Rəsmən: Pyer Qasli 2019-cu ildə Red Bull-da çıxış edəcək

Sayta qoyulub: 08:03 21.08.2018 (83 dəfə oxunub)

Red Bull komandasının mətbuat xidməti bir qədər əvvəl Pyer Qaslinin gələn mövsüm Maks Ferstappenin komanda yoldaşı olacağını açıqlayıb.

F-1.az bildirir ki, gənc fransız sürücünün debüt mövsümündəki çıxışını kifayət qədər qənaətbəxş hesab etmək olar. Elə Bəhreyndə dördüncü olmasını xatırlamaq kifayətdir. Gələn il isə onun karyerasında yeni böyük səhifə açılacaq.

Kristian Horner: “Qasli bir ildən də qısa müddət öncə Toro Rosso-nun sükanı arxasında ilk dəfə əyləşdiyi andan bəri Red Bull-un onun istedadına olan inamını təsdiqlədi. Bu il Honda mühərrikli maşını ilə parlaq nəticələr göstərib. Biz onun komandamıza qoşulmasını, öz təcrübələrini bölüşməsini və yaxşı nəticələr əldə etməsini səbirsizliklə gözləyirik. Hər nə qədər əsas vəzifəmiz bu mövsüm mümkün olan ən yaxşı nəticəni əldə etmək üçün çalışmaq olsa da, gələn mövsüm Maks və Pyerlə çıxış etmək üçün də hazırlaşırıq”.

Pyer Qasli: “Xəyallarım gerçəkləşir – mən gələn il Red Bull-da yer alacağım və bu gözəl komandanın sürücüsü olacağım üçün çox şadam. Mən bunu karyeramın əvvəllərindən istəyirdim və yalnız 2013-cü ildə Red Bull-un gənc sürücülər proqramına qoşula bildim. Bu, mənim üçün irəli doğru növbəti addım atmaq üçün inanılmaz fürsət olacaq, axı mən qələbələr qazanmaq və titul uğrunda mübarizə aparmaq istəyirəm. Red Bull qələbəyə hər zaman iddialıdır və mənim də istədiyim elə budur. Mənim xarakterimdə həmişə yüksək yerlər uğrunda vuruşmaq var. İndi çox həyəcanlı anlar yaşayıram, eyni zamanda başa düşürəm ki, bu böyük fürsətin öz çətinlikləri də var və Red Bull sürücülərindən çox şey gözlənilir.

Mən Red Bull-un sahibi Ditrix Mateşiçə, komandanın rəhbəri Kristian Hornerə və Helmut Markoya mənə göstərikləri etimadı mükafatlandırmaq üçün səbirsizlənirəm. İndi isə bu mövsüm Toro Rosso üçün mümkün olan maksimum nəticələri əldə etməyə çalışmalıyam. Mən Frants Tosta, bütün komandaya və Fayentsadakı bazamızda çalışan hər kəsə Formula1-də çıxış imkanı verdikləri və məni hər zaman dəstəklədikləri üçün təşəkkür edirəm. Bilirəm ki, bunlar mövsümün sonuna qədər də davam edəcək. İndi əsas məqsədim bu mövsüm əlimdən gələnin ən yaxşısını etmək və onlara mövsümün sonunda qeyd edəcəkləri bir şey qazandırmağa çalışmaqdır”.

XƏBƏR LENTİ