"Qəbələ" legionerlərini qovur

Sayta qoyulub: 14:50 06.10.2018 (196 dəfə oxunub)

"Qəbələ" legionerlərini qovur
 
"Qəbələ"nin 2018-2019 mövsümünə zəif nəticələrlə başlaması klub rəhbərliyini radikal addımlara sövq edib.  Səbr kasasını "qırmızı-qaralar"ın Topaz Premyer Liqasının VII turunda "Zirə"yə 0:1 hesablı səfər məğlubiyyəti daşırıb. Bu, qəsəbə təmsilçisinin cari mövsümdə ilk qələbəsi olub. 

Görüşdən sonra baş məşqçi Sənan Qurbanovun təzyiqi qalxıb, özünü pis edib. Buna görə mətbuat konfransına köməkçi-məşqçi Elmar Baxşıyev yollanıb. Klubun vitse-prezidenti Fariz Nəcəfov isə oyunu Keşlə" ilə 1:1 hesablı heç-heçənin qeydə alındığı ötən oyundan sonrakı kimi, yenə stadionu əsəbi tərk edib.
 
Klub prezidenti Tale Heydərovun da bu nəticələrdən narahat olduğu bildirilir. Heydərov hələ mövsümün əvvəllərində akademiya yetirmələrinə üstünlük verilməsini bildirmişdi. Uğursuz nəticələri görən rəhbərliyin bütün legionerlərdən imtina qərarı qəbul edəcəyi vurğulanır. Hazırda heyətdəki əcnəbilər ukraynalı qapıçı Dmitri Bezotosnı, serbiyalı müdafiəçi Voyislav Stankoviç, müvafiq olaraq, toqolu, nigeriyalı və albaniyalı yarımmüdafiəçilər Lalavele Atakora, Ceyms Adeniyi və Sabien Lilay, eləcə də fransalı hücumçu Stiven-Jozef Monrozdur. Onların komandanı irəli aparacaqlarına böyük ümidlər bəslənilsə də, bu, nə oyunlarda, nə də nəticələrdə əksini tapıb. İndiyədək cəmi 7 qol vuran "Qəbələ" qapısından 10 top buraxıb.
 
Legionerlərin gedişindən sonra komandanın Qəbələyə qayıdacağı və Bakıda məskunlaşmayacağı gözlənilir. Eyni zamanda təcrübəli yerli oyunçulara ciddi xəbərdarlıqların ediləcəyi bildirilir.

Baş məşqçi dəyişikliyi ehtimalı isə azdır. Hətta bu, olsa belə, futbolçuların cəzalandırılması variantı aradan qalxmayacaq. Daha əvvəl komandanın oyunu nisbətən qənaətbəxş sayılırdısa, artıq iki oyundur bu da nəzərə çarpmır. Rəhbərlik futbolçuların İmkanlarından aşağı çıxış etdiyi qənaətindədir. Elə Baxşıyevin "Son iki oyunda hiss edirdik ki, komandada eniş yaşanır. Əvvəlki matçlarda qol şansları yarada bilirdik. Amma bu gün göstərdik ki, komandanı silkələmək, ayıltmaq lazımdır" açıqlaması da bundan xəbər verir.

Milli komandaların oyunları ilə əlaqədar fasilə müddətində radikal qərarlar qəbul edəcək rəhbərlik bununla vəziyyəti dəyişdirəcəyinə ümid edir. 

Qeyd edək ki, ilk 7 tur ərzində 4 məğlubiyyətlə üzləşən "Qəbələ" 1 qələbə, 2 heç-heçə ilə kifayətlənib. Hazırda bu komanda 6-cı pillədə qərarlaşıb və lider "Neftçi"dən 14 xal geri qalır.

XƏBƏR LENTİ