İsraildə doğulan futbolçu Azərbaycan millisində oynamaq istəyir

Sayta qoyulub: 06:28 24.09.2018 (145 dəfə oxunub)

"Çox sayda qol epizodumuz olsa da, hesabı rəqib açdı. Vəziyyəti başa düşürdük. Yekunda qələbə qazanmağı bacardıq. Qalib gəlməyimizə oyun mentalitetimiz kömək oldu".

Bunu “Sumqayıt”ın futbolçusu Əli Babayev Azərbaycan Premyer Liqasının V turunda “Keşlə” üzərində 2:1 hesablı qələbəni şərh edərkən deyib.

27 yaşlı yarımmüdafiəçi məqsədlərinin Avrokuboka vəsiqə qazanmaq olduğunu söyləyib: “Fasilədə baş məşqçi dedi ki, hesabda geri olsaq da, qorxulu heç nə yoxdur və irəlidə hələ 45 dəqiqə var. Hədəfimiz Avrokuboka düşməkdir. Lakin hələ 5 tur oynanılıb. Bu barədə danışmaq tezdir. Amma komandanın bunun üçün potensialı var. Hətta "Qarabağ"a 0:1 hesabı ilə uduzduğumuz görüşdə də çox yaxşı oynadıq. Bu cür davam etsək, məqsədimizə nail olacağıq”.

İsraildə yaşayan azərbaycanlı ailəsində doğulan Babayev “Sumqayıt”ı özü üçün tramplin saydığını və Azərbaycan millisində oynamaq istədiyini deyib: “Azərbaycanda oynamaqdan xoşum gəlir, səviyyə yaxşıdır. "Qarabağ", "Neftçi", "Qəbələ" kimi güclü komandalar var. "Sumqayıt"ın mənim üçün tramplin olacağını düşünürəm. Bunu klub prezidenti Riad Rəfiyev də deyib. 

Azərbaycanda böyük komandalar var. Baxaq görək necə olur. Babam, atam və anam Azərbaycandandırlar, hazırda İsraildə yaşayırlar. Özümdə orada doğulmuşam. Qurban Qurbanov milliyə çağırsa, oynamaq istərəm. Onun yaxşı mütəxəssis olduğunu eşitmişəm. Dəvət olsa, oynayacağam. Yığmanın son iki oyununu görmüşəm. Çox yaxşı komandadır. Ora düşə biləcəyimi düşünürəm”.

Qeyd edək ki, Ə.Babayev yay fasiləsində “Sumqayıt”la iki illik müqavilə bağlayıb.

 

 

İsraildə doğulan futbolçu Azərbaycan millisində oynamaq istəyir

 

 

 

"Report"

XƏBƏR LENTİ