Realın talismanı

Sayta qoyulub: 09:04 20.11.2018 (268 dəfə oxunub)

Klubların əksəriyyəti talisman kimi maskotlara üstünlük verirlər: Fred the Red ("Mançester Yunayted"), Mighty Red ("Liverpul"), Gunnersaurus ("Arsenal"). Madrid "Real"ı isə işçilərindən birini - stadiondan məsul şəxs Aqustin Errerini özünə uğur simvolu seçib. Bu məsələnin olduqca maraqlı hekayəsi var.

1998-ci il, aprel ayı. “Real” Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində doğma meydanında sözügedən turnirin son qalibi - Dortmund “Borussiya”sını qəbul edir. Madrid klubu 32 il idi ki, Avropanın ən mötəbər klub turnirində zəfər qazana bilmirdi.

Matçın başlamasına az qalmış gözlənilmədən stadionun qapılarından birinin dirəkləri çökür. Hakim problemin həllini tapması üçün 30 dəqiqə vaxt verir. Stadionda əlavə qapı olmadığından, klub işçilərindən bəziləri dirəkləri təmir etməyə çalışsalar da, ortaya bir şey çıxmır. Klub texniki məğlubiyyət təhlükəsi ilə üz-üzə qalır. O zamanlar "Real"da stadiona görə məsuliyyət daşıyan şəxsin köməkçisi kimi çalışan Aqustin Errerin referidən yeni qapı dirəklərinin gətirilməsi üçün zaman tələb edir və hakim onun istəyini qəbul edir.

Daha sonra Errerin və “Real”ın sabiq qolkiperlərindən Migel Anxel polislərin müşayiəti altında furqonla klubun bazasına yollanırlar. Lakin o zamanlar baza indiki "Siudad Real Madrid"lə müqayisədə, stadiondan nisbətən uzaqda yerləşirmiş. Onlar avtomobili sürətlə idarə edib qısa müddət ərzində ora varırlar. Ancaq çatar-çatmaz qapıların bağlı olduğunu öyrənirlər. 63 yaşlı Aqustin hasarı aşıb, qapını içəridən açır.

Problemlərin ardı-arası kəsilmir. Furqonun qapı dirəklərini daşımaq iqtidarında olmadığını anlayıb, avtomobil axtarışına çıxırlar. Xoşbəxtlikdən, bazanın yaxınlığında park edilmiş kluba məxsus yük avtomobilinin fərqinə varırlar. Hadisələrin davamı olaraq, onlar "Real"ın sürücüsü Kandido Qomesdən kömək istəmək qərarına gəlirlər. Qomes həmin günü belə xatırlayır: "Yeməyimi yenicə bitirmişdim. Birdən Aqustin, Migel və 8 polis əməkdaşı qaçaraq gəldilər və məndən kömək istədilər".

Avtomobil məsələsi həllini tapsa da, bu səfər inventar otağının kilidli olduğu ortaya çıxır. Buna da çarə tapılır: qəribə səslənsə də, yük avtomobilini qapıya çırparaq, qıfılı qırırlar. Qapı dirəklərini götürdükdən sonra işıqforun qırmızı işığına belə məhəl qoymadan, son sürət "Santyaqo Bernabeu"nun yolunu tuturlar. Nəticədə dirəklər quraşdırılır, qapı ideal vəziyyətə gətirilir və stadion qəhrəmanlarını ayaq üstdə alqışlayır.

Planlaşdırılan vaxtdan 1 saat 15 dəqiqə gec başlayan oyun "Real"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşır. Cavab matçından qolsuz bərabərliklə ayrılan "kral klubu" finalda isə "Yuventus"u məğlub edərək Çempionlar Liqasını qazanır. Bu, "Real"ın 7-ci belə titulu - "La Septima" kimi tarixə düşür.

"Real" həmin gecənin qəhrəmanlarını unutmur. Aqustin Errerin klubun talismanı elan olunur və çox keçmədən stadiondan məsul şəxs kimi təsdiqlənir. Sürücü Qomesə pul mükafatı və üzərində futbolçuların imzaları olan top verilir. Ən maraqlısı - onların hər ikisinə Çempionlar Liqasının qızıl medallarından pay düşür.

"Real"ın futbolçuları Errerini "baba" deyə çağırırlar. O, matçlara kapitanlıq sarğısına bənzər sarğı ilə çıxardı. Aqustin xüsusilə də klubda çıxış etmiş müxtəlif ulduzlara verdiyi dəstəklə xatırlanır. Bu futbolçulardan biri Kriştianu Ronaldudu.

2009-cu ildə portuqaliyalı ulduz təqdimetmə mərasimi zamanı həyəcanlandığından, sinirlərinə hakim ola bilmirmiş və deyilənə görə, bu səbəbdən mərasim azacıq gecikmə ilə başlayıb. Aqustin Errerinin tuneldə Ronaldunu sakitləşdirməsi, dəstək məqsədli sözləri sonda ona yardımçı olub. Məhz buna görə də Kriştianu qazandığı fərdi mükafatları "Bernabeu"da nümayiş etdirərkən həmişə Errerinlə şəkil çəkdirərdi. Bununla yanaşı, ulduz futbolçu bir neçə matçda vurduğu qolları ona həsr edib. Həmçinin Serxio Ramos matçların birində vurduğu qolu Aqustin Errerinin vəfat edən həyat yoldaşına ithaf etmişdi.

"Real"da forma geymiş sabiq futbolçulardan Makmanaman, Miyatoviç, R. Karlos, Fiqu tez-tez Errerini ziyarət edirlər. Bir başqa hekayəyə görə isə "Atletiko"nun aşağı yaş qruplarında Raulu ilk dəfə kəşf edən və onunla "Real"a keçidi barədə söhbətləşən şəxs də Aqustin Errerin olub.

Aqustin Errerin 2017-ci ildə səhhətindəki problemləri səbəbindən 43 il xidmət etdiyi (müxtəlif vəzifələrdə) "Real"dan ayrılaraq təqaüdə çıxıb. Buna rəğmən, onu tez-tez "Santyaqo Bernabeu"da sevimli klubunun matçlarına tamaşa edərkən görə bilərsiz. Son olaraq, Aqustin Errerin La Liqada bu mövsüm "Levante" ilə oynanılan görüşdən öncə klub tərəfindən təltif olunmuşdu.

 

 

Realın talismanı

 

 

 

Rüfət Məcid

XƏBƏR LENTİ