Müxtəlif ölkələrdə azarkeş qadınların vəziyyəti necədir?

Sayta qoyulub: 09:52 22.11.2018 (242 dəfə oxunub)

Tehranın Azadi stadionunda Asiya Çempionlar Liqasının matçında qadın tamaşaçıların da olması böyük debatlara yol açıb: Bu nədir? Yeni dan yerinin sökülməsi, yoxsa ölkəyə səfər etmiş xarici futbol rəsmilərinin xoşuna gəlmək üçün atılmış bircə dəfəlik addım?

Bəzi təxminlərə görə, İranın Persepolis və Yaponiyanın Kaşıma Antlers klubları arasında iranlıların 2-0 uduzduğu bu oyuna stadionda tamaşa edən 8 min azarkeşdən 500-1000 nəfəri qadınlar olub.

FIFA bunu 1981-ci ildən əhəmiyyətli addım adlandırıb.

Lakin Açıq Stadionlar (Open Stadiums) kampaniya qrupu şübhə ifadə edib və bildirib ki, bu, yalnız gözdən pərdə asmaq üçün atılan addımdır.

Bəs, görəsən, dünyanın başqa ölkələrində azarkeş qadınların vəziyyəti necədir?

İRAN

Müxtəlif ölkələrdə azarkeş qadınların vəziyyəti necədir?

 

Qadınlar üçün stadionlara giriş verilməsi İranda köhnə problemdir. 2006-cı ildə çəkilmiş Ofsayd (Offside) sənədli filmində İran qadınlarının öz ölkələrinin milli yığmasını Dünya Kubokuna aparan matçlarına gözlərinin ucları ilə baxmaq üçün keçdikləri keşməkeşlərdən bəhs edir.

Maraqlıdır ki, İran komandasının xaricdəki oyunlarına İran qadınları daha asanlıqla tamaşa edə bilirlər. Lakin öz ölkələrində onların üzərindəki stadion qadağası bu və ya digər formada davam edir.

Bəzi məlumatlara görə sözügedən Asiya Çempionları Liqasının oyununa da yalnız qadınların seçilmiş bir qrupu, həm də onlar üçün ayrılmış sektordan baxıb.

Qadınlara final oyununa biletlərin satılması da qadağan edilmişdi.

Asiya Futbol Konfederasiyasının başçısı Şeyx Salman bin Xəlifə israr edib ki, "Asiyada futbol həmişə azad olub və konfederasiya heç kimə mənşəyinə, inanclarına, cinsinə və ya irqinə görə ayrı-seçkilik etmir". O, bundan əlavə İranın hakimiyyət orqanlarına "bu fövqəladə idman hasdisəsini cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən kütlə üçün mümkün etdiyinə görə təşəkkürünü bildirib."

Açıq Stadionlar qrupundan Sara (öz adı deyil) BBC-yə deyib ki, bu matç bir "şou" idi:

"Əgər oyundan sonra FIFA və AFC-nin bəyanatlarına diqqət etsəniz görərsiniz ki, onlar bir-birlərinə təşəkkür edirlər. Onlar İran hökumətinə təşəkkür edirlər ki, qadınları stadiona buraxıb".

"Amma bu qadınlara stadion icazəsinin verilməsi sayıla bilməz. Bu bir təhqirdir. Əgər sosial mediaya baxsaydınız, görərdiniz ki, nə qədər insan matça baxmaq istəsə də, buna nail ola bilməyib. Stadionda olanlar oyunçuların qohumları olub. Bu, ədalətli iş deyil".

SƏUDİYYƏ ƏRƏBİSTANI

Müxtəlif ölkələrdə azarkeş qadınların vəziyyəti necədir?

 

Yanvar ayında Səudiyyə Ərəbistanında qadınların futbol matçlarına stadionda tamaşa etməsinə ilk dəfə olaraq icazə verilib.

Bu addımda məqsəd krallıqda mövcud olan cinsi ayrı-seçkiliyin bir qədər azaldılması idi.

Ciddə şəhərində Əl-Əhli və Əl-Batin komandaları arasında keçirilmiş həmin matçın təşkilində iştirak etmiş qadın - Sara Əlkaşğarinin 18 yaşı var. O, BBC-yə bu "böyük və inanılmaz" hadisədən danışıb:

"Bu, nəhayət qadınların tələblərindən birinə nail olması demək idi. Biz stadionlara girmək istəyirdik və bunu etdik. Mən qızğın futbol azarkeşiyəm. Mən bu oyunu oynamağı da sevirəm, ona tamaşa etməyi də. Amma mən bundan əvvəl futbol matçında olmamışdım. Bu, mənim matça ilk dəfə tamaşa etməyim idi. Bir səudiyyəli qadın üçün bu, matçdan da böyük bir hadisəydi".

