Azərbaycan Premyer Liqasında növbəti turun görüşləri keçiriləcək

Sayta qoyulub: 08:23 05.10.2018 (96 dəfə oxunub)

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun görüşləri keçiriləcək.

İlk dövrənin son turunda 4 qarşılaşmadan 3-ü baş tutacaq. "Qarabağ"ın "Keşlə" ilə səfər matçı 31 oktyabra təxirə salınıb. Bu, Ağdam komandasının müraciəti əsasında baş verib. 6 oktyabrda keçirilməli olan "Zirə" - "Qəbələ" qarşılaşmasının isə bir gün tez oynanılmasına qərar verilib. Bu görüş turun açılış matçına təsadüf edəcək.

Hər iki komanda cari mövsümdə elə də uğurlu oyun sərgiləmir. Samir Abasovun baş məşqçi postuna gəlişindən sonra da ardıcıl məğlubiyyətlərlə üzləşən "Zirə" hazırda 1 xalla sonuncu pillədə qərarlaşıb. "Qəbələ" isə 5 xalla 6-cı yerdə gedir.

Bu komandalar indiyədək çempionatda 12 dəfə üz-üzə gəliblər. Oyunlardan 3-də "Zirə", 4-də "Qəbələ" qalib gəlibsə, 5 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "qırmızı-qaralar" üstündür - 15:11. Lakin “Zirə” son 3 ev oyununda uduzmayıb. “Qəbələ” 10, paytaxt təmsilçisi 6 matçdır meydanı qolsuz tərk etmir.

"Səbail" və "Sumqayıt" komandaları isə 5-ci dəfə qarşılaşacaqlar. Əvvəlki 4 görüşdən 1-də Bayıl komandası, 2-də "gənclik şəhəri" təmsilçisi qalib gəlibsə, daha 1 matç heç-heçə ilə nəticələnib. Topların nisbəti "Sumqayıt"ın xeyrinədir - 4:2. “Sumqayıt” səfərdəki hər iki matçda qələbə qazanıb. Ümumiyyətlə, bu görüşlərdə meydan sahibi olan tərəf qalib gəlməyib.

Bu mövsüm 6 oyundan 10 xal yığan "Sumqayıt"dah fərqli olaraq, "Səbail" də qeyri-sabit çıxış edir. Aftandil Hacıyevin baş məşqçi olduğu komanda 7 xalla 5-ci pillədədir.

Günün son matçında isə lider "Neftçi" debütant "Sabah"ı qəbul edəcək. Qonaqların baş məşqçisi Elşad Əhmədov daha əvvəl flaqmanın əvəzedici heyətinə və 1 oyunda əsas komandaya rəhbərlik edib. Hələlik "Sabah" Əhmədovun rəhbərliyi altında 6 oyundan 10 xalla 4-cü pillədə qərarlaşıb. "Neftçi" isə 16 xalla birinci pillədə gedir.

5 oktyabr (cümə)

18:00. "Zirə” – "Qəbələ”

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Elşad Abdullayev, Səbuhi Bayramov

Hakim-inspektor: Xaqani Məmmədov

AFFA nümayəndəsi: Eldar Qasımov

Dalğa Arena

19:00. "Səbail” – "Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Vüqar Həsənli

Hakim-inspektor: Əhmədağa Cabbarov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Bayıl Arena

20:15. "Neftçi” – "Sabah”

Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Akif Əmirəli, Nail Nağıyev

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Bakcell Arena

 

 

 

 

 

 

 

 

 

"Report"

XƏBƏR LENTİ