"The Flea"

Sayta qoyulub: 11:31 19.11.2018 (182 dəfə oxunub)

Lionel Messinin "Barselona"nın əsas komandası ilə meydana çıxdıqdan sonrakı hekayəsi gözümüzün önündə yazılır. Bir də hekayənin o perioda qədər olan qismi var. Həmin hissələri özündə ehtiva edən, Maykl Parta məxsus "The Flea" kitabının tamamını tərcümə halında paylaşmağı planlaşdırıram. Hər həftə bir hissə, vaxt çox olsa, ola bilsin arada iki olsun. Başlayaq:

1-ci hissə: İlk top, ilk toxunuş

"Messi ailəsi Rosariodakı evlərində köhnə mətbəx masasının ətrafına toplaşmışdı. Seliya onun üzərinə ən sevdiyi kətan örtüyü sərmişdi. Masada evdə hazırlanmış nəhəng, üstündə 4 dənə şam olan ad günü tortu diqqət çəkirdi. Həmin gün 4-cü doğum gününü qeyd edən Lionel Messi isə ortalıqda görünmürdü. Onu təbrik etmək üçün hər kəs bir ağızdan “ad günün mübarək” oxumağa başlar-başlamaz, utanıb qardaşları Matias və Rodriqonun arxasında gizlənmişdi. Leo diqqətin üzərində olmasını heç sevmirdi, amma qısa müddət ərzində ortaya çıxmayacağı təqdirdə tort yeyə bilməyəcəyini və hədiyyələrdən məhrum qalacağını dərk edirdi.

Şamları üfləmək zamanı gəlmişdi. Rodriqo balaca qardaşına baxaraq gülümsədi və ona gizləndiyi yerdən çıxmasını işarət etdi: “Leo, bir dilək tut”. Leo danışmaq istəyəndə Matias onun ağzını əli ilə tutdu və diləyini yüksək səslə deyəcəyi təqdirdə qəbul olmayacağını dedi. Uşaq qardaşına baxıb başını salladı və gözlərini yumub, dilək tutdu. Ata Xorxe altdan-altdan gülümsəyirdi.

Nənə Seliya elə o an otağa daxil oldu. Leo diləyini tutduqdan sonra gözlərini açdı. Budu, nənəsi qarşısında idi. O, nəvəsinin hədiyyəsini arxasında gizlədirdi. Əvvəl bir əlini göstərdi, boş idi. Sonra növbə digər əlinə çatdı. Bu səfər hədiyyə Leonun gözündən qaçmadı. “İstədiyin bu idi?” – deyə Seliya soruşdu. Leo tərəddüd etmədən “hə” cavabını verdi.

Seliya nəvəsinə futbol topu almışdı. Leo sevincindən havalara uçurdu. 5 nömrə, mavi və bəyazın qarışığından ibarət top - Seliya sanki onun ürəyini "oxumuşdu". Leonun ən sevdiyi rəngin mavi olduğunu ailədəki hər kəs bilirdi. Messi topu qoltuğunun altına alıb, küçədə oynamaq üçün qapının yolunu tutdu, ancaq Matias yaxasından tutub, onu geri itələdi: “Ey, pələng, topla sonra da oynaya bilərsən, indi tortun dadına baxmaq vaxtıdı”.

Hamı qəhqəhə çəkərkən Leo qardaşına baxıb başını salladı. Sevinc içində tortu dilimlərə bölən anası da gülərək, “Ad gününü qeyd edən oğlum üçün” dedi və ilk dilimi Leoya uzatdı. Balaca Messi tortu iştahla yedi. Moruq və vanilin qarışığı - tam ürəyincə idi.

Daha sonra Matias, Rodriqo və Leonun bibisi uşaqları futbol oynamaq üçün çölə çıxdılar, o isə evdə qaldı. Otağından gizli-gizli oyuna tamaşa edirdi. Ürəyindən onlara qoşulmaq keçsə də, utancaqlığı buna mane olurdu. Həm də digərləri ilə müqayisədə çox balaca idi və onların arasında yeri olmadığını düşünürdü.

Birdən qapının ağzından səs gəldi: “Leo, sən də onlara qoşul”. Nənəsi Seliya otağa girər-girməz Leo yerinə uzandı və arxasını döndü. Seliya sözlərinə davam etdi: “Küçəyə çıx və uşaqlarla oyna, Leo. Özünü otağına qapama. Günəşə ehtiyacın var, bu, sənin böyüməyin üçün də gərəklidi. Gəl, onlara dərs verməyin zamanıdı. Bu naşılara onlardan daha yaxşı olduğunu göstərməlisən”.

