"Qarabağ" "Arsenal"a qarşı

Sayta qoyulub: 08:01 04.10.2018 (82 dəfə oxunub)

Bu gün Avropa Liqasında qrup mərhələsi çərçivəsində II turun görüşləri keçiriləcək. Avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qarabağ” E qrupunda növbəti oyununa çıxacaq. Bu, komandamızın cari mövsüm qrupda ilk ev qarşılaşması olacaq ki, rəqib İngiltərə “Arsenal”ıdı.

Təkcə qrupun deyil, turnirin əsas favoriti olan London klubu ilə Bakı Olimpiya Stadionundakı görüşün anşlaqda keçirilməsi gözlənilir. Ardıcıl 5-ci dəfə qrupa düşən Qurban Qurbanovun yetirmələrinin oyununa marağın böyük olması belə deməyə əsas verir.

Düzdü, Ağdam klubu adlı-sanlı rəqibi büdrətmək, hesabına ilk xal yazmaq üçün mübarizə aparacaq. Lakin Qurbanovun bir neçə aparıcı oyunçunun xidmətindən məhrum olması bu işi daha da çətinləşdirir. Azarkeşlərini sensasiya ilə sevindirmək arzusunda olan çempionumuz kimi “topçular” da oyuna itkilərlə çıxacaq.

Belə ki, ispaniyalı mütəxəssis Unay Emeri bir neçə ulduz futbolçusunun oynamaması ilə barışmalıdı. Lakin Avropa Liqasının ən titullu məşqçisi olan, son 5 ildə 3 dəfə kuboku başı üzərinə qaldıran Emerinin sərəncamında kifayət qədər digər ulduzlar da var.

İndiyədək İngiltərə klublarından xal ala bilməyən “Qarabağ” üçün matç tarixi əhəmiyyət də kəsb edir. Belə ki, ağdamlılar avrokuboklarda 100-cü, evdə 50-ci sınağına çıxacaq.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Arsenal” oyunu saat 20:55-də başlayacaq.

 

Avropa Liqası, E qrupu
4 oktyabr

20:55 "Qarabağ"- "Arsenal"
Bakı Olimpiya Stadionu. Baş hakim: Davide Massa
Yan xətt hakimləri: Filippo Meli,Alessandro Kostanzo
Dördüncü hakim: Fabiano Preti
Əlavə köməkçi hakimlər: Daniele Doveri, Mixael Fabbri
Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)
UEFA nümayəndəsi: İstvan Huşzar(Macarıstan)

XƏBƏR LENTİ