"Barselona" - 119

Sayta qoyulub: 14:28 29.11.2018 (221 dəfə oxunub)

"Barselona" - 119 / "Haqqında yazı yazılmayacaq qədər müqəddəs mövzular var"

"Bir klubdan daha artıq" - "Barselona"nın düsturu budu. "Barça" ilə müqayisədə "Mançester Yunayted" belə, üçüncü divizion klubu kimi görsənir. Hər həftə BBC-də yayımlanan və sadəcə "Yunayted"dən bəhs edən bir satira proqramı yoxdu. Salvador Dalinin qatılmaq istəyəcəyi qədər prestijli rəsm müsabiqəsi təşkil edə bilməzlər. 108 000 seriya nömrəli mövsümlük biletin Papaya məxsus olduğunu qeyd edib, bununla öyünmələri də mümkün deyil. O cümlədən, klubun muzeyi şəhərin ən çox ziyarət edilən yerlərindən biri ola bilməz ("Barça"nın muzeyini ziyarət edənlərin sayı Pikasso muzeyinə üstünlük verənlərdən daha çoxdu).

Barselonaya 1992-ci ilin oktyabr ayında getmişdim. Şəhər ən gözəl dövrünü yaşayırdı. Metrodakı mikrofonlardan daim yerli musiqiləri eşidə bilərdiniz. Mağazalardakı ispanca yazılar yeniləri ilə - katalonca olanlarla dəyişdirilirdi. Terroristlərin, narkotik maddələrin və boykotların ləkələyə bilmədiyi Yay Olimpiya Oyunları Barselonada keçirilmişdi və şəhər hər gün daha da gözəlləşirdi. Eyni ilin may ayında "Barselona" "Uembli"də "Sampdoriya"nı məğlub edərək tarixindəki ilk Avrupa Kubokunu qazandı.

"Nou Kamp" stadionu, həqiqətən də, dünyanın mərkəzidi. Həftə içi bir gün səhər stadiona getdim və dördüncü mərtəbədən ətrafa baxdım. Qərara gəldim ki, "Barça" ilə qarşılaşan hər komanda tuneldən meydana çıxdığı andan etibarən bunu etdiyinə peşman olur. Stadion demək olar ki, bir şəhər böyüklüyündədi: 120 min adam tutur, yəni Norviç şəhərinin əhalisi qədər. Bir tərəfdən də stadionu böyütmə işləri davam edirdi. Klub işçiləri şikayətlənirdilər: "Elə bir an gəlir ki, ən yuxarı mərtəbədən matçı izləyən azarkeşlərin teleskopa ehtiyac duyduğunu anlayırıq. Bax, o zaman tribuna inşasını dayandırmaq məcburiyyətində olduğumuzun fərqinə varırıq".

Ölkə, ya da idman növü fərq etməz, "Barselona" futbol klubu dünyanın ən böyük klubudu. Yaxşı, bəs niyə? Axı hər şeyin bir səbəbi olmalıdı.

Klub prezidentinin köməkçisi Nikolau Kasausla danışmaq imkanı əldə etmişdim. İngiliscə bilmədiyini demişdilər, amma çöldə gözləyərkən bir neçə dəfə Amerika şivəsi ilə "oturun!" dediyini eşitdim. Deyəsən, məşq edirdi. Otağına girəndə ispanca danışmağa başladı, ağzında siqar var idi. İlk olaraq, klubun düsturunun "Barselona"nın İspaniyada bir sosial statusu olduğu anlamına gəlib-gəlmədiyini soruşdum. Kasaus "Barça"nın siyasətə qarışmadığını dedi, klubun azarkeşləri arasında fərqli partiya və dinlərdən insanların olduğunu xüsusi vurğuladı. Elə isə düsturun anlamı nədi? Qəribə bir ifadə ilə, "Barselonizm böyük ehtirasdı" - deyə cavab verdi. "Reyncers", "Seltik" və "Barselona"nın idarəçiləri həmişə sadəcə bir klub olduqlarını deməyə üstünlük verirlər. Futbolçular da öz növbəsində: onlar heç vaxt rəhbərlərinin siyasi statusları haqda fikirləşmirlər. İdarəçilər və futbolçuların nə düşündükləri o qədər də önəmli deyil. Çünki bir klub azarkeşləri üçün nə anlam ifadə edirsə, odu.

