“Emeqara belə oynasa, başqa hücumçuya ehtiyac olmayacaq” – Rəşad Sadıqov

Sayta qoyulub: 07:45 02.08.2018 (204 dəfə oxunub)

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Kukesi” ilə cavab oyunundan (3:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli müdafiəçi əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bildirib.

- Albaniyadakı oyunla Bakıdakını necə müqayisə edərdiniz?

- Fərq ondadır ki, birincini səfərdə oynadıq, ikincini isə evdə. Belədə hər iki komandanın fərqi hiss olunur. Doğma azarkeşlərin önündə meydana çıxanda az da olsa, psixoloji üstünlük olur. O ki qaldı oyuna, pis alınmadı. Çoxsaylı hücumlar qurduq. Planlaşdırdığımız hər şey olmasa da, əsas şeylər alınırdı. Bu da sevindirici amildir.

- “Kukesi” oyun ərzində sizi elə də ciddi narahat edə bilmədi. Sanki meydanda çox rahat idiniz...

- Təbii, bu, “Qarabağ”ın üstün oyunu idi ki, onlar bizi narahat edə bilmədilər. Amma yenə də tam istədiyimizi gerçəkləşdirə bilmədik. Rahat olmağımıza gəlincə, mən belə deməzdim. Açığı, üzərimizdə böyük təzyiq var idi. Hərdən elə oyunlar olur ki, onları udmağa borclusan. Matçdan öncə istər futbol ictimaiyyətimiz, istər azarkeşlərimiz, istərsə də özümüz olaq, hiss edirdik ki, bu oyunu mütləq udmalıyıq və bu, bizə çox mane olurdu. Ən çox narahat edən məqam da o idi ki, uduzmaq kreditimiz yoxdur. Şükürlər olsun ki, bu gün səhv etmədən istədiyimiz nəticəni qazandıq.

- Emeqara oyun ərzində komandaya 3 penalti qazandırdı. Onun çıxışını necə dəyərləndirərdiniz?

- Emeqaranın bu səviyyədə oynaması məni yaxşı mənada təəccübləndirdi. Son oyununu 4 ay bundan qabaq oynamışdı. Aprelin əvvəlində zədələnmişdi. Amma məşqlərdə özünü yaxşı tərəfdən göstərdiyi üçün Qurban müəllim ona güvəndi. Futbolçu da baş məşqçinin etimadını doğrultdu.

- Emeqara axtardığınız hücumçudur?

- Belə oynasa, başqa axtarışa ehtiyac olmayacaq.

- Oyunun sonlarında əvəzlənməyi özünüz istədiniz?

- Bəli, özüm istədim. Bir az yorğunluq və ayağımda ağrı var idi. Risk etmək istəmədim.

- Növbəti mərhələdə rəqib Belarusun BATE klubu olacaq. Bu komanda ilə bağlı nə düşünürsünüz?

- BATE təcrübəli komandadır. Son illərdə avrokuboklarda uğurlu çıxış edirlər. Düşünürəm ki, gərgin şəraitdə keçən 2 oyun izləyəcəyik.

- BATE-nin HİK-lə ilk oyununu izləmisiniz?

- Xeyr. Heç bir məlumatım yoxdur.

- Əvvəlki illərə baxanda komanda bir qədər zəifləyib. Bunu “Qarabağ” üçün üstünlük saymaq olarmı?

- İnanırsınız, meydanda bu amillərin heç biri rol oynamır. Meydanda hər şey ola bilər. Onların ustalığı, təcrübəsi var. Bizi oyunun içində nə gözlədiyini bilmirik.

- İlk oyun Bakıda olacaq. Bu, adətən bizim komandalar üçün bir qədər uğurlu olur...

- Bəli, psixoloji cəhətdən üstünlük olur. Amma futboldur, ilk oyunu evdə oynasaq da, ehtiyatlı olmalıyıq. Evdə buraxılan qol, yaxşı olmayan nəticə cavab matçında işi çətinləşdirir.

- Artıq 4-cü matçdır ki, Mahirin oyunu alınmır. Bu gün də 2 real qol epizodundan yararlana bilmədi. Bundan sonra sanki siz də şoka düşdünüz. Onun həm də U-21-də baş məşqçisisiniz. Mahirdə nə çatışmır?

- Tam əksi, Mahirin oyunu bu gün çox yaxşı alındı. İlk oyundan sonra xeyli analiz aparmışdıq. Bu gün müdafiənin arxasına atılan toplara yaxşı açıldı. Düşüncəsi də pis deyildi, hər iki epizodda topu uzaq küncə vurdu, amma texnikada bir balaca yanlışlıq oldu. Bu da zamanla düzələn şeylərdir.

- İnsanlarda belə bir fikir yaranıb ki, Mahirdə inkişaf getmir...

- O fikirlərlə razı deyiləm. Bu yaşda futbolçularda eniş-yoxuşlar olur. Onda “ulduz xəstəliyi” hiss etməmişik. Hiss etsək, özü ilə danışıb tədbir görərik. Öz üzərində işləyir, çalışır. Bu gün qol epizodlarından yararlana bilməyəndə pis olurdu. Əsas belə şeyləri etməməlidir. Əksinə, daha da güclü olmalıdır. Bu gün alınmırsa, sabah üçün çalışmaq lazımdır.

XƏBƏR LENTİ