Türkiyədə yayım problemi həll olundu: TRT millinin oyunlarının yayım hüququnu aldı

Sayta qoyulub: 18:16 08.09.2018 (189 dəfə oxunub)

Türkiyə futbolunda milli komandanın oyunlarının yayım hüququ problemi həll olunub. Belə ki, uzun müddət aparılan danışıqlardan sonra Türkiyənin dövlət kanalı olan TRT milli komandanın qarşıdakı 4 ildəki həm rəsmi, həm də yoldaşlıq oyunlarının yayım hüququna sahib olub. Bura millətlər liqasının, həmçinin 2020-ci il Avropa çempionatı və 2022-ci il dünya çempionatının seçmə oyunlarının yayım hüququ da daxildir. Qeyd edək ki, Türkiyə millisinin dünənki oyununun yayım məsələsi son ana qədər naməlum olaraq qalırdı. Buna səbəb hüquqa sahib olan CAA11 adlı beynəlxalq şirkətin 4 illik yayım hüququnu satmaq üçün 21 milyon avro məbləğində pul tələb etməsi olub. Türkiyənin bütün özəl televiziya kanalları bu məbləğin həddən artıq çox olduğunu bildirərək yayım hüququnu almaqdan imtina ediblər. Nəticədə Türkiyə-Rusiya matçının oyunun başlama anına qədər ölkədə göstərilməsi sual altında olub. Ancaq son anda məsələyə ölkə rəhbərliyi qarışıb. TRT-yə beynəlxalq şirkətlə danışıq aparmaq üçün göstəriş verilib. Uzun çəkən gərgin danışıqlar nəticəsində yayım hüququ 12 milyon avro müqabilində əldə edilib. Beləliklə qarşıdakı 4 il ərzində Türkiyə millisinin bütün oyunları TRT tərəfindən yayımlanacaq.

XƏBƏR LENTİ