Katalonlar özlərini ispan yox, katalon hesab edirlər. Bunu sübuta yetirmək üçün uzun müddət Madridlə mübarizə aparıblar. Məsələn, 1930-cu illərdə vətəndaş müharibəsində general Frankoya ən çox müqavimət göstərən bölgə Katalunya idi. Buna baxmayaraq, Frankonun öldüyü 1975-ci ilə qədər onun rəhbərliyi altında yaşadılar. Artıq Kataloniyanın öz regional hökuməti - "generalitat" var. Ancaq hələ də 5 milyon katalon daha artığını, bəlkə də, özlərinə məxsus dövlətin qurulmasını istəyir. Qatı "Barça" azarkeşi olan gənc iqtisadçı Jordi Torrebadelya deyirdi: "Avropanın dövlət olmadığı halda, ən güclü ulusu Kataloniyadı. Bizi Şotlandiya ilə müqayisə edə bilməzsiniz, çünki biz öz dövlətimiz içərisində Şotlandiyanın Birləşmiş Krallıq daxilində olduğundan daha güclüyük. Biz İspaniyanın digər bölgələrinə maliyyə yardımı göndəririk, Şotlandiya isə İngiltərədən yardım alır". Ya da Krayfın 1973-cü ildə "Barça"ya transfer olduğu zaman öyrəndiyi kimi: "Bizim qazandığımızı Madriddə yeyib bitirirlər".

Katalon sosioloq Luis Flaquerdən mənə "Barça" haqqında bir şeylər öyrənə biləcəyim kitablar təklif etməsini istədim. Bircə dənə kitab tapa bildi, o da 20 il öncə yazılmışdı. Niyəsini soruşanda belə cavab verdi: "Haqqında yazı yazılmayacaq qədər müqəddəs mövzular var. Bəzi mövzular da var ki, yazı yazılmayacaq qədər bayağıdılar". "Bayağı" ifadəsini işlədəndə futbolu nəzərdə tutduğunu düşünmüşdüm, amma Flaquer sözümü ağzımda qoydu: "Barça", haqqında yazılmayacaq qədər müqəddəsdi".

Katalon qürurunun ən önəmli mənbəyi olan "Barça" Kataloniyadan yüz dəfə məşhurdu. Hətta İspaniyanı Franko idarə edərkən ulusun yeganə qürur mənbəyi "Barselona" idi. Futboldan bezmiş bir ispan qadından "Barça"nın "Real"ı məğlub etməsinin niyə bu qədər önəmli olduğunu öyrənməyə çalışdım. Cavab verdi: "Franko özərkimizi yox elədi, dilimizə qadağa qoydu və o, "Real" azarkeşi idi".

Deyilənə görə, "El Caudillo" (Franko) "Real"ın heyətini əzbər bilirmiş. Onun dönəmində "Nou Kamp"da oynanılan "El Klasiko"larda stadion Kataloniya bayraqları ilə dolu olardı. "Barça" azarkeşləri oyundan sonra evə qayıdanda ən az futbolçular qədər yorğun olarmışlar.

Flaquer: "Küçədə gəzərkən "Qatil Franko!" deyə qışqırmaq olmazdı. Bu səbəbdən insanlar onun əvəzinə "Real"ın futbolçularına bağırardılar. Bu, psixologiya ilə bağlı bir şeydi: atana söz deyə bilmirsənsə, hirsini başqasından çıxarırsan". Kataloniya varlığını sadəcə "Nou Kamp"da hiss etdirirdi və Frankonun əl dəyməyə cəsarət etmədiyi tək katalon simvolu da "Barça" idi.

Susdurulan bir millətin futbola yönəlməsi normal bir şeydi. Franko çoxdan ölüb, amma "Barça" hələ də Kataloniyanın simvoludu. Yaşlı bir qadın, "Nou Kamp"a gedəndə özümü bir anda Franko dönəminə qayıdırmışam kimi hiss edirəm" demişdi. "Barselona" 1992-ci ildə yeni formasında dünyaca məşhur qırmızı-mavi cizgilərlə yanaşı, ağ rəngdən istifadə edəndə hamı ayağa qalxdı. Çünki bəyaz "Real"ın rəngidi. Klub prezidenti Nunyes isə məntiqə sığmayan bir açıqlama ilə azarkeşlərə cavab verdi: "Bəyaz xətt mənim fikrimdi, çünki formaya reklam götürən prezident olaraq tarixə düşmək istəmirdim".

