“Kişiyə yaraşan hərəkət etməyib”, “satqınlıq edib” düşüncəsi ilə futbol

Sayta qoyulub: 14:28 16.08.2018 (385 dəfə oxunub)

“Kişiyə yaraşan hərəkət etməyib”, “satqınlıq edib” düşüncəsi ilə futbol

 

 

Avropa qitəsinin bir çox ölkəsində, o cümlədən İngiltərədə futbol klublarının yaşı yüzdən yuxarıdı. Büdcələri də rentabellidi, yəni öz xərclərini qarşılayacaq və daha artıq gəlir əldə edə bilirlər. Bizdə vəziyyət bu cürdümü? Bu suala cavab yazmasaq da, aydındı ki, belə deyil. Qısa futbol tariximiz ərzində yaranan və sonradan fəaliyyətini dayandıran onlarla, bəlkə də yüzlərlə futbol komandamız var. Əksər hallarda da səbəb bir şəxsin sponsorluq etməsi, sonra da onun gəlirsiz xərc çəkməkdən bezərək klubdan imtinası olub. Həmin bu “bir şəxs” də kənara çəkilən kimi komanda fəaliyyətini dayandırıb. Bəs necə etmək olar ki, sponsor imtina etdikdən sonra da komanda yaşasın?

Bunun üçün müxtəlif çıxış yolları var. Biz çıxış yollarından biri haqda qeydlər edəcəyik. Bu, klubların səhmdar cəmiyyətə çevrilməyinin vacibliyi barədə olacaq. Necə, hansı yolla?

                                                                                                        * * *

Ümumiyyətlə, səhmdar cəmiyyət nə deməkdi? Bu sahə daha çox iqtisadiyyata aid olduğundan, sadə futbol oxucusunun səhmdar cəmiyyət mövzusunu çətin qavrayacağı qənaətinə gələ bilərik. Əslində, futbol klubu da iqtisadiyyatın bir parçasıdı. Amma futbolda mövzu əksər hallarda oyun, futbolçular olur. Qazanc, rəhbərlik, idarəetmə forması isə çox müzakirə edilmədiyindən, oxucunun bu barədə elə ciddi məlumatı olmur, o ki qaldı daha çox iqtisadiyyatın başqa sahələrini əhatə edən səhmdar cəmiyyət ola.

Bu səbəbdən də səhmdar cəmiyyətin nə demək olduğunu lap sadədən başlayaraq izah etmək zorundayıq. İqtisadiyyatı daha yaxşı bilənlər üçün yazdıqlarımız bəsit görünə bilər. Amma biz niyə bu cür etdiyimizi az əvvəl qeyd etdik. Beləliklə, səhmdar cəmiyyət dedikdə nə başa düşülür?

Gəlin aydın olması üçün lap sadədən başlayaq. Tutaq ki, iki nəfər hər biri 500 manat pul qoyaraq, min manatlıq mal alır və onu bazarda satır. Bu iki nəfər həmin o işin səhmdarlarıdı, payın 50 faizi birində, əlli faizi də digərində olmaqla. Yəni gəliri yarıbayarı bölürlər. İndi deyəcəksiz, bu ki, şərik olmaqdı? Burda qeyri-adi nə var? Bəli, bu şərik olmaqdı, qeyri-adi də heç nə yoxdu. Amma tələsməyək, bu şərikliyin daha qəliz formaları var ki, onları da nəzərdən keçirək.

Üç nəfər şərikdirsə, hərəsi 300 manatdan pul qoyub, birlikdə 900 manat pulu toplayıb ticarət edirlərsə, bu da səhmdar cəmiyyətdi. Səhmdarlar isə hərəsi 3,33 faiz paya sahib olan həmin üç şərikdi. Şəriklərin sayı 4, 5 və daha çoxdusa, həmin şəriklər də yenə həmin biznesin səhmdarları sayılırlar.

