"Neftçi"nin futbolçusu zədəsini sağaldıb

Sayta qoyulub: 14:38 02.08.2018 (81 dəfə oxunub)

Avropa Liqasının birinci təsnifat mərhələsində Macarıstanın "Uypeşt” klubu ilə ilk oyunda zədələnən "Neftçi” klubunun futbolçusu Namik Ələskərov zədəsini sağaldaraq fərdi məşqlərə başlayıb.

23 yaşlı yarımmüdafiəçi bununla bağlı klubun rəsmi saytına açıqlama verib: "Fərdi məşqlərə başlamışam. Çox şadam ki, bərpa prosesi gözlədiyimizdən daha tez gedir. Artıq 3-4 günə komanda ilə məşqlərə qoşulacam. Sözün düzü, buna ümid etsəm də, gözləmirdim. Amma sağ olsun həkimlər, əllərindən gələni etdilər ki, çempionatın startınadək hazır olum”.

Futbolçu yaşıl meydanlara dönüşünü səbirsizliklə gözlədiyini bildirib: "Komandaya kənardan baxmaq və kömək edə bilməmək çox ağırdır. Odur ki, dönüşümü səbirsizliklə gözləyirəm. Bu müddətdə mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Doğma azarkeşlərimizin gözləri önündə növbəti oyuna çıxmağı çox istəyirəm”.

Qeyd edək ki, həmin qarşılaşmada Namik Ələskərovun sol dizində ön çarpaz bağ gərilmiş və hissəvi qopma olmuşdu.

XƏBƏR LENTİ