Olimpiadada daha bir medal qazandıq

Sayta qoyulub: 12:28 13.10.2018 (103 dəfə oxunub)

Olimpiadada daha bir medal qazandıq
Azərbaycan ağırlıqqaldıranı Tarmenxan Babayev Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. 85 kq çəki dərəcəsində yer alan 16 yaşlı atlet birdən 142 kq, təkanla 174 kq ağırlıq qaldırıb. Nəticədə o, iki hərəkətin cəmində 316 kq nəticə göstərib və yalnız italiyalı Kristiano Cüzeppe Fiççodan 9 kq geri qalıb. Babayev həm birdən, həm də təkanla qaldırmada da ikinci yeri tutub. Bürünc medalı isə 299 kq (130 kq + 169 kq) ümumi nəticə ilə Səudiyyə Ərəbistanı təmsilçisi Ali Yusef Alotman əldə edib. 
 
Bu, Azərbaycanın aktivinə yazılan üçüncü medal olub. Daha əvvəl cüdoçu Vüqar Talıbov (66 kq) qızıl, taekvondoçu Cavad Ağayev (63 kq) bürünc medal qazanıb. 

Qeyd edək ki, Tarmenxan Babayev, 2002-ci ildə Naxçıvanda anadan olub. Şəxsi məşqçisi Şəfi Hüseynovdur. Yeniyetmələr arasında Avropa birinciliyinin ikiqat qalibi (2017, 2018), 6 qat rekordçusudur.

XƏBƏR LENTİ