Başqa misalla davam edək: tutaq ki, dörd nəfər ticarət üçün 1000 manat pul toplayıb. Bu pul qoyanlardan biri 300, o birisi 200, üçüncüsü 400, dördüncü adam isə 100 manat verir. Onların səhmlərə sahib olması müvafiq olaraq birində 30 faiz, digərində 20, üçüncüsündə 40, dördüncüsündə isə 10 faiz qaydasında olacaq. Gəlirin uyğun bölüşdürülməsi də bu faizlərə uyğun həyata keçiriləcək. Məsələn, onlar müəyyən müddət ticarət edərək ümumi gəlirlərini 5000 manata çatdırıblarsa, onda gəlirlərin bölüşdürülməsi aşağıdakı kimi olacaq: 5000 manatdan birinci səhmdar 1500 (30 faiz), ikincisi 1000 (20), üçüncüsü 2000 (40) və dördüncü səhmdar 500 (10) manat.

“Kişiyə yaraşan hərəkət etməyib”, “satqınlıq edib” düşüncəsi ilə futbol

Ümumiyyətlə, hansısa biznes qurumunda, ən kiçik firmadan tutmuş ən iri holdinqədək neçə payçı varsa, bu bir o qədər də səhmdarın olması deməkdi. Həmin səhmlərin səhmdarları neçə faiz paya sahibdirsə, müəssisənin gəlirindən asılı olaraq, əllərindəki payın faizlərinə uyğun şəkilədə qazanc götürürlər. Məsələn, 100 min manatlıq dəyəri olan bir şirkətdə bir faiz səhmi olan 1000 manat paya sahibdi. Şirkətin dəyəri qalxarsa, səhmin də dəyəri qalxacaq. Məsələn, dövriyyəsi 100 min olan şirkət 150 minə qalxsa, o zaman bir faiz payı olan səhmdarın səhminin qiyməti 1500 manata çıxacaq. Amma dövriyyə əlli minə düşsə, o zaman həmin səhmdarın səhminin dəyəri də 500 manatadək ucuzlaşacaq.

Əlində pulu olan və onu yatırmağa yer axtaran adam bir şirkətdə perspektiv görürsə, həmin şirkətin səhminin müəyyən faizini almaqla varlana bilər. Yəni səhmin qiyməti bahalaşar və o da avtomatik varlanar. Təbii ki, əksi də baş verə bilər. Bunun üçün güclü biznes analitiki olmaq lazımdı. Dünyanın ən varlı adamlarından biri olan Uorren Baffet var-dövlətini düzgün proqnazlaşdırma apararaq, səhm almaqla əldə edə bilib. Onun sərvəti 80 milyard dollardan çoxdu və “Forbes”in ən varlı adamları siyahısında üçüncü yerdədi.

                                                                                                   * * *

Keçmiş sovet sistemində, o cümlədən də bizdə səhmdar cəmiyyət olmayıb. Bütün müəssisələrin səhmləri dövlətə məxsus olduğundan, bu sahə bizə o qədər də tanış deyil. Çünki praktikada demək olar ki, istifadə edilməyib. Sovet sistemində 1917-ci inqilabından sonra biznesmenlərin, xüsusi mülkiyyəti olanların mülkləri, biznesləri güclə əllərindən alınıb dövlətə verilib.

Sovet dövründə hesab edirdilər ki, səhmdar xalqdı. Fəhlə hansısa zavodda işləyirsə, avtomatik pay sahibi idi, işinə uyğun əmək haqqısını alırdı, zavodun rəhbərinin isə onu birbaşa vəzifədən azad etmək səlahiyyəti yox idi. Əvvəlcə daha yuxarı instansiyaya müraciət etməli, bundan sonra məsələ araşdırılıb qərar verilməli idi. Bəli, sosializm quruluşunda bizim qəbul etdiyimiz formadakı səhmdar cəmiyyət geniş şəkildə olmayıb. Yalnız xırda, bazar mühitində “şəriklər” olub ki, bu da sosializm cəmiyyətində qəbulolunmaz olub. Belə adamlara təhqir mənasında “bazar adamları” deyiblər. Bu gün yenə kiminsə kiməsə təhqir mənasında “bazar adamı”, “bazar təfəkkürlü” deməsi kommunist düşüncəsidi.