Eyni hissləri Dünya Kuboku zamanı Rusiyada olan səudfiyyəli qadınlar da ifadə edirdilər. Milli yığmanın 5-0 uduzması da onları o qədər də dilxor etməmişdi.

 

İNGİLTƏRƏ

Müxtəlif ölkələrdə azarkeş qadınların vəziyyəti necədir?

 

İngiltərədə qadınların futbol təcrübəsi barədə ilk araşdırma 2015-ci ildə Kick It Out təşkilatı tərəfindən keçirilib.

Məlum olub ki, Premyer Liqanın oyunlarına stadionlarda tamaşa edənlərin 25 faizi qadınlardır.

Araşdırmanın hesabatında deyilir ki, azarkeş qadınlar da kişilər kimi öz komandalarına doğma münasibət bəsləməyə başlayıblar. Halbuki, əvvəllər qadınlar adətən futbola kişilərin xətrinə tamaşa edərdilər.

Buna görə d,ə İngiltərə azarkeş qadınlarının 65 faizi ilk matçına ailə üzvü kimi tamaşa edib. Filan komandaya niyə azarkeşlik etdiklərini qadınlar "ailə həmrəyliyi" ilə izah edirlər.

Üstəlik qadınlar futbola elə-belə tamaşa etmirlər. Oyunun qaydalarını öyrənirlər ki, sonradan kişilərlə mübahisədə mükahakimə yürüdə bilsinlər.

Ən əhəmiyyətlisi isə budur ki, İngiltərə stadionlarında qadınlara qarşı cinsi zəmində narahatlıq çox azdır. Rəyi soruşulanlardan yalnız 8,5 faizi xoşagəlməz diqqətlə üzləşdiyini deyib.

 

ÇİN

Müxtəlif ölkələrdə azarkeş qadınların vəziyyəti necədir?

 

Çin Superliqası 2016-cı ildə dünyanın elitar futbolçularını Pekinə cəlb etməklə xəbər başlıqlarına çıxmışdı.

Yerli futbol elə də güclü olmasa da, Çində də futbolsevər qadınların sayı artır.

Ən azı sosial mediadakı azarkeşlərin 30 faizini qadınlar təşkil edirlər.

Ümumilikdə Çində 21-ci əsrdə futbola maraq partlayışlı bir şəkildə artıb. Bu yaxınlaradək Çində hər ailədə bir uşağın olmasına icazə verilirdi. Oğlu olmayan atalar futbola maraqlarını qızlarına ötürməyə məcbur idilər.

 

ALMANİYA

Müxtəlif ölkələrdə azarkeş qadınların vəziyyəti necədir?

 

Yüksək məqamlar tutan Almaniya futbolu azarkeş məsələsində də Avropa miqyasında ən izdihamlı oyundur. Alman azarkeşlərinin 25 faizi qadınlardır.

Ölkənin əsas liqası olan Bundesliqanın oyunlarına qadınların da tamaşa etməsi stadionları ailəvi istirahət yerinə çevirir.

Başqa bir müsbət cəhət də budur ki, stadionlara gələn qadınların artması ifrat sağ ekstermistlərin ayağını buralardan tədricən kəsir.

 

ABŞ

Müxtəlif ölkələrdə azarkeş qadınların vəziyyəti necədir?

 

Futbol ənənəvi olaraq Amerikada sevilən idman növü deyil. Ən azı kişilər arasında.

Lakin bu oyuna son 20 ildə maraq hədsiz artıb. Xüsusilə də ABŞ-ın qadınlardan ibarət yığması 2015-ci ildə Dünya Kubokunda uğur qazandıqdan sonra.

Amerikada qadın futboluna da, kişi futbolu qədər tamaşaçı toplaşsa da, qadınların qazancı daha azdır.

2016-cı ilin martında 5 futbolçu qadın maaş diskriminasiyası ilə bağlı milli federasiyaya şikayət edib.

Milli yığmanın qapıçısı Hope Solo deyir ki, maaş tamaşaçı sayına görə verilməlidir, oyunçuların cinsiyyətinə görə yox.

XƏBƏR LENTİ