Azərbaycanla bağlılığı olan futbolçuların sosial şəbəkələrdəki fəaliyyəti - onlara Droqba nümunəsi

Sayta qoyulub: 09:26 19.10.2018 (128 dəfə oxunub)

Azərbaycan milli komandasının və "Qarabağ" klubunun hücumçusu Mahir Mədətov son həftələrin ən çox müzakirə olunan futbolçusudur. Gənc forvard gah oyununa, gah da intizamsızlığına görə tez-tez azarkeşlərin tənqidləri ilə üzləşir.

Həmçinin Mədətov sosial şəbəkələrə də vaxt ayırır və və bəzən onu tənqid edənlərlə də polemikaya girir. Hətta vəziyyət o həddə çatıb ki, “Qarabağ”ın və Azərbaycan millsinin baş məşqçisi Qurban Qurbanov 21 yaşlı oyunçunun sosial şəbəkələrdən istifadəsinə qadağa qoyub.

Mədətovun düşdüyü bu durum Azərbaycanla bağlı futbolçuların sosial şəbəkələrə münasibətini gündəmə gətirir. 

Rəşad Sadıqov – “Qarabağ”ın kapitanı şəxsi "Instagram" hesabında istər gündəlik həyatı, istərsə də futbolçu karyerası ilə bağlı ara-sıra paylaşımlar edir. Təcrübəli müdafiəçi son paylaşımında “Qarabağ"ın "Arsenal”a 0:3 hesabı ilə uduzduğu Avropa Liqasının II tur oyununda Bakı Olimpiya Stadionunu dolduran azarkeşləri komandanı sonadək dəstəklədikləri üçün alqışlayıb.

Ruslan Qurbanov – “Səbail”in və Azərbaycan millisinin hücumçusunun sosial şəbəkələrdə nisbətən fəal olduğunu söyləmək olar. O, Facebook hesabındaki son paylaşımında Qarışıq Döyüş Növləri üzrə Həbib Nurməhəmmədov və Konor Makqreqor arasında baş tutmuş döyüşə münasibət bildirərək dağıstanlı idmançını “Sadəcə ən yaxşı” adlandırıb.

Vaqner Silva – “Qarabağ”ın bu mövsüm heyətinə qatdığı braziliyalı qolkiper sosial şəbəkə hesablarında çıxış etdiyi klubla bağlı kifayət qədər paylaşım edir.

Hannes Halldorsson – Ağdam klubunun başqa bir yeni transferi olan islandiyalı qapıçı Bakıya gəldikdən sonra Azərbaycan paytaxtı ilə bağlı bir neçə paylaşım edib. 34 yaşlı qolkiperin son olaraq Bakının Suraxanı rayonunda bir neçə azyaşlı azarkeşlə çəkdirdiyi fotonu paylaşması kifayət qədər marağa səbəb olub.

Ramil Şeydayev – Azərbaycan millisinin və Rusiyanın "Krılya Sovetov" klubunun hücumçusu yeniliklərlə bağlı "Facebook" və "Instagram" səhifələrində ara-sıra izləyicilərini məlumatlandırır. Futbolçunun son paylaşımında millidəki komanda yoldaşı Mahir Mədətova ünvanlanan tənqidlərə münasibət bildirməsi və gənc futbolçuya dəstək olması da diqqətdən yayınmayıb.

Təmkin Xəlilzadə - “Qəbələ”nin və Azərbaycan milli yığma komandasının sol cinah müdafiəçisi şəxsi "Instagram" hesabında əsasən yığma ilə bağlı paylaşımlara yer verir. Futbolçu son olaraq millinin təlim-məşq toplantısından fotosunu paylaşıb.

Donald Gerrye – “Qarabağ”ın haitili futbolçusu Azərbaycanda çıxış edən legionerlər arasında sosial şəbəkələrin ən aktiv istifadəçilərindəndir. 29 yaşlı müdafiəçi əsasən ailəsi ilə bağlı paylaşımlar edir.

Rahid Əmirquliyev – “Səbail” klubunun və Azərbaycan millisinin yarımmüdafiəçisinin sosial şəbəkə hesablarında əsasən futbolçu karyerası ilə bağlı yeniliklərə geniş yer verməsi diqqəti cəlb edir.

Qara Qarayev – “Qarabağ”ın və Azərbaycan millisinin dayaq yarımmüdafiəçisi sosial şəbəkələrdə kifayət qədər fəaldır. 25 yaşlı futbolçu istər meydandaki, istərsə də meydandan kənardaki həyatı ilə bağlı yenilikləri tez-tez öz izləyiciləri ilə bölüşür.

Qeyd edək ki, dünyanın bir çox aparıcı futbolçusu öz sosial şəbəkə hesablarında tez-tez gördükləri xeyriyyə işləri ilə bağlı paylaşımlar edir və dünya ictimaiyyətini də belə addımlar atmağa çağırırlar. Nümunə kimi İngiltərənin “Çelsi” və Türkiyənin “Qalatasaray” klublarının sabiq hücumçusu, hazırda ABŞ-ın “Foneks Rayzinq” komandasında çıxış edən Didye Droqbanın adını çəkmək olar.

 

 

 

 

 

 

"Report" 

XƏBƏR LENTİ