Çox sayda Barselonada yaşayan insan var ki, kök olaraq Kataloniya ilə əlaqələri yoxdu, ancaq "Barça"nı dəstəkləyirlər. Bu faktı öyrənəndə insan bu böyük ehtirası açıqlamaqda çətinlik çəkir.

Hələ ilk gündən etibarən Jordi Puyol (generalitatın rəhbəri) Yay Olimpiya Oyunlarının İspaniyada yox, Kataloniyada keçirildiyini deyirdi. Açılış mərasimində katalon tamaşaçılar, xüsusilə də müstəqilliyini yenicə elan etmiş Xorvatiya və Litva kimi ölkələrin lehinə sloqanlar səsləndirirdilər. Bu, Madriddən idarə olunan hökuməti panikaya salmışdı. İspaniyanın olimpik futbol yığması isə Barselonadan qorxurdu. Böyük hissəsi ispan futbolçulardan ibarət olan yığma komanda burada heç oynamamışdı. Katalonlar üçün tək milli komanda var idi - "Barça". İspaniya yığmasının oyun cədvəli xüsusi diqqətlə tərtib olunmuşdu. Komanda qalib gəlməyə davam etdiyi müddətcə Valensiyada oynayırdı. Amma sonda finala çıxan oyunçular "Nou Kamp"a səfər etmək məcburiyyətində qaldılar. Katalonların buna qarşı çıxacağı, ya da ümumiyyətlə, stadionun boş olacağı gözlənilirdi. Halbuki "Sport"un rəqibi "El Mundo Deportivo"da əllərində İspaniya bayrağı olan 95 min azarkeşdən danışılırdı. İspaniya matçdan 2:1 hesabı ilə qalib ayrıldı. Həmin gecə küçələrdə "Puyol bizi aldadır. Kataloniya İspaniyadı" sloqanı səslənirdi. Anlaşıldığı kimi, katalonlar ispanlara nifrət eləmirdilər, ya da ən azından, qızıl medal qazanılanda vəziyyət belə olurdu. Digər tərəfdən, katalon televiziyası Olimpiya Oyunları zamanı "Barça"nın mövsümöncəsi holland klubları ilə keçirdiyi yoldaşlıq oyunlarını verirdi.

Müzakirə bu nöqtəyə gəlibsə, qeyd edim ki, Britaniyada krallıqdan ayrılmağı çox az sayda şotland istəyir. Katalonlar üçün də vəziyyət fərqli deyil. İspaniyanın bir parçası kimi vəziyyətləri çox yaxşı idi. Torrebadelya deyirdi: "Buradakı çox insanın dövlətə ehtiyacı yoxdu, sadəcə, biz adi bir bölgədən daha böyük anlamlar ifadə edirik. Bu, daha çox bir simvol məsələsidi". Yəni katalonlar ayrı bir dövlət yaratmaq istəmirlər, amma buna nəzərən daha qeyri-müəyyən bir istəkləri var: onların fərqli olduqlarını ortaya qoyan simvollar. Yay Olimpiya Oyunları zamanı müşahidəçilərin çoxu Barselonanın hər tərəfini bəzəyən Kataloniya bayraqlarını müstəqillik tələbi kimi şərh edirdilər. Əslində isə bu bayraqlar belə, insanları məmun etməyə yetirdi. Katalonların tək istəyi bir ulusun simvollarına sahib olmaqdı. Puyol balkona çıxıb, "Visca Barça, visca el Cataluna" deyə bağıranda katalon simvollarını yenidən dilə gətirməkdən artıq bir şey etmirdi. İnsanlar bunu eşitməkdən zövq alır, məhz o zaman özlərini xoşbəxt hiss edirdilər.

Bax, bu səbəbdən "Barça" dünyanın ən böyük klubudu və elə bu səbəbdən də 110 min üzvü var. "Barça" bir ulusun ehtiyac duyduğu simvoldu. Bir katalonun dediyi kimi: "Bəzi insanlar isə "Barça"nın oyunlarına futbolu sevdikləri üçün gedirlər". (Saymon Kuper - "Football Against the Enemy" kitabı)

 

"Barselona" - 119

 

Rüfər Məcid

XƏBƏR LENTİ