“Kişiyə yaraşan hərəkət etməyib”, “satqınlıq edib” düşüncəsi ilə futbol

Bəs sistemi kapitalizm (yaxud bazar iqtisadiyyatı) olan dövlətə səhmdar cəmiyyət kimi baxsaq, necə görünər? Burda da səhmdarlar xalqdı, sadəcə, fərq burasındadı ki, hər bir səhmdarın payı görünür. Bu pay seçkidə verilən səsdi. Hər bir yetkinlik yaşına çatmış vətəndaş bir paya sahibdi. Məsələn, Azərbaycan əhalisinin 18 yaşdan yuxarı hər bir vətəndaşı bu dövlətin səhmdarıdı və həmin vətəndaşların hərəsinin bir “səhm”i var. Bu səhm səsvermək hüququdu. Dövlətin “səhmdarları” - yəni seçicilər özlərinə “baş direktor” seçirlər ki, bəzi ölkələrdə bu prezident, bəzilərində isə baş nazir adlanır. Səhmdarlardan, yəni seçicilərdən ən çox səs alan şəxs onların “şirkət”ini, yəni dövləti idarə edir. Təbii ki, xalq ən yaxşı hesab etdiyini seçir ki, həmin o seçdikləri “baş direktor” onların, yəni dövlətin əmlakına nəzarət etsin, səhmlərinin dəyərini, yəni gəlirlərini artırsın. Bu baş direktor, yəni prezident, yaxud baş nazir səhmdarları - xalqı qane etmirsə, onda növbəti seçkilərdə digər, daha yaxşı hesab etdiyi adama etimad göstərir, səs verir.

Belə... Məncə, səhmdar cəmiyyətin nə demək olduğunun məğzini yuxarıdakı qeydlərlə izah edə bildik. Əlbəttə, səhmdar cəmiyyətin futbolla əlaqəsi barədə hələ heç bir qeydə rast gəlməməsi dəyərli oxucunu təəccübləndirə bilər, amma düşünürəm ki, yuxarıdakı qeydlər bundan sonra futboldan yazacaqlarımızı daha asan başa düşmək üçün zəruri edirdi.

Futbol klubu

İndi də gələk futbola, görək burda səhmdar cəmiyyət necə olmalıdı?

Futbol klubunda da vəziyyət yuxarıda müxtəlif biznes növlərindən gətirdiyim nümunələrdəkindən fərqli deyil. Yəni payçı bir də ola bilər, çox da...

Məsələn, hansısa bir klubun mövsüm ərzindəki büdcəsi təsdiqləndi və məlum oldu ki, 500 min manat xərc çıxacaq. Burda klubun bu xərclərini qarşılayacaq hər bir şəxs onun səhmdarına çevrilir. Onlar verdikləri məbləğə uyğun olaraq da müəyyən faiz səhm paketinin sahibi sayılırlar. Təbii ki, klubun hansısa gəliri olduqda da həmin gəlir səhmdarların pay faizinə uyğun şəkildə bölüşdürülür. Bu barədə yazının əvvəlində detallı izah edilib.

Öz pulu ilə klubu alan, yaxud yaradan bir nəfərdisə, o, avtomatik həmin klubun sahibinə, yəni səhmdarına çevrilir. Səhmlərin də 100 faizinə sahib olur. Bizdə əsasən belə olub. “Bakı”, “Xəzər Lənkəran” “Qarabağ”, “Qəbələ” və bir çox yaşayan, yaşamayan klublarımızı misal göstərmək olar. Amma bunun çox təhlükəli olduğunu acı təcrübə sübut edir. Bir çox klubumuzun dağılmasının əsas səbəbi təkhamilik olub. Sponsor çəkilib və... vəssalam. Günlərin birində yenə yaşayan klubların arxasından həmin o 100 faiz səhmə sahib payçı çəkilsə, nə olacaq? Cavaba ehtiyac yoxdu. Elə etmək lazımdı ki, sabah həmin o 100 faiz səhmə sahib tək payçı müflis olma və ya başqa bir səbəbdən oyundan çıxanda, klubun arxasından çəkiləndə komanda dağılmasın.

“Kişiyə yaraşan hərəkət etməyib”, “satqınlıq edib” düşüncəsi ilə futbol

Futbol klublarından səhmdar cəmiyyət kimi effektli istifadə etməyin ən yaxşı nümunələrindən biri Türkiyə klublarıdı. Türkiyə klublarında konqre adlanan səhmlərə sahib üzvlərin (türkcə üye) birliyi var. Bu konqre üzvlərinin hansı meyarlara görə seçildiyini dəqiq demək olmasa da, təxmin etmək olar ki, onlar müəyyən vəsait qarşılığında (başqa sözlə, səhm almaqla) bu konqreyə üzv olurlar. Bir məsələni də əlavə etmək lazımdı ki, hər əlində maddi vəsaiti olan, yoldan ötən konqreyə üzv ola bilmir. Klub qarşısında müəyyən xidmətləri olanlar konqre üzvü ola bilirlər. “Qalatasaray”da üzv sayı on min nəfərdən, “Fənərbaxça”da isə iyirmi min nəfərdən çoxdu. Həmin konqre üzvləri üç ildən bir səs vermə yolu ilə prezidenti seçirlər.
                                                                                                     * * *
Bizdə vəziyyət başqa cürdü. Çünki klublarımızın konkret səhmdarı kimdi, bilinmir - bir nəfərdi, beş nəfərdi - məlum deyil. Yalnız “Xəzər Lənkəran”, “Qarabağ” və bəlkə bir də “Qəbələ”nin konkret səhmdarlarını tanımaq olur. “Xəzər Lənkəran”da Mübariz Məsimov, “Qarabağ”da Abdulbari Gözəl, “Qəbələ”də isə Tale Heydərovu sahib olduqları klubun səhmdarı saymaq olar. Onlar klublarının səhmlərinin 100 faizinə sahibdirlər. Aydın məsələdi ki, bu klublar gəlirlə yox, ziyanla işləyirlər. Çünki bizim futboldan elə də ciddi gəlir yoxdu. Bilet satışı yox, reklamdan, teleyayımdan gəlir yox. Yalnız avrokuboklara çıxan klublar müəyyən gəlir götürür ki, o da xərcləri bağlamır. Bizim klublara bir biznes sistemi kimi baxsaq, onu gəlirlə işləməyən biznes kimi görmək olar: Milyonlarla xərc aparır, amma qarşılığında gəlir demək olar ki, yoxdu. Adətən biznesmenlər gəlirlə işləməyən “toçka”larını bağlayırlar. Biz “Xəzər Lənkəran” misalında buna şahid olduq. Düzdü, deyirlər ki, klubun fəaliyyəti dondurulub və səbəbi heç də maliyyə deyil. Amma hər halda, kapitalizmdə gəlirlə işləməyən biznes strukturunu qapatmaq, nə qədər ağır və çətin olsa da, ən düzgün addımdı. Düşünürəm ki, belə vəziyyətdə Türkiyənin aparıcı klublarının idarəetmə prinsipi ilə maraqlanmaq, onların səhmdar cəmiyyət kimi necə fəaliyyət göstərdiyini öyrənmək, təcrübəsindən yararlanmaq lazımdı.

“Kişiyə yaraşan hərəkət etməyib”, “satqınlıq edib” düşüncəsi ilə futbol

Ümumiyyətlə, klubun xərci bir manat deyil, beş manat deyil. Varlı adamlarımız da elə çox deyil ki, gəliri olmayan sahəyə pul yatırmaq kimi işlə məşğul olsun. Çox az adam bu işin arxasınca düşər, düşənlərin də əksəri müəyyən dövrdən sonra onu yarımçıq buraxar, vaxtını və pulunu apardığına görə. Gözümüzün qabağında onlarca, bəlkə də yüzlərcə bu cür xoş olmayan nümunələr var. Bu səbəbdən də, kimsə bu istiqamətdə nə isə etmək istəyirsə, ona dəstək olmaq lazımdı. Ki, bəlkə biz də klubların gəlirlə işləyən biznes strukturuna çevrilməsinin yollarını tapa bilək.

Rasim Karanı “satqın” çıxaranlar

Təxminən belə... bu sahədə xırdalıqlar çoxdu. Səmimi olsam, mənim özümün də səhmdar cəmiyyətlər barədə elə geniş məlumatım yoxdu. Çünki biz də sovet cəmiyyətindən, onun təhsil sistemindən bəhrələnən adamlarıq və praktiki bu işlə tanış deyilik.

Klubları səhmdar cəmiyyətə çevirmək üçün bu sahəni araşdırıb, yaxşı öyrənərək, tətbiq etmək mümkündü. Xaricdə oxuyan tələbələrimiz var, onlara təhsil aldıqları ali məktəblərdə bunları öyrədirlər. Yaxud xaricdə biznesi olan sahibkarlarımız var, onlar da bu işi yaxşı bilərlər. Və ya iqtisadiyyatı dərindən bilən savadlı mütəxəssislərimiz var, onlardan bu barədə ətraflı məlumat toplamaqla bunu futbola tətbiq etmək olar. Bütün bunlar mümkündü.

Amma bir məsələ var ki, onu dəqiq başa düşməsək, heç nə mümkün olmayacaq: kapitalizm (bazar iqtisadiyyatı) quruluşunda yaşayıb, məsələlərə sosialist təfəkkürü, düşüncəsi ilə yanaşmaqla heç bir şeyə nail olmaq mümkün deyil! Bu nə deməkdi? Ətraflı baxaq:

Biz sovet sistemində yaşamışıq. Burda səhmdar yalnız bir şəxs olub. Həmin şəxs dövlətin özü idi. Bu sistemdə yaşadığımız uzun müddət ərzində dövlət özü vətəndaşlarını işlə, evlə təmin edib. Onun bütün qayğılarını tək qarşılayıb. Bunu ona görə edə bilib ki, iqtisadiyyatın tək sahibi özü olub. Biz bu gün də yenə dövlətdən gözləyirik ki, hər işi o görsün - bizə iş, dolanışıq, pulsuz ev versin. Bunu istəyiriksə, o deməkdi ki, keçmiş SSRİ-də olduğu kimi, sosializm sistemində yaşamaq istəyirik. Onda bütün biznes nöqtələri, şəbəkələri sahibkarlardan alınıb dövlətə verilməlidi. Dövlət də hər şeyin sahibi olmalı və pulu, maliyyəni də özü ayırmalıdı. Amma sovet dövrünün təcrübəsi göstərdi ki, insanlar bu sistemdə tənbəlləşdilər, işlərini keyfiyyətsiz gördülər və bununla da, sistemin yararsız olması düşüncəsinə, qənaətinə gəlməyə şərait yaratdılar. Nəticədə bu sistem davam gətirmədi və çökdü, yaxud çökdürüldü.

İndi biz kapitalizmdə yaşayırıq. Bu sistemə keçmişiksə, mülkiyyət keçməlidi xalqa və xalqın nümayəndələri olan ayrı-ayrı iş adamlarına. Təbii ki, hansısa strateji əhəmiyyəti olan sahələr dövlətdə qalmalıdı. Məsələn, neft. Aydın məsələdi ki, “qara qızıl” strateji məhsul olduğundan, onu özəlləşdirmək olmaz. Çünki həmin o strateji məhsul hansısa bir xarici biznesmenin əlinə keçər və o istənilən vaxt dövləti özündən asılı vəziyyətə sala bilər. Ona görə də, neftin dövlətdə qalması zənnimcə, düzgün addımdı, ancaq bir şərtlə ki, tamamilə unudulsun. Norveçdəki kimi, pullar neft fonduna toplanıb, gələcək nəsillər üçün saxlanılsın. Büdcə isə inhisardan azad olmuş biznesdən toplanan vergilər hesabına dolsun.

Soruşa bilərsiz ki, bunun futbola nə kimi faydası olacaq? Deyim... Büdcə vergilər hesabına tam dolarsa, bu ölkədə çoxlu sayda, minlərlə, on minlərlə azad sahibkarın olmasına şərait yaradacaq. Bu sahibkarların arasından da populyar idman növü olan futbola azarkeşlik edənlər, bu sahəyə yatırım edənlər tapılacaq. Onların yatırımları, aldıqları səhmlər klubların yaşamalarına, müstəqil fəaliyyət göstərmələrinə, qüvvətlənmələrinə şərait yaradacaq. Bu isə öz növbəsində uğurlu nəticələr, azarkeş dolu tribunalar deməkdi. Hər halda, bunlar utopiya deyil, dünyada sınaqdan çıxarılmış real bir layihədi.

Aydın məsələdi ki, sosializm sisteminə qayıtmaq bu gün inandırıcı görünmür. Əvvəla, beynəlxalq güclər buna imkan verməzlər, ikincisi də, bazar iqtisadiyyatını da sınaqdan çıxarmaq lazımdı, olduğu kimi. Biz bu sistemi dərindən, məğzini, mahiyyətini başa düşməliyik. Sovet dövründə qəbul olunmayan, hətta təhqir mənasında işlədilən “bazar adamı” kimi ifadələr günümüzdə də deyilir. Amma əslində, başa düşmək, bunu birdəfəlik qəbul etmək lazımdı ki, indi hamı bazar adamıdı və burda pis heç nə yoxdu. Tanışlığa, dostluğa iş görmək bazar qanunlarına ziddi. Bunlar sosializmdən qalmadı. Ya biz sosializmə qayıdıb bir-birimiz üçün hörmətə, marça-murça iş görməliyik, ya da bazar iqtisadiyyatına keçməliyik. Bunun üçün isə təkrar yazıram, bazar iqtisadiyyatının məğzini, mahiyyətini başa düşmək lazımdı. Məğz, mahiyyət isə ondan ibarətdi ki, burda hər şeyi satılır və alınır. Burda hansısa mənəvi dəyər yoxdu. Yalnız qanunlar var. Bazar qanunları! Burda yalnız şəxsi maraqlar hökm sürür. Əvvəlcə biz bunu qavramalıyıq, dərk etməliyik.

“Kişiyə yaraşan hərəkət etməyib”, “satqınlıq edib” düşüncəsi ilə futbol

Daha aydın olmaq üçün misallarla baxaq. Həm də futboldan yazdığımızdan, bu sahəyə aid nümunəni nəzərdən keçirək:

Təxminən ilyarım öncə xorvat mütəxəssis İqor Tudorun “Karabükspor”dan “Qalatasaray”a keçməsi hadisəsini Türkiyə futbolu ilə maraqlananlar xatırlayar. Həmin vaxt Tüdor Karabük klubunda yaxşı işlər görürdü və o qədər də güclü olmayan heyətə rəğmən, bu komanda ilə böyük klublara, o cümlədən “Qalatasaray”a qalib gələ bilmişdi. Buna görə də, rəhbərlik onu buraxmaq istəmirdi. Amma Tudorun Karabük klubu ilə müqaviləsində göstərilmişdi ki, cüzi təzminatla (səhv etmirəmsə, 500 min dollar) sərbəst qala bilər. “Qalatasaray” rəhbərliyi də bundan istifadə etdi və həmin o cüzi təzminatı ödəyərək, Tudoru “Karabükspor”un əlindən demək olar ki, güclə qopardı. Təbii ki, Karabük klubunun rəhbərliyi bunu etirazla qarşıladı. Amma “Karabükspor”un başqanının “Qalatasaray” rəhbərliyinin atdığı addıma (Tudorun alınmasına) “bu, etik hərəkət deyil” münasibətini bildirməkdən başqa əlindən bir iş gəlmədi.

“Kişiyə yaraşan hərəkət etməyib”, “satqınlıq edib” düşüncəsi ilə futbol

Etik hərəkət, etika - bu, mənəvi dəyərdi, amma qanun deyil. Mənəvi dəyər qanunla tənzimlənmirsə, bu, kapitalizmdə işləmir. Bu cəmiyyətdə qanunlar işləyir. Tudorun müqaviləsindəki “500 min qarşılığında sərbəst qalma” bəndi qanundu, hüquqi sənəddi. Və “Qalatasaray” bundan istifadə etdi. “Etik deyil” ifadəsini deyən başqanı isə mütəxəssislər qeyri-peşəkarlıqda qınadı. Bu həm də kapitalist ölkəsinin hadisəyə münasibəti idi.

Bənzər hadisəyə fərqli münasibət də ola bilər. Ancaq fərqli cəmiyyətdə. Təxminən 10 il öncə Rasim Karanın “Qarabağ”dan “Xəzər Lənkəran”a keçməsini hamı xatırlayar. Həmin vaxt mətbuat Rasim Karanı yıxıb-sürüdü ki, “kişiyə yaraşan hərəkət etməyib”, “satqınlıq edib” və s. Belə baxanda, türkiyəli mütəxəssis hüquqi baxımdan hansısa bir suç işləməmişdi. Oyunçu potensialı yüksək yerlər tutmağa imkan verən başqa bir kluba keçmişdi. Çox güman ki, “Qarabağ”la müqaviləsi də buna imkan verirdi. Əks təqdirdə, “Qarabağ” rəhbərliyi UEFA-ya şikayət edərdi. Yəni bu hadisə mahiyyətcə Tudorun “Qalatasaray”a keçməsinə bənzər hadisə idi. Hər iki halda rəhbərlik məşqçini buraxmaq istəmirdi. Fərq isə yalnız mətbuatın münasibətindədi. Kapitalist mətbuatı məsələnin hüquqi tərəfini qabardıb, məşqçini əldən verən rəhbərliyi qınadı, sosialist “şinel”indən çıxan Azərbaycan mətbuatı isə mənəvi tərəfləri qabardıb, klubunu dəyişən məşqçini “baltaladı”.

“Kişiyə yaraşan hərəkət etməyib”, “satqınlıq edib” düşüncəsi ilə futbol

Ən maraqlısı bilirsiz nədi? Həmin o mənəvi məsələləri qabardan adamlardan soruşsaz, əvvəl yaşadıqları cəmiyyətə (sosializmə) nifrət etdiklərini deyəcəklər. Amma özləri köhnə cəmiyyətin dəyərlərini qabardırlar. Bax, biz bunu başa düşməliyik.

Biz yuxarıdakı misallarla mənəvi dəyərlə qanunun fərqini göstərməyə çalışdıq. Birinci növbədə bu psixoloji xırdalığı başa düşməli, dərk etməliyik. Bir çox insanın kapitalizmi arzulayıb, mənəviyyatdan danışması çox qəribə görünür. Kapitalizm uğrunda çalışan bir çox tanınmış simaların bu quruluşu arzulayıb özlərini kommunist kimi aparmalarını görəndə, məlum olur ki, kapitalizm tam mahiyyəti ilə çox adamımıza aydın deyil. Bax, əsas problem də bundadı.
                                                                                                     * * *
Klubu səhmdar cəmiyyətə çevirmək üçün səhmdarlar olmalıdı. Səhmdar isə əlində artıq pulu-parası olan adam ola bilər. Əldə pul-para olmaq üçün hansısa gəlirin olmalıdı. Gəlirin olması üçün isə hansısa biznesin sahibi olmalısan. Biznes sahibi olmaq üçünsə bazar iqtisadiyyatında (kapitalizmdə) yaşamalı və bunun mahiyyətini başa düşməlisən.

Bu qədər sadə...

Vüqar Məmmədov

 

 

komanda.az

XƏBƏR LENTİ