Qurban Qurbanov: “İstənilən sürprizə hazır olmalıyıq”

Sayta qoyulub: 18:27 31.07.2018 (188 dəfə oxunub)

Qurban Qurbanov: “İstənilən sürprizə hazır olmalıyıq”
 

 “Çox vacib oyuna çıxacağıq. Səfərdən heç-heçə ilə qayıtsaq da, arxayınlaşmamalıyıq”. Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində öz meydanında “Kukesi”ni qəbul edəcək.

Oyundan bir gün öncə keçirilən mətbuat konfransında iştirak edən mütəxəssis fikirlərini bildirib: “Həddindən artıq ehtiyatlı olmaq lazımdı. Səbrli olmalı və tələsməməliyik. Hər epizodu düzgün dəyərləndirməyə çalışacağıq. Futbolçularımız oyuna hazırdırlar. Rəqib də inamlıdır, oyuna ciddi hazırlaşıb.Hər bir halda, sərfəli nəticə qazanmağa çalışacağıq”.

- Adətən ilk oyundan sonra rəqib haqda məlumat topladığınızı deyirsiniz.  “Kukesi” haqda hansı məlumatlara maliksiniz?

- Demək olar ki, rəqibi tam yaxından tanıyırıq. Bizimlə oyuna fərqli sistemdə çıxdılar. Sabah da dəyişiklik edə bilərlər. Düzdü, ciddi dəyişikliklər gözləmirəm. Amma istənilən sürprizə hazır olmalıyıq.

- Onların futbolçuların rəqib haqda müsbət fikirlər səsləndirir, “Qarabağ”ı keçmək istədiyini vurğulayırlar. Bu, oyunçulara təsir edə bilməz?

- Yüz faiz ola bilər. Futbolçularımıza hər gün rəqib haqda məlumat veririk. Rəqibin açıqlamaları bizə təsir etməməlidir. Düzdü, onların fikirləri bizə siqnal verir və bunlara hazır olmalıyıq.

- Delarj və Emeqara sabahkı oyuna hazırdırlar?

- Onlar ideal formada deyillər. Ən azından, biri start heyətində oynaya bilər.

- İlk oyunda uzaqdan zərbələrdən istifadə etmədiniz, buna rəqibin müdafiə xətti imkan vermədi.  Sabahkı oyunda hücumda effektli olmaq üçün nə düşünmüsünüz?

- Son vaxtlar avtobus qurma dəb halına düşüb.  Mən belə şeylərə önəm vermirəm.  Hər rəqib öz rəqibinə fərqli yanaşır.  Əgər bu üslubu seçirlərsə, hücumlarımızın qarşısını almağı da düşünürlər.  Hər bir halda, bunun bizim üçün əhəmiyyəti yoxdur, öz hücumlarımızı edəcəyik.  Düşünürəm ki, qol vurmaq üçün çox imkanımız olacaq. Əsas isə, qol buraxmamaq haqda düşünməliyik.  Qol vurmaq haqda düşünsək, müdafiədə səhvlər edə bilərik. 

- Rəqibin baş məşqçisi oyunu əlavə vaxtlara aparmaq istəyir. Bəs siz?

-Əlbəttə, oyunun nəticəsini ilk 90 dəqiqədə müəyyənləşdirmər istəyirik. Mən hər bir rəqibin fikirlərinə müsbət yanaşıram. Ola bilər ki, futbolçularını belə motivasiya edir. Əsas məsələ odur ki, oyunun taleyi həll olunmalıdır. İnanıram ki, istədiyimiz futbolu oynaya biləcəyik.

- Qol vurmaq istəyiniz alınmır. 3 oyunda 1 qol vurmağınız sizi narahat etmir?

- Sizcə, etmir? Bunun üçün addımlar atırıq. Bu amil məni narahat edir. Ümumiyyətlə, belə turnirlərdə qol sayı az olur. Ancaq yenə də qol vurmaq haqda daha çox düşünürük.

- Abdellah Zubir oynamağa hazırdır?

- 3 gündür komanda ilə məşq edir. Sabah səhər məşqimiz olacaq və bundan sonra “11-lik” barədə qərar verəcəyəm. 

XƏBƏR LENTİ