb yaxınlıqdakı kluba məxsus trenajor zalına gedərmiş. Ağırlıq məşqləri ilə yanaşı, orada topla da çalışarmış. Bu barədə hekayələr gəzirdi...

- Xahiş edirəm, qaldığınız yerdən davam edin.

- Təxminən üç ay sonra trenajorun nəzarətçilərindən biri rəhbərliyə şikayət edib: “Bir uşaq var. Gecəyarısına kimi topu zalın divarlarına vurur. Nə edim mən?” Həmin şəxsə uşağın işinə qarışmaması tapşırılır. Federer, Şumaxer... – hə, belə müstəsna istedada sahib atletlər də var. Talant məsələsinin genetika ilə heç bir əlaqəsi yoxdu.

- Ancaq?

- Ancaq əsas fərq yaradan şey saatlarla öz üzərində işləmək, məşq etməkdi. Küçələr və ya futbol meydançası, fərq etməz. Brazilya favelalarındakı bir uşaq 12 yaşına qədər artıq orta hesabla 10 min saat futbol oynamış olur. Almanyadakı uşaq isə bu rəqəmə yaxın belə, düşə bilməz.

- Dortmundda doğulmusunuz. “Borussiya” seçimi daxildən gələn bir şey idi?

- “Borussiya”ya şef-analitik təyin olunmamışdan öncə Bundesliqada və rəqib analizi üzərində çalışan bir şirkətdə işləmişəm. 2005-ci ildə isə sərbəst rejimdə çalışmağa başladım. “Fortuna Düsseldorf”la əməkdaşlıq etməklə yanaşı, Dortmund “Borussiya”sının ikinci komandası üçün analizlər hazırlayırdım. İlk dəfə 2006-cı ilin oktyabrında “Borussiya”nın idman meneceri Mixael Çorkla görüşmək imkanım oldu. Ona klubda çalışmaq istədiyimi, qələbə və ya məğlubiyyəti birbaşa daxilimdə yaşamaq niyyətində olduğumu dedim. Sərbəst iş rejimində bu hisslər əskik idi.

- Dərhal sizi işə götürdülər?

- Komandanın son matçı haqqında analiz videosu hazırlamağımı və növbəti potensial komanda iclasının mövzusunu və gedişatını müəyyənləşdirməyim üçün mənə 48 saat vaxt verdilər. Mixael Çork skautinq və analiz departamentini yeniləmək niyyətində idi. Nəticədə mənə güvəndi və işi verdi. Verilənlər bazasını, video arxiv və taktiki kameralarla texniki skautinq sistemlərini qurdum.

- Deyəsən, əlinizdən hər iş gəlir...

- Çox keçmədən – mənim üçün ən önəmli mentorlardan olan Yürqen Kloppun komandaya gəlişi ilə şef-skaut və şef-analitik oldum. Həmçinin oyunda fasilələr zamanı istifadə olunan canlı matç analizlərini də hazırlayardım. İndi bu iş üçün ayrıca mütəxəssislər var.

- Taktiki olaraq komandanı analiz edən adamlar fərd – futbolçu analizində də yaxşı olurlar?

- Düzü, ilk əvvəl futbolçunun gələcəkdə necə biri olacağını təxmin edə bilmirdim. Odu ki, özümü təkmilləşdirmək üçün başqalarının iş prosesini izləməyə başladım. Oyun analizindəki bilgim “Arsenal”da hədsiz dərəcədə işimə yaradı. Arsen Vengerin davamçısını axtararkən məşqçi namizədləri ilə saatlarla davam edən müsahibələrimiz olurdu. Futbolla əlaqədar müzakirələrə girən, sualları ünvanlayan şəxs mən idim. Onların ağlındakı oyun tərzinin nəyə bənzədiyini tuta bilmək üçün çalışdırdıqları komandaların 5-6 matçını izləmişdim. Bu sayədə məşqçi namizədləri ilə müzakirə apara bilərdim.

- Elə çıxır ki, “Arsenal”da təkcə istedadların aşkara çıxarılması işinə cavabdeh deyilsiz?

- Elədi. Unay Emerinin təyinatı prosesində iştirak edən komandanın bir üzvü də mən idim. “Heyətə cəlb etmə/komplektləşdirmə“ departamentinin rəhbəri olmaq təkcə mümkün hədəfləri müəyyənləşdirmək yox, həm də onların cəlbi prosesində birbaşa iştirak etmək deməkdi. Hətta “Borussiya”da işlədiyim dönəmdə də də konkret bir öhdəliyim yox idi. Məsələn, PSJ-dən Dan-Aksel Zaqadunun və ya “Mançester Siti”dən Ceydon Sançonun transferi zamanı onların özü, menecerləri və ailələri ilə danışıqlar aparmışdım. Dan-Aksel ilə anlaşdıqdan sonra atası oğluna göz-qulaq olmağı mənə tapşırmışdı.

- Transfer prosesinin hansı fazasında məşqçi sözünü deyir?

- Adətən, sonda. Məşqçini 5 dəfə xaricə göndərə bilməzsən. Bəzən hamının – futbol direktoru, rəhbərlik, məşqçi – oyunçunu izləyəcəyi günə qədər onun haqqında 6-10 həftəlik analizlər hazırlamaq məcburiyyətində qalırsan. Sonra oyun günü gəlib çatır və o, bərbad performans ortaya qoyur. Və ya komanda yoldaşları ilə, hakimlə mübahisələrə girir. Son təəssüratlar bəzən transferin baş tutmamasına belə, səbəb olur.

- Sonra?

- Ya sonuna kimi mübarizə aparırsan, ya da yeni oyunçu ilə sıfırdan başlamalı olursan. İşimiz budu.

- Çox səyahət edirsiniz?

- Futbolçunun oyununu birbaşa, yerindəcə izləmək önəmlidi. Ancaq mən mövsüm ərzində 250 oyunu canlı izləməyin tərəfdarı deyiləm. Səyahət vaxt itkisi deməkdi. Onun əvəzinə, heç yerə getmədən, bir gecə ərzində video formasında 5-6 futbolçunun 3-4 oyununu birdən izləyib, analiz edə bilərəm. Ölkə bazarının sistematik analizinə daha çox üstünlük verirəm. Yəni hansısa daxili çempionatın tamamını gözdən keçirirəm və ümumi verilənlər bazası və videolardan istifadə edirəm.

- Bir az detallı izah edə bilərsiniz?

- Mən və komandam gün ərzində hansısa spesifik liqadan, məsələn, İsveç çempionatından 2-3 oyun izləyirik. Sonda diqqətimizi çəkən futbolçuların adlarının olduğu portfel hazırlayırıq. Ardınca rəqəmlərə baxırıq və detallı videoların üzərində çalışırıq. Yalnız bundan sonra həmin ölkəyə yollanıb, oyunçunu canlı izləyirik. Cəmi 2-3 həftə ərzində bütün liqanı ələk-vələk edirik və izləməli olduğumuz futbolçuların siyahısı hazır olur.

- Heç olub ki, datalar sizi yanıltsın?

- Həmin datanı analiz etməyi bacarmaq lazımdı. Yulian Vayql “Münhen 1860”da oynayanda hətta topla olan göstəriciləri belə, orta idi. Amma bu, onun “box to box” oyunçusu olaraq rolu ilə əlaqədar idi. Uzun toplar birbaşa üçüncü zonaya hesablanırdı və topla təması məhdudlaşırdı. Əksər hallarda gənc futbolçuların oyunun taktiki tərəfini anlamaq üçün kifayət qədər zamanı olmur. Düşündük ki, Vayqlı dayaqda oynadıb, ətrafına daha yaxşı sprinti olan futbolçuları qoysaq, tamamilə başqa profildə bir oyunçu olar. Beləliklə, o, toppaylayan və oyunun tempini nizamlayan futbolçu funksiyasını yerinə yetirə bilər. Matteo Genduzi haqqında da eynisini deyə bilərəm.

- Fransa ikinci divizionunda kəşf etdiyiniz futbolçu...

- Mən onu “Loryan” hələ birinci divizionda olanda görmüşdüm. Sözügedən klubun fəaliyyətini çox bəyənirəm, həmişə maraqlı futbolçular yetişdirirlər. Genduzi uzun saçları və xarakteri ilə ön plana çıxırdı. Amma mən diqqətimi eyni zamanda onun zəif tərəflərinə də yönəltmişdim. Düşünürdüm: görəsən, məşq etməklə bu çatışmazlıqlar aradan qalxa bilər? Matteo meydan boyunca lüzumsuz şəkildə çox qaçırdı. Ancaq bu məsələni həll etmək məşq və bir az zaman tələb edirdi. Bu, bizim üçün önəmli transfer idi. Çünki bütün dünyaya gənc oyunçulara güvənən köhnə “Arsenal” olduğumuzu göstərmək istəyirdik.

- Oyunçuları müəyyənləşdirmək üçün xüsusi alqoritmlərdən istifadə edirsiniz?

- Əgər topla oynaya bilən müdafiəçi axtarıramsa, kompyuterin köməkliyi ilə bu mənada dünyanın ən yaxşı futbolçularını tapa bilərəm. Bunun üçün onların ötürmələrini və driblinqlərini qiymətləndirən sistem var. Bir neçə il öncə dostlarla birlikdə bu tip analizlərə hesablanan “Matchmetrics” platformasını yaratdıq. Orada hücum oyunçularını yaratdıqları qol təhlükəsinə görə dəyərləndiririk. Müdafiə oyunçuları isə rəqib təhlükəsini aradan qaldırmaq bacarığına görə qiymətləndirilir.

- Və sonda sistem ideal oyunçunun adını deyir?

- 10-20 futbolçudan ibarət siyahı təklif edir. Onlardan bəziləri yaşlı ola bilər, aralarında klubla uzunmüddətli müqaviləsi olanlar da istisna deyil... Qalanı analitikin işidi. Ancaq data hər şeyi göstərmir. Sadəcə onları oxuyaraq bir yerə vara bilməzsiniz.

- Məsələn?

- Qaçış göstəriciləri. Bəzi oyunçular sırf məcburiyyət qarşısında qaldıqları üçün 12,5 km. qaçırlar. Çünki kifayət qədər çevik düşünə bilmir və rəqibə çatdırmaq üçün arxasınca qaçmaq məcburiyyətində qalır. Oyunçular da var ki 11 km. qaçırlar, ancaq hər şeyi düzgün edirlər. Boşluqlar yerindəcə bağlanır və əlavə şişirtmə statistikalar ortaya çıxmır.

- Premyer Liqadakı işiniz Bundesliqadan fərqlənir?

- Çox şey öyrənmişəm. Hamı artıq İngiltərə futboluna can atır. Hər şey siyasiləşib. Demək olar ki, hamının media ilə əlaqələri var. Onlar bu bağlantılardan transferlər üzərində təzyiq yaratmaq üçün istifadə edirlər. Özümü burada isbatlamağa çalışmaq mənim üçün də maraqlıdı. Klub olaraq “Borussiya” aşağı-yuxarı eyni səviyyədə idi, sadəcə, burada rəqabət böyükdü.

 

 

"Arsenal"da çalışan məşhur skaut Sven Mislintat

 

 

Rüfət Məcid

XƏBƏR LENTİ