Qurban Qurbanov: "Bu gün kim hazır idisə, onlar da meydanda idi"

Sayta qoyulub: 21:37 07.09.2018 (138 dəfə oxunub)

Qurban Qurbanov: "Bu gün kim hazır idisə, onlar da meydanda idi"

Yığmamız UEFA Millətlər Liqasının D Liqasının III qrupunun ilk turunda öz meydanında Kosovo ilə qarşılaşıb və qolsuz heç-heçə edib.

 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən millimizin baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib:

 

- Çətin oyun oldu. Çətin olacağını gözləyirdik. Rəqibin heyətində bacarıqlı futbolçular var və topa nəzarət etməyi bacarırdılar. İlk hissə çətin oldu, hər iki komanda ehtiyatlı oynayırdı. İkinci hissədə isə fərqli oyun izlədik. Oyun intizamımızdan razıyam. Düşünürəm ki, qarşıdakı oyunlar da bizim üçün asan olmayacaq. Səfər oyununa hazırlaşmalı və tam hazır vəziyyətdə olmalıyıq”.

 

-Sizə elə gəlmir ki, start 11-liyi səhv seçmişdiniz? Çünki ikinci hissədə meydana daxil olan futbolçular oyunun axarını dəyişə bildilər.

- Mən qorxaq futbol deməzdim. Hər iki komanda ehtiyat edirdi. Çünki rəqibin çox sürətli oyunçuları var idi. Düşünürəm ki, onların düşündüyü oyunun qarşısını ilk hissədə aldıq. Bu gün tam hazır vəziyyətdə olan futbolçular meydanda idi. Kimin nə qədər gücü var idisə, oynadı,mübarizə apardı.

 

- Bu, millinin ən üst səviyyəsidi, yoxsa komandamız daha yaxşı oynamağa qadirdir?

- Mütləq qadirdir.  Dediyim kimi, problemləri aradan qaldırmaq lazımdır. Futbolçularımızın oyun təcrübəsi olsa, yaxşı olacaq. Heç bir komandaya qarşı oynamaqdan qorxmuram. Sadəcə, faktları nəzərə alıram. Rəqibin heyətində yaxşı futbolçular var idi. Bizim daha yaxşı potensialımız var və bunu qarşıdakı oyunlarda görəcəyik.

 

- Kosovonu məğlub etməyə nə mane oldu? Azərbaycan futbolunun səviyyəsi, futbolçuların ustalıq səviyyəsinin aşağı olması, yoxsa taktiki analizin düzgün aparılmaması?

- Axırıncıdan başlayaq. Rəqibi düzgün analiz etmişdik. Amma digər ikisi ilə bağlı, aydın məsələdir ki, futbolçunun oynadığı çempionatın səviyyəsi aşağıdırsa, orda ustalığını artıra bilməz. Qarşıdakı oyunlara həvəslə hazırlaşırıq. Futbolçular bu gün pis təsir bağışlamadılar.  Mənim üçün vacib olan bu idi. Sona kimi aqressiv ola bildik, mübarizə apardıq. 

 

- Millətlər Liqası qısa məsafəli qaçışa bənzəyir. Sizcə, bugünkü nəticədən sonra şansları necə dəyərləndirirsiniz?

- Sona qədər mübarizə aparacağıq. Bu turnir elə turnirdi ki, 2 oyun məğlub olsan da, birinci yeri tuta bilərsən. Bütün komandalar qrupun qalibi olmaq istəyir. Komanda şəkilində sona qədər mübarizə aparacağıq.

 

- Almeydanı uzun müddətdir əyani şəkildə görmürdük. Onun çıxışından razısınız?

- Deməzdim ki, özünə gəlib. Almeyda stabil futbolçudur. Bu gün nə tapşırıq vermişdiksə, yerinə yetirdi. Onun oyunundan razıyam.  

XƏBƏR LENTİ