Qurban Qurbanov: "Aparıcı futbolçuların oynamaması məni narahat edir"

Sayta qoyulub: 16:08 06.09.2018 (213 dəfə oxunub)

Qurban Qurbanov: "Aparıcı futbolçuların oynamaması məni narahat edir"
 

“İlk rəsmi oyuna hazırlaşırıq. Hansı ki, bu oyun hər birimiz üçün vacibdir”. Bu sözləri milli komandamızın baş məşqçisi Qurban Qurbanov deyib. 

Yığmamız UEFA Millətlər Liqasının D Liqasının III qrupunun ilk oyununda öz meydanında sabah Kosovonu qəbul edəcək.

Oyundan öncə baş tutan mətbuat konfransında iştirak edən təcrübəli mütəxəssis fikirlərini bildirib: “Bir neçə gündü bir yerdəyik, rəqibi analiz etmişdik. Yaxşı rəqibə qarşı oynasaq da, futbolçularım istəklidir.  İnanıram ki, sabah meydanda yaxşı mübarizə aparacağıq. Rəqibin son üç oyununa baxmışıq. İnanıram ki, sabah sizlərə, azarkeşlərə yaxşı oyun göstərəcəyik”.

- Vacib oyundan öncə sizi narahat edən məqamlar hansılardır?

- Əsas məsələ bizim öz oyunumuzdur. Son vaxtlar məni narahat edən aparıcı oyunçularımızın daim oynamamısıdır. Məsələn, Araz Abdullayev uzun müddətdir klubsuzdu. Digər tərəfdən, Dmitri Nazarov nadir hallarda meydana çıxır. Həmçinin də Ramil Şeydayev. Futbolçuların oyun təcrübəsinin az olması məni narahat edir. Buna baxmayaraq, öz komandama güvənirəm, futbolçularım çox istəklidirlər. Rəqibə görə oyuna hazırlaşmışıq. Bir neçə məqam bizə problem yarada bilər, ancaq bunu düşünmürük. Hər bir əngələ qalib gəlməyə çalışacağıq.

- Kosovonun heyətindəki futbolçular Avropanın yüksək liqalarında forma geyinirlər. Bu duruç futbolçularımızı narahat etmir?

- Ayrı-ayrılıqda futbolçuları izləmişik. Xüsusən də rəqibin hücum xəttindəki futbolçuları güclüdürlər. Futbolçuların fərdi oyunları bizi narahat edə bilər. Amma bizim oyunçuların da təcrübələri var, belə oyunlara çıxıblar. Rəqibin qarşısını almaq üçün kifayət qədər gücümüz var.

- Ölkə xaricində oynayan digər futbolçuların hazırlıq durumu necədir?

- Normal deyərdim. Sadəcə, məni narahat edən oyun təcrübəsidir. Xüsusən də Ramil Şeydayevin az oynaması məni narahat edir.  Bununla belə, futbolçulardan razıyam.

- Rəqibin baş məşqçisi millimiz haqda yaxşı fikirlər səsləndirib. Bu, komandaya çətinlik yarada bilməz?

- İnanmıram. Bu, bizim oyunumuza, təcrübəmizə mane olmayacaq. Rəqibə ciddi yanaşırıq, öz oyunumuza köklənməyə çalışırıq.

Ramil Şeydayev uzun müddətdir forma şansı qazanmır. Amil Yunanıovu milliyə dəvət düzgün olmazdımı?

- Bütün oyunçular bizim nəzarətimizdədir. Amil Yunanov da son zamanlar oynamır. Ramil Şeydayev isə “Trabzonspor”da məşqlər edib, yoxlama oyunlarda da iştirak edib. Ona görə də Ramilə üstünlük vermişik.

- Futbolçularımızın çox hissəsi formada deyillər. Sizcə, bu, təsadüf deyil?

- Hər bir futbolçunun pik forması olur və onu qorumaq lazımdır. Demək olmaz ki,mən gələndən sonra onların səviyyəsi aşağı düşdü. Kənar fikirlər bizi həvəsdən salmamalı, futbolçuları hazırlamalıyıq. Bəlkə də, 5-6 aydı oynamırlar, amma oyun təcrübələri var. Futbolçularıma güvənirəm və onları qələbəyə motivasiya etmişəm.

- Rəqib yarımmüdafiə xəttində yaxşı oyun sərgiləyir. Buna xüsusi hazırlaşmısınız?

- Bu barədə danışmaq düzgün olmaz. Rəqib aqressiv komandadı, çox yaxşı pressinq edirlər. Belə oyunlarda əshv etmək yol verilməzdir. Bizim də taktikamız olacaq, bundan istifadə etməyə çalışacağıq.

- Kosovo qrupun əsas favoritidir. Bu fikirlə razısınız?

-Hamımız belə düşünürük. Ancaq bütün komandalar meydana qələbə üçün çıxırlar.  Biz bütün fikrimizi bu turnirə yönəltsək və uğursuzluğu faciə adlandırsaq, bizim üçün yaxşı olmaz. Düzdü, Kosovo güclü rəqibdir, amma Farer adalarını da yaddan çıxarmaq olmaz. 

XƏBƏR LENTİ