“Sən də mənim məşqçim ola bilərsən” – dedi Leo və yeni topunu götürüb, nənəsini yanağından öpdükdən sonra küçəyə doğru qaçmağa başladı. Seliya gülümsəyirdi. Otaqda təkbaşına qalan qadın Leoya, yatağının baş ucuna asmaqda yardım etdiyi, Argentinanın futbol əfsanəsi və tarixin ən yaxşı futbolçusu hesab olunan Maradonanın şəklinə baxdı. Dieqo təkcə Messi ailəsi deyil, bütün Argentina üçün qəhrəman idi.

Leo küçənin bir neçə addımlığındakı evin divarına söykənmişdi. Toz-torpaq içərisində çətinliklə seçilən bibisi oğulları və qardaşlarının matçını izləyirdi. Bir tərəfdən də özünün çox balaca olmasını dərd edirdi. Ona görə də ortaya çıxıb həmlə etmədən, kənardan tamaşa edirdi. Onsuz da, onu heç kim komandasına götürməyəcəkdi. Bir az da matçı izlədikdən sonra evlərinə doğru yönəldi.

Birdən qonşunun qızı Sintiya ilə qarşılaşdı. Onların əkizlərdən bir fərqi yox idi. Eyni il, eyni ay və eyni günlərdə dünyaya gözlərini açmışdılar. O gündən bəri dost idilər. “Ad günün mübarək, Leo. Niyə gizlənirsən?” – deyə, qız soruşdu. Əslində, o da cavabı bilirdi.

- Gizlənmirəm.

- Onda burda nə edirsən? Oyun orda oynanılır.

- Nə oyunu?

- Qardaşlarının oynadığı oyun. Bu top təzədi?

Sanki qız Leonun ağlını oxuyurdu. Təbii ki, gizlənirdi; özündən böyüklərlə oynamaqdan çəkinirdi. Ancaq bunu Sintiyaya etiraf etmək fikri yox idi.

Topu Leodan alıb, orasına-burasına baxdıqdan sonra geri qaytaran Sintiya dilləndi: “Əladı. Bəlkə arada sən də məşq edərsən”. Sonra arxasını dönüb uzaqlaşdı. Leo bir müddət qızın arxasınca baxdıqdan sonra gözlərini əlindəki topa dikdi.

Anası Seliya balaca mətbəxdə Leonun doğum gününə özəl, onun ən sevdiyi yeməyi bişirirdi. Ailənin italyan köklərindən – anasının Kuççittini tərəfindən - miras qalan, köhnə bir yemək idi. Üzərində vetçina, mozzarella pendiri və marinara sousu olan, qızarmış mal əti və souslu əriştələrlə dolu tavanı ocağın üzərində yelləyərkən birdən “bum” səsi eşitdi. Bir müddət gözlədi. Yenə bum. "Bu səs nədi belə?" - yeməyi bir kənara qoyub, səsin hardan gəldiyini anlamaq üçün pəncərənin önünə getdi.

Bum. Leo təzə topunu evin divarına vururdu. Sol ayaqla – bum. Bu səfər sağ ayaq – bum. Top geri qayıdır, onu ayağının üst hissəsi ilə saxlayır, endirib, divara vururdu.

Gürültü nənəsi Seliyanın da mətbəxə gəlməsinə səbəb olmuşdu. O, maraq içində qızına baxırdı. Ana Seliya onu da pəncərə önünə dəvət etdi.

Bum. Leo divardan səkən topu bu səfər sinəsi ilə qəbul edir, ayağına salır, sonra da sağ ayağından sol ayağına keçirirdi – bum.

Nənə Seliya qızına tərəf dönüb dedi: “Böyük uşaqlarla oynamaqdan çəkinir. Çox balaca olduğunu və futbolda kifayət qədər yaxşı olmadığını düşünür. Ancaq məncə, onlardan çox üstündü. Hərəkətlərinə bir bax”.

Seliya oğlunu izləyirdi: bum. Nənə Seliya gülümsəyərək əlavə elədi: “Topu sevəcəyini təxmin etmişdim”.

Bum!"

 

"The Flea"

 

Rüfət Məcid

XƏBƏR LENTİ