Ayaz Quliyev: "Həbib Nurmaqomedovla müqayisə olunmaq mənə xoşdur"

Sayta qoyulub: 08:16 06.09.2018 (190 dəfə oxunub)

"Əslim Azərbaycanın Lənkəran şəhərindən və Masallı rayonunun Boradigah qəsəbəsindəndir. Atam hərbi xidmətdən sonra - 20 yaşında Moskvaya gəlib və orada anamla tanış olub. Mən də Moskvada doğulmuşam. Əlbəttə, həmin vaxtlar ölkənin hər yerində gərgin vəziyyət idi. Bu səbəbdən, atam işləyərək, belə şəraitdə dolanmalı olub".

Bunu Rusiya "Rostov"unun futbolçusu Ayaz Quliyev klubun jurnalına müsahibəsində deyib. 22 yaşlı yarımmüdafiəçi ata yurdunda uşaq ikən olduğunu bildirib: "Sonradan isə atamın məzuniyyəti ilə üst-üstə düşmədiyi üçün Azərbaycana yollana bilmədim. Əksinə, daha çox Moskvada bizə qohumlarımız gəlir".

Quliyev Azərbaycanda futbolun vəziyyəti barədə də danışıb: "Xəzər Lənkəran" adlı klub var. Bir vaxtlar yaxşı maliyyəsi olub. Bu regionda futbolu çox sevirlər. Bütün qohumlarım oyunlara baxır və mənə azarkeşlik edirlər".

"Spartak" klubunun məktəbinə 5 yaşından yazıldığını deyən futbolçu özündən bir yaş böyük uşaqların olduğu komandada məşq etdiyini söyləyib. O, seçimin "qırmızı-qaralar" üzərində edilməsini bu klubun yetirmələrinin bütün komandalarda yer almaları ilə əlaqələndirib: "Görünür, atam bunu bilirdi. Həm də ola bilsin, onun "Spartak"a azarkeşlik etməsindən irəli gəlirdi. Məşqlərin birində mənə dedilər ki, klub prezidenti Leonid Feduna yaxınlaş və onunla şəkil çəkdir. Mən Fedunu ilk dəfə orada gördüm. Hətta bir qədər həyəcanlandım. "Spartak" akademiyasında çalışdığım vaxt Moskvadakı evimizdə qalırdım. Akademiyada yalnız başqa yerlərdən gələnlər yaşayırdı. Evdə qalmağım mənə kömək etdi. Həmin vaxt bu barədə düşünmürdüm, amma illər sonra anlamaqdayam. Hər zaman valideynlərimlə nədənsə danışır, onların qayğısını hiss edirdim. Bütün ailəm futbolla yaşayır. Hətta nənəm və babam da..."

Quliyev bildirib ki, futbolla məşğul olmasaydı, təkbətək mübarizəli idman növlərinə yazılardı: "Peşəkar səviyyədə olmasa belə, hər halda... Güləş bölmələrinə getməyə vaxtım yox idi. Çünki futbolu daha öncədən seçmişdim. Səhərlər məktəbə, axşamlar məşqə üz tuturdum. Böyük və kiçik qardaşlarım təkmübarizəli növlərlə məşğul olurlar. Buna görə də əvvəllər onlarla sınaq görüşləri keçirirdim. Həmin vaxt yeganə xahişim o idi ki, ayağıma zərbə endirməsinlər. Çünki futbolla məşğul oluram. Ümumilikdə isə döyüşlərimiz çox ciddi alınırdı. Heç birimiz təslim olmaq istəmirdik".

Əvvəllər "Anji"nin formasını geyinmiş futbolçu yüngül çəkidə UFC çempionu, dağıstanlı Həbib Nurmaqomedova oxşadılmasına yaxşı münasibət bəslədiyini də vurğulayıb: "Həbib ləyaqətli insandır. Onunla müqayisə olunmaq mənə xoşdur. Çünki o, təkcə böyük döyüşçü deyil, şəxsi keyfiyyətləri ilə də fərqlənir. Həbibin istənilən döyüşünü maraqla gözləyirəm. İstər kəmər uğrunda, istərsə də qarşıdakı döyüşləri olsun, fərq etməz. Nurmaqomedova qələbələr arzulayıram. O, özünə əmindir, Konor Makqreqorla döyüşü ərəfəsində heç nədən ehtiyatlanmır. Məğlubedilməz döyüşçü kimi qalacağına əminəm".

Gənc futbolçu daha sonra musiqi və yemək zövqündən danışıb. O, türk və çeçen mahnılarını dinləməyi və daha çox ət yeməklərini sevdiyini söyləyib: "Müğənnilərdən çeçen ifaçı Məkkə Mejiyevanın mahnılarını bəyənirəm. Çeçen mətbəxindən götürsək, çapilqaş və jijiq qalnaşı, Dağıstan mətbəxindən xəngəli məsləhət görərdim. Lakin hamıdan çox şərq şirniyyatlarını sevirəm. Xüsusən, türk və Azərbaycan şirniyyatlarını. Məsələn, şəkərbura və paxlavanı... Bibilərim mənə həmişə Azərbaycandan belə yeməklər göndərirlər. Boş vaxtlarımda halal ətdən yeməklərin verildiyi restoranlara üz tuturam".

Qışda evlənməyi planlaşdıran Quliyev toyundan dərhal sonra həyat yoldaşı ilə birgə Səudiyyə Ərəbistanının Məkkə şəhərinə yollanmaq istədiyini açıqlayıb: "Məkkədə olmaq hər bir müsəlman üçün vacibdir. Gəlin qaçırmağa dində qadağa var. Gəlinə toyunadək toxunmaq əsla olmaz. Hər şeyi İslam qanunları ilə etməyə çalışmışam. Evləndikdən sonra həyat yoldaşımı Rostova gətirməyi planlaşdırmışam. Necə ola bilər ki, evlənim və həyat yoldaşımı tək qoyum?"

Qeyd edək ki, hazırda Ayaz Quliyev Rusiyanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasına dəvət alır. Onun Azərbaycan millisində oynaması da gündəmdədir.

 

 

Ayaz Quliyev: "Həbib Nurmaqomedovla müqayisə olunmaq mənə xoşdur"

 

"Report" 

XƏBƏR LENTİ