BATE-nın baş məşqçisi: "Qarabağ"ı keçməsək, bizim üçün sürpriz olacaq"

Sayta qoyulub: 17:56 06.08.2018 (306 dəfə oxunub)

BATE-nın baş məşqçisi: "Qarabağ"ı keçməsək, bizim üçün sürpriz olacaq"
 

“Qarabağ” təcrübəli və güclü komandadır.  Rəqibin Çempionlar Liqası təcrübəsi var”. Bu sözləri BATE klubunun baş məşqçisi Aleksey Baqa deyib. 

Belarus klubu Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ”ın qonağı olacaq. 

37 yaşlı mütəxəssis oyundan bir gün öncə keçirilən mətbuat konfransında fikirlərini bildirib: “Kiminlə oynadığımızı yaxşı bilirik. Komandaya Qurban Qurbanov kimi baş məşqçi rəhbərlik edir.  Ancaq şansları bərabər sayıram”.

- Azərbaycana səyahət komandaya nə dərəcədə təsir edəcək?

- Avrokuboklarda iştirak edən komandalar istənilən ölkəyə səfər etməyə, sıx qrafikə hazır olmalıdır.  Bu, normal hadisədir. Səfərlər uzun olur, lakin bu, komandaya təsir etməyib.

- “Helsinki” ilə oyunlar BATE üçün çətin olmuşdu. Oyuna yaxşı hazırlaşmamışdınız, yoxsa komandanızın olanı budur?

- Dediyinizin heç biri. Rəqib güclü idi. İlk oyunda imkanlarımız olsa da, fərqlənə bilmədik.  Cavab oyununda isə istədiyimizi etdik.

- “Qarabağ”ın kapitanı Rəşad Sadıqov bildirib ki, ilk oyunun Bakıda keçirilməsi BATE-nin xeyrinədir. Bu fikirlə razısınız?

- Bu barədə danışmaq çətindir.  Çünki çox vaxt ilk oyunlarda uğurlu nəticə göstərə bilməmişik.  “Qarabağ”ın kapitanı təcrübəli futbolçudur, onun fikirlərinə hörmət edirik.

- “Qarabağ” ötən il qrup mərhələsində iştirak etdi. Komandanın hansı oyunlarını izləmisiniz?

- Qrupdakı bütün oyunları izləmişəm. Bu, bizim işimizdir.

- Həmin oyunlardakı hansı “Qarabağ”la oynamaq istərdiniz?

- Bu suala cavab vermək çətindir. Çünki komanda böyük iş görüb. “Qarabağ” belə oyunlara yaxşı hazırlaşır.  

- “Qarabağ”la bağlı PRO kurslarında iştirak etdiyiniz Aftandil Hacıyev və Ayxan Abbasovdan məsləhət almısınız?

- Təbii ki, əlaqə saxlamışam. Amma bu, futbolla bağlı deyildi. 

- Bakıda sizi hansı nəticə qane edir?

- İstənilən yaxşı nəticə bizi qane edəcək.

- “Qarabağ”ı keçməsəniz, bu, sizin üçün faciə olacaq?

- Maksimum nəticə əldə etməyə çalışacağıq. Əlbəttə, keçməsək, bizim üçün sürpriz olacaq. 

- Növbəti mərhələdə PSV ilə qarşılaşacaqsınız. Bu, komandanın motivasiyasına təsir etməyəcək?

- Bu haqda danışmaq çox erkəndir.  Yalnız “Qarabağ”la oyunlar haqda düşünürük.

XƏBƏR LENTİ