Messinin hekayəsi (4-cü hissə): Leonun məktəb günləri

Sayta qoyulub: 08:25 11.12.2018 (223 dəfə oxunub)

Leo və Sintiya birlikdə məktəbə gedirdilər. Messinin bir qolunun altında dəftər-kitab, digərində isə top var idi. Məktəbin həyətinə çatar-çatmaz Leo topu yerə atdı və bir sağa, bir sola, uşaqların arasında ziqzaq hərəkətləri etməyə başladı.

Sinfin önündə Leoya yetişən Sintiya soruşdu: “Uşaqların sənə necə baxdığını gördün?” Çiyinlərini çəkən Leo cavab verdi: “Sadəcə, məşq edirdim”.

- Hamısı başını qaldırıb sənə baxırdı.

- Daha doğrusu, başlarını əyib. Hamı məndən uzundu.

- Mən başqa şeydən danışırdım.

Sintiya Leonun boy mövzusundakı narahatlığını bilirdi. Messi ən azı qız dostu qədər uzun olmaq istəyirdi.

Söhbətlərini bitirdikdən sonra sinfə daxil oldular. Leo ən arxada - Sintiyanın yanında oturdu.

Şagirdlər hamısı yerini tutduqdan sonra müəllim “15 dəqiqə vaxtınız var. Bitirən kimi qələmlərinizi partanın üzərinə qoyub, əlllərinizi qaldırın” dedi və imtahan kağızlarını payladı.

İmtahan cəmi 5 sualdan ibarət idi. Leo ilk əvvəl kağıza baxanda ümidli idi. Adətən, ilk suallar asan olur. Ancaq Leonun heç onlar haqqında da bir fikri yox idi. Odur ki, anidən ayağını Sintiyanın ayağına vurdu. Bu, onların arasında köçürmə siqnalı idi. Leo qırmızı dəsmalını Sintiyaya uzatdı və qız bir müddət sonra dəsmalı ona qaytardı. Artıq ilk sualın cavabı hazır idi.

On dəqiqə sonra Sintiya əlini qaldırdı. Sıraların arasında gəzən xanım Ferreto gülümsəyərək onun imtahan kağızını aldı. Yavaş-yavaş uşaqlar kağızları təhvil verirdilər. Leo da bir neçə dəqiqə keçdikdən sonra əlini qaldırdı.

Xanım Ferreto elə sinifdə imtahan nəticələrini yoxlayırdı: “Kağızları təhvil verən uşaqlar bugünkü oxu tapşırığını etsinlər”. Leo dərindən ah çəkdi və əzik-büzük olan kitabını çıxarıb oxumağa başladı.

Zəng vurulan kimi uşaqlar çölə çıxmaq üçün tez ayağa qalxdılar, yemək fasiləsi idi. Hamı bir-bir müəllimin önündən keçib sinfi tərk edirdi. Lakin xanım Ferreto Leoya icazə vermədi.

Şagirdlər sinfi tərk etdikdən sonra müəllim Leoya dedi: “İmtahan kağızın əladı”. Messi təşəkkür etdikdən sonra yenidən çölə çıxmağa çalışsa da, bu cəhdi də bir fayda vermədi. Sintiya ilə arasındakı dəsmal məsələsi xanım Ferretonun gözündən yayınmamışdı:

- Hara tələsirsən? Danışmalıyıq, hələ sözümü bitirməmişəm. İmtahan suallarını çox yaxşı cavablandırmısan. Hətta Sintiya ilə eyni qiyməti almısınız.

- Əladı ki...

- Hə, amma bütün cavablarınız sözbəsöz üst-üstə düşür.

Leo köçürdüyü hiss olunmasın deyə, sözlərin bəzilərini dəyişdirməli olduğunu bilsə də, bunu son anda unutmuşdu. Çünki ağlı başqa yerdə idi: gün əla başlamışdı və o, tezbazar imtahanı bitirib məktəbin həyətində topla oynamaq istəyirdi.

Müəllim sözünə davam etdi: “Ya Sintiya sənin cavablarına baxıb, ya da sən ondan köçürmüsən. Əslində, bunu anlamaq çox çətin deyil. Məncə, sən köçürmüsən”.

Utandığından müəllimin üzünə baxa bilmiyən Leo gözlərini yerə zilləmişdi. “Hə, Leo, danışmayacaqsan?” – xanım Ferreto isə məsələni həll etməkdə qərarlı idi. Nəticədə Messi məcbur qalıb Sintiyadan köçürdüyünü etiraf etdi:

- Keç arxa sıraya, otur.

- Məni sinifdan qovmayacaqsınız?

- Yox, sənə dərsi bir də izah edəcəm, sonra isə yenidən imtahan götürəcəm. Bu səfər özün imtahanı keçməlisən.

Beləcə, xanım Ferreto təkcə Leo üçün dərsi yenidən başa saldı.

Yemək saatı bitdikdən sonra şagirdlər sinfə qayıtsalar da, müəllim onları içəri buraxmadı. Bu arada isə Leo suallara cavab verməyə çalışırdı. Bir müddət sonra yekunlaşdırdı və qələmi partanın üzərinə qoyub əlini qaldırdı. Yenə 5 sual var idi, amma hamısı yeni idilər. Xanım Ferreto cavabları yoxlamağa başladı. O, kağıza baxdıqdan qısa müddət sonra cavablardan birinin üzərindən qırmızı xətt çəkdi. Leo qorxurdu ki, digər cavabların sonu da eyni olacaq. Ancaq müəllim ona baxaraq gülümsədi: “Təbrik edirəm, Leo, imtahandan keçdin”. Xanım Ferreto sözünü bitirdikdən sonra uşaqları içəri buraxdı.

Leo inana bilmirdi. İmtahandan keçmişdi – bu səfər Sintiya və qırmızı dəsmal olmadan.

Leo və Sintiya evə birlikdə qayıtdılar, ancaq yol boyunca aralarında səssizlik hakim idi. Sonda Messi sükunəti pozdu:

- Sintiya?

- Hə?

- Özümü, doğrudan da, əla hiss edirəm.

- Yəni qol vuranda hiss etdiyin kimi?

- Yox, heç bir şey qol vurmaq qədər gözəl deyil. (Maykl Part - "The Flea")

 

 

Messinin hekayəsi (4-cü hissə): Leonun məktəb günləri

 

 

Rüfət Məcid

XƏBƏR LENTİ