“Arsenal” 11 il əvvəlki rekordunu təkrarlayıb

Sayta qoyulub: 08:45 23.10.2018 (120 dəfə oxunub)

UEFA Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan İngiltərənin “Arsenal” komandası 11 il əvvəlki rekordunu təkrarlayıb.

London təmsilçisi bütün turnirlərdə ardıcıl 10-cu qələbəsini qazanıb. “Topçular” buna Premyer Liqanın IX turunda evdə “Lester”i 3:1 hesabı ilə üstələməklə nail olublar. Unay Emerinin rəhbərlik etdiyi kollektiv 31-ci dəqiqədə Hektor Bellerinin avtoqolu ilə məğlub duruma düşsə də, 35-ci dəqiqədə Mesut Özilin, 63 və 66-cı dəqiqələrdə isə Pyer-Emerik Obameyanqın qolları ilə qalib gəlib.

Matçda çoxgedişli kombinasiyadan vurulan sonuncu qol isə olduqca baxımlı alınıb. Özil həmin epizod məhsuldar ötürmə ilə ön plana çıxıb. Ümumilikdə isə türk əsilli oyunçunun aktivində 7 matçda 3 qol və 1 məhsuldar ötürmə var.

9 turdan sonra “Arsenal” 21 xalla 4-cü pillədə qərarlaşıb. Premyer Liqada ardıcıl 7 oyunda qələbə qazanan londonlularda topların nisbəti 20:6-dır.

“Arsenal” belə seriyanı 2007-ci ildən sonra ilk dəfə əldə edib. Klub Avropa Liqasında 2, İngiltərə Liqa Kubokunda 1 qələbəyə də nail olub. Avroliqa zəfərlərindən biri oktyabrın 4-də Bakıda “Qarabağ”la görüşdə reallaşıb - 3:0.

Qeyd edək ki, “Qarabağ” dekabrın 14-də VI tur çərçivəsində “Arsenal”ın qonağı olacaq.

 

 

 

 

 

“Report” 

 

XƏBƏR